Şəxsi evdə yerləşən məktəbin fəaliyyəti dayandırılmayacaq

Ancaq təmir məqsədilə maliyyə vəsaiti ayrılması mümkün deyil



Siyəzən rayonunun Qala-Altı kəndində şəxsi evdə ibtidai məktəb fəaliyyət göstərir. Bu təhsil ocağı şəxsi evin birinci mərtəbəsində yerləşir və cəmi bir otaqdan ibarətdir.

İbtidai məktəb uzun illərdir fəaliyyət göstərir. Məktəbin bu yaxınlara qədər döşəmə və tavanı təmirsiz olub. Valideynlərin dediyinə görə, ev sahibi usta olduğu üçün o, özü döşəmə və tavanı təmir edib.

Şəxsi evdə yerləşən bu 4 illik məktəbdə 8 şagird təhsil alır, 2 qadın müəllim işləyir. Müəllimlərdən biri həm də direktordur. İbtidai təhsil bitdikdən sonra uşaqlar digər kənddə - Məşrif kəndində yerləşən tam orta məktəbə getməyə məcbur olurlar.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorundan isə "Şərq”ə bildirilib ki, həmin ibtidai məktəb 1992-ci ildən fəaliyyət göstərir: "Bu məktəblə ona ən yaxın olan Məşrif kənd tam orta məktəbi arasındakı məsafə 2 km təşkil edir. Bu səbəbdən də kiçikyaşlı uşaqların həmin məktəbə gedib-gəlmələri mümkünsüzdür”.

İbtidai təhsil müəssisəsinin bundan sonrakı taleyinə gəlincə, TN tərəfindən məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmayıb: "Siyəzən rayon təhsil şöbəsinin məlumatına görə, sinif otağının təmiri üçün müvafiq tədbir görüləcək. Lakin ibtidai təhsil müəssisəsi şəxsi evdə yerləşdiyindən təmir məqsədilə maliyyə vəsaiti ayrılması mümkün deyil”.

Vüqar Şahinoğlu