Şəhid ailələri haqlıdır, amma problem həll olunmayıb
Gələn həftə ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ailə üzvləri Milli Məclisin (MM) qarşısında növbəti etiraz aksiyası keçirəcəklər. Onlar dövlət icbari sığorta pulunun verilməsini tələb edəcəklər. Etirazçılar iddia edirlər ki, atəşkəs dövründə şəhid olanların ailələrinə sığorta pulu verilsə də, Qarabağ müharibəsinin qızğın çağında həyatlarını itirənlərin yaxınları prosesdən kənarda qalıb.
Dövlətin sosial müdafiəsinə ehtiyacı olan vətəndaşların sözlərinə görə, parlament üzvləri onlarla görüşərkən vəd veriblər ki, tezliklə bu məsələ MM-in gündəliyinə salınacaq və həll edilməsinə çalışılacaq. Şəhid ailələri hesab edirlər ki, onlara sözügedən ödənişin verilməsi üçün hüquqi əsas var. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanununa əsasən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min manat dövlət icbari sığorta ödənilməlidir. "Silahlı Qüvvələrin Veteranları” İctimai Birliyinin məlumatına görə, təkcə 1988-1994-cü illər ərzində Qarabağ müharibəsi ərəfəsində və müharibə dövründə Vətənimizin ərazi bütövlüyü uğrunda 18 minə qədər şəhid verilib. Şəhidlərin 4600-ü evli olub.
Məlumat üçün bildirək ki, şəhid ailələri bundan öncə Prezident Administrasiyasının və "Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin qarşısında nümayişlər keçiriblər. "Azərsığorta”dan şəhid ailələrinə bildirilib ki, həmin ödənişin həyata keçirilməsi MM-dən asılıdır. Məhz bu səbəbdən onlar növbəti yürüşü parlamentin qarşısına təyin ediblər.
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında qeyd edib ki, şəhid ailələri ötən ilin dekabrında parlamentin qarşısına yığışmışdılar. Rəhbərliklə də görüşdülər. Və onlara vəd verildi ki, problem həllini tapacaq: "MM-də də rəhbərlik səviyyəsində vurğulandı ki, məsələ baxılması üçün Nazirlər Kabinetinə göndərilib. Bu, parlamentin səlahiyyətinə aid məsələ deyil. Amma təəssüf ki, indiyə qədər problem aradan qalxmayıb. Söz yox ki, vətəndaşlar iddialarında haqlıdırlar. Biz millət vəkili olaraq məsələni gücümüz çatan səviyyədə qaldırdıq. Bunun həllinin vacibliyini qeyd etdik. Bundan o tərəfə gücümüz çatmır. Artıq müvafiq qurumlar qərar qəbul etməlidirlər. Dövlət bu işi nəzarət altına götürüb yoluna qoymalıdır”.
Millət vəkili Vahid Əhmədov söyləyib ki, məsələyə baxılır: "Cənab sədr son iclasda məlumat verdi ki, göndərilən bütün şikayətlərə baxılır. Nəticə barədə əhaliyə məlumat veriləcək. İşə baxılırsa, müdaxilələrə ehtiyac yoxdur”.
Ayyət Əhməd