Sevinməyə tələsməyək

Noyabrdan sonra neftin qiyməti dəyişə bilər
"ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri neft bazarında qiymətin necə dəyişəcəyinə birbaşa təsir göstərəcək"


"Brent” markalı neftin bir barelinin qiyməti son 4 ilin maksimumuna çatıb. "Qara qızıl”ın qiyməti Çin şirkətlərinin ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların iştirakçısı olacağı ilə bağlı çıxan xəbərlər fonunda yüksəlir.

İqtisadçı Vüqar Bayramov da hesab edir ki, son qiymət artımları İrana qarşı tətbiq edilən sanksiyalar fonunda OPEC+ formatının son toplantıda hasilatının daha da artırılması ilə bağlı razılıq əldə edə bilməməsi ilə əlaqədardır: 

"Eyni zamanda, sentyabrda hasilatı avqust ayı ilə müqayisədə kəskin artıracağı ilə bağlı vədlərinə baxmayaraq Səudiyyə Ərəbistanı neft ixracatını gündəlik cəmi 50 min barel artırıb. Bu müddətdə OPEC ölkələri üzrə ümumi gündəlik artım cəmi 90 min bareldir. Bu isə karterin sentyabr ayında gündəlik 32.85 milyon barel neft hasil etməsi deməkdir. Digər tərəfdən, İran və Veneseulada neft ixracatı azalmaqdadır. İranın neft ixracatında ötən ay gündəlik 100 min barel azalma qeydə alınıb. Bu isə o deməkdir ki, İrana tətbiq edilən genişləndirilmiş sanksiyalar fonunda neftə olan qlobal tələbi tam ödəməkdə çətinliklər qalmaqdadır. Bu isə neftin qiymətindəki artımları şərtləndirir. Tramp Administrasiyası isə hələlik neftin qiymətindəki artımları əngəlləməkdə maraqlı görsənmir. Əslində, ABŞ İrana yeni sanksiya tətbiq etməklə qiymət artımlarını təşviq edib”.

V.Bayramovun sözlərinə görə, mövcud ssenarilərə uyğun olaraq neftin qiyməti noyabrın 5-dən sonra İrana tətbiq edilən sanksiyaların ikinci mərhələsindən asılı olacaq: "ABŞ İrandan neft idxal edən ölkələrə sanksiya tətbiq edərsə, o zaman neftin qiymətində yeni sıçrayış ola bilər. Bu, dünya bazarından gündəlik 1.1 milyon barel neftin çəkilməsi deməkdir. Bununla belə, orta və uzunmüddətli dövr üçün neft bazarında yüksək qiymətlər proqnozlaşdırılmır. Güman olunur ki, dekabrdan başlayaraq OPEK bazara daha çox neft çıxara biləcək və bu da tələbin tənzimlənməsinə imkan verəcək. Digər tərəfdən, noyabrda ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri neft bazarında qiymətin necə dəyişəcəyinə birbaşa təsir göstərəcək”.

Yüksək neft qiymətləri fonunda manatın möhkəmlənmə ehtimalına gəldikdə isə ekspert deyib ki, manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır: 

"Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamağa çalışır. O baxımdan, neftin qiymətinin yüksək olmasına baxmayaraq manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır”.

Şəymən