Şlaqbaum qoyub camaatı dənizə buraxmırlar
“Bazar iqtisadiyyatı bütün sahilin pullu olması demək deyil”
Havalar yavaş-yavaş istiləşir. Günəş qızdıqca da, sərinlənmək həvəsi insanları daha çox çimərliklərə üz tutmağa vadar edir. Hələlik kütləvi olmasa da, paytaxt sakinləri arasında Xəzərə baş vuranlara rast gəlinir. Ancaq bir çox hallarda bürkü əlindən Xəzərin sahillərinə tələsib "Nə yaxşı ki, Xəzər də var...” deyən sakinlər "Xəzər”ə qovuşa bilmirlər.
Buna səbəb isə Xəzərin sahilboyu "müdafiə istehkamları” ilə əhatə olunmasıdır. Dənizi öz mal-mülkü kimi özəlləşdirənlər onun xalqa məxsusluğunu unudublar. Ən pisi də odur ki, Xəzərin hasarlanması prosesi davam edir. İnsanların üzünə açıq olan pulsuz çimərliklər isə demək olar ki, yox səviyyəsindədir. Bakı meri Hacıbala Abutalıbov bu yaxınlarda sərəncam imzalayıb ki, çimərliklər pulsuzdur, icra hakimiyyətləri tərəfindən təmizlik aparılsın. BŞİH-nin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun sözlərinə görə, "Şıx” çimərliyinin ödənişli olması sahilboyu əraziyə giriş ilə bağlı deyil: "Burada xüsusi xidmət sahələri - otellər, yeməkxanalar, istirahət mərkəzləri var ki, onların ərazisinə daxil olduqda, çimərlikdən istifadə pullu hesab olunur. Ancaq digər yerlərdə çimərlik pulsuzdur və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri aparırıq”. Ə.Abbasov xatırladıb ki, ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb: "Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanların cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir”.
Görünür, Bakı meri dənizin yaxşı yerlərinin hasarlandığının, açıq dəniz sahilinin isə çirkab və tullantılar içində olduğunun fərqində belə deyil. Təbii ki, bir tərəfdən dəniz sahilinin hissə-hissə zəbt olunması, digər tərəfdən də çimərliklərə girişin pullu olması, üstəlik də dəniz suyunun çirkli, xidmətin keyfiyyətsiz olması kimi faktlar haqlı olaraq istirahətə gələnlərin narazılığına səbəb olur. Bəs ictimaiyyət üzvləri bu məsələ haqqında nə düşünür? Problemin həlli yolu var, yoxsa...
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, çimərlik probleminin birdəfəlik həlli üçün kompleks tədbirlər görülməli və vətəndaşlar, aidiyyəti qurumlar da üzərlərinə düşən məsuliyyəti icra etməlidirlər: "Problemin həllinin başlıca yolu konkret səlahiyyət bölgüsünün dəqiqləşdirilməsindən gedir. İndiki halda bələdiyyələrin çimərliklərə müdaxilə səlahiyyəti yoxdur. Faktiki olaraq, dəniz sahili ərazilər müvafiq icra hakimiyyətləri tərəfindən ya paylanıb, ya icarəyə verilib, ya da zəbt olunub. Zənnimcə, bu kimi anlaşılmazlıqların aradan qaldırılması üçün qanunvericilikdə və müvafiq hüquqi sənədlərdə dəyişikliklər edilməlidir ki, vətəndaşlar dənizdən istədiyi kimi istifadə edə bilsin”.
Pulsuz çimərliklərdə keyfiyyətsiz xidmət və dəniz suyunun çirkləndirilməsi kimi problemlərin çox ciddi problemlərə yol açdığını vurğulayan ekspert deyib ki, icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyət bölgüsü aparılsa, ortada elə bir ciddi problem qalmaz. Hər qurum nəzarətində olan çimərliyin təmiz saxlanılması və vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi məsələsini yoluna qoyaq”.
Dənizin hasarlanmasının qlobal problem olduğunu vurğulayan V.Tofiqli deyib ki, bu istiqamətdə monitorinqlər aparılmalı və qanunsuz mülklərin, hasarların hər biri sökülməlidir. Dəniz xalqındır və vətəndaşlara öz hüquqlarından istifadə imkanları yaradılmalıdır.
Məsələnin iqtisadi tərəfinə gəldikdə isə əhaliyə göstərilən xidmətlərin keyfiyyətsiz, qiymətlərin isə yüksək olmasının səbəblərini iqtisadçı-ekspert Oqtay Haqverdiyev bu cür izah edib: "Bazar iqtisadiyyatı bütün sahilin pullu olması demək deyil. Mən ayrı-ayrı ölkələrdə olmuşam və orada pulsuz olan ictimai çimərlikləri görmüşəm. Onlar çətir, duş və soyunma kabinaları, xılasetmə xidməti və tibb məntəqələri, həmçinin təmizliyə baxan bələdiyyələrlə təmin edilir. Əlbəttə, bunlarla bərabər qat-qat çox daha yüksək səviyyədə xidmət növləri olan çimərliklər də var. Burada isə xidmətlər pulludur. Bu, bazar iqtisadiyyatının qanunudur. Başqa məsələdir ki, bizim sahibkarlarımız göstərdiyi xidmətlərin keyfiyyətlərini qaldırmaqdan çox fikirlərini yüksək gəlirlərin alınmasına yönəldirlər. Çimərliklərdə şlaqbaum quraşdıraraq camaatı pulsuz içəri buraxmırlar. Halbuki, xidmətlərin ödənişi onları təqdim edən zaman olmalıdır. Qiymətlər məni sadəcə təəccübləndirir. Bazar iqtisadiyyatını bahanə edərək nə istəyirlərsə, onu da edirlər. Bizi başlı-başına buraxmaq düzgün deyil. Elə şey yoxdur ki, onu saymaq olmasın. Hər xidmətin də öz maya dəyəri var. Sadəcə onu saymaq lazımdır. Gəlirlilik 15-20 faiz arasında saxlanılmalıdır. Lakin bəzi hallarda çimərliklərdə bizə təklif edilən xidmətlərin qiyməti bir neçə dəfə maya dəyərindən çoxdur. Biz vergi ödəyiciləri olduğumuzdan təbiətin bəxşiş etdiyinin, həmçinin dəniz çimərliklərinin sahibiyik. Heç kəs də bizim hüquqlarımızı məhdudlaşdırmaq ixtiyarında deyil”.
Şəymən