Zərərçəkənlər qarşılaşdıqları bürokratik əngəllərdən beziblər
"Sevil” massivində torpaq sahəsi alanların pulları qaytarılmır. Məlumdur ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi "Sevil” massivi ilə bağlı korrupsiya halları aşkarladığından ərazidə alqı-satqı və tikintilər dayandırıldı. Vətəndaşlara dəymiş ziyanın ödənməsi isə Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə tapşırılıb.
Zərərçəkənlərin dediyinə görə, camaatın pulunu qaytarmayan məhz bu idarədir. Dünən redaksiyamıza zərərçəkənlərdən biri - Şıxəliyeva Arzu müraciət edib. Zərərçəkənin dediyinə görə, adıçəkilən nümayəndəliyin əməkdaşı Fikrət Orucov artıq neçə aydır ki, insanları get-gələ salır.
A.Şıxəliyevanın sözlərinə görə, 2013-cü ilin martında "Sevil” massivindən 3 sot torpaq sahəsi alıblar. Alıcı ilə müqavilə həmin il aprel ayının 1-də vətəndaş Səbinə Əliyeva arasında bağlanıb.
İlkin ödəniş olaraq 2 min AZN edilib. 3 sot torpaq sahəsi üçün A.Şıxəliyeva 19.200 manat ödəməliymiş. Bu məbləğ 4 il ərzində ayda 360 manat olmaqla ödənməliymiş. Aprel ayından etibarən ödəniş edilməyə başlanıb. Təxminən 1 il 4 aylıq ödəniş edilib. Korrupsiya İdarəsi qanunsuzluqları aşkarladıqdan sonra isə bütün müqavilələr qüvvəsini itirib və idarə tərəfindən nümayəndəliyə göndərilmiş faksda vətəndaşların pulunu qaytarmaq tapşırılıb. Amma artıq 4 aydır ki, nümayəndəlik insanları get-gələ salıb, onların pulunu qaytarmır. Nümayəndəliyin bu işə məsul etdiyi şəxs - Fikrət Orucov pulunu tələb edən vətəndaşlara hansısa başqa ərazilərdə torpaq sahəsi təklif edir. Pulunun ardınca gələnləri notariat kontoruna göndərir. Həm də hər kəsi fərqli-fərqli vaxtlarda. Zərərçəkən bu fikirdədir ki, şikayətçiləri müxtəlif vaxtlarda notariat kontoruna göndərməklə F.Orucov onların biri-birilə üzləşməsinin qarşısını alır ki, məlumatsız olsunlar. Notariat kontorunda isə "məgər biz pul paylayanıq” deyib şikayətçiləri geri qaytarırlar. A.Şıxəliyeva deyir ki, ona 7 min AZN pul qaytarılmalıdır. "Elə adamlar var ki, 70 min manatlarını itiriblər. Külli miqdarda ödəmə edənlər var. Heç kimin pulu qaytarılmır. Adamları bezdirirlər. Niyə bizə pul əvəzinə torpaq təklif edilir? Havayı torpaq sahəsi hardandır ki, F.Orucov camaata torpaq paylayır? Bəs bizim ödədiyimiz pullar hardadır? Prokurorluq qərar çıxarıb ki, vətəndaşların pulu ödənsin. Amma bunlar camaatın puluna sahib çıxdıqlarından vaxtı uzadırlar”.
Haqlı olaraq pullarını tələb edən zərərçəkənlər qarşılaşdıqları bürokratik əngəldən beziblər. A.Şıxəliyeva respublikanın baş prokuroruna teleqram vurduğunu dedi və əlavə etdi ki, əgər qısa zamanda vəsaitləri qaytarılmasa, Prezidentə müraciət edəcəklər.
Məlahət Rzayeva