Azərbaycana dərmanların gətirilməsi ilə məşğul olan bir çox şirkətlər bahalı dərmanların idxalını dayandırıb. Məlumata görə, şirkətlər bunu onlara sərf etməməsi ilə izah edirlər. Dərman gətirilməsi və satışı ilə məşğul olan şirkətlərdən biri bildirib ki, bir çox bahalı dərman vasitələri var ki, qiymətləri dövlət tərəfindən tənzimləndikdən sonra onları gətirmək maddi cəhətdən şirkəti qane etməyəcək. Şirkət nümayəndəsinin sözlərinə görə, dərmanın ampulasını 4 dollara alsalar da, burda 2 manata satmağa məcbur olurlar: "Bu isə onlara sərf etmir. Nəticədə şirkət bu dərmanı ölkəyə gətirməkdən vaz keçir”.
Digər şirkətlərdən birinin nümayəndəsi İrina Əliyeva deyib ki, onlar hazırda gözləmə mövqeyindədirlər.”Sentyabr ayının 15-dən sonra qiymətlərin tənzimlənməsini gözləyirik. İdxal olunan ölkələr dəyişiləcək. Məsələn, seftriakson əvvəl Ukraynadan gətirildi, indi isə Rusiyadan gətiriləcək. Bu ölkələr arasında qiymətləri müqayisə etsək, Rusiyadan seftriakson və bir çox dərmanları gətirmək sərfəlidir. Amma bu, dərmanların tərkibinin dəyişdirilməsi demək deyil, yalnız onların adları dəyişəcək”.
Ekspertlər isə hesab edirlər ki, şirkətlər bahalı dərmanların idxalından vaz keçərsə, onda ölkəmizdə dərman qıtlığı əmələ gələ bilər və nəticədə dərmanları tapmaq müşkülə çevrilər.
Tibb elmləri üzrə fəlsəfə doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında qeyd edib ki, Tarif Şurasında (TŞ) bütün dərman vasitələrinin qiymətinə dair konkret siyahı var. Ekspertin qənaətincə, qiymətlər tənzimlənərkən dərmanın maya dəyəri, yol xərcləri və sahibkarın gəlirləri nəzərə alınmalıdır: "Amma bunlar nəzərə alınmadıqca, sözügedən preparatların gətirilməsi üçün sahibkarların imkanı olmayacaq. Çünki hansısa dərmanın mayası 20 dollardısa, şirkət onu ölkəmizdə 10 manata necə sata bilər? O firmanın qazancı nə olacaq? Əlbəttə, sahibkarlar belə bahalı dərmanları gətirməkdə maraqlı olmayacaq. Bu da dərman bazarında qıtlıq yaradacaq. Elə dərmanlar var ki, onların dərman bazarından çıxarılması böyük təhlükələrə səbəb ola bilər. Bahalı dərmanların qiymətini müəyyənləşdirərkən TŞ qeyd etdiyim faktları nəzərə almalı idi”.
İqtisadçı-ekspert Vüqar Bayramov isə qeyd edir ki, bahalı dərmanların gətirilməməsi dərman bazarında dəyişikl iyə səbəb ola bilər: "Dərmanların qiyməti insanların maddi vəziyyətinə uyğun müəyyən edilib. Şirkətlər bu dərmanların idxalından vaz keçsə də, bu yalnız müvəqqəti xarakter daşıyacaq. Sonda sahibkarlar məcbur olub yenidən həmin dərmanların satışına başlayacaq”.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, ölkədə dərman qıtlığı yarana bilməz. Qurumun analitika-ekspertiza şöbəsinin müdir müavini Pərviz Əzizbəyovun sözlərinə görə, dərman çatışmazlığının qarşısını almaq üçün bütün tədbirlər görülüb: "Hökumətin qərarı ilə dərmanlar müəyyən olunmuş qiymətlərlə satılmalıdır. Bu isə dərman çatışmazlığına gətirib çıxarmamalıdır. Dərman qıtlığı ilə bağlı heç bir söhbət ola bilməz. 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin tənzimlənmiş və satış qiyməti sentyabrın 15-də müəyyən olacaq. Əgər pasient aptekdə hansısa bir dərmanı tapa bilməsə, həkimin məsləhəti ilə onu eyni tərkibli olan digər dərmanla əvəz edə bilər”.Bununla yanaşı, P.Əzizbəyov həmçinin əlavə edib ki, ötən illə müqayisədə, cari ildə dərman idxalı artıb və yetərli qədər təsiredici maddələr var.
Ayyət Əhməd