SOS: "Ölkənin əmtəə bazarında təhlükəli qida həddindən artıq çoxdur"

"Ölkə başçısı biznes qurumları üçün toxunulmazlığı ona görə yaratdı ki, şişirdilmiş qiymətlər olmasın, təhlükəsiz qida istehsal olunsun”.
Bunu Sherg.az-a ötən günlərdə Mingəçevirdə şadlıq saraylarından birində baş verən kütləvi zəhərlənmə barədə danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, buna rəğmən biznes qurumları toxunulmazlığa adekvat cavab verə bilmədilər:
"Ölkənin əmtəə bazarında təhlükəli qida həddindən artıq çoxdur. Təsadüfi deyil ki, bu ilin fevral ayında prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyin yaradılması ilə bağlı fərman imzaladı. Gələn ilin yanvar ayında artıq agentlik işə başlayacaq. Bu addım vəziyyətin ciddi olmasından xəbər verir.
Ən çox çirklənmiş olan spirtli və sərinləşdirici içki bazarı, süd məhsullarıdır. İndiyə qədər dövlət orqanlarının, Səhiyyə və İqtisadiyyat Nazirliyinin kütləvi istehsal məhsullarının adını çəkdiyini müşahidə etməmişik. Çünki həmin zavod və fabrik məhsullarına dövlət orqanları birbaşa sertifikat verir. Ona görə, belə hallarda günahı istehlakçıların özündə görürlər.
Nə qədər ki, sertifikat verən orqanla əhalinin sağlamlığının keşiyində duran orqan ayrılmayıb, sertifikatlaşdırma müstəqil deyil, bu biabırçılıq davam edəcək.
Əgər yaradılacaq Qida Təhlükəsizliyi Agentliyi şəffaf fəaliyyət göstərəcək, ictimai təşkilatlarla bərabər çalışacaqsa, müsbət nəticə olacaq”.
Qeyd edək ki, Mingəçevirdə 10 nəfər şənlik iştirakçısında mədə pozğunluğu baş verib. Hadisə şəhərin Energetik yaşayış massivində yerləşən "Ağsaray” şadlıq sarayında qeydə alınıb. Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib. Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili "Ağsaray” şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkib. GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyir: "Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda labarator anlizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit,yəni mədə pozğunluğu yaradıb.” Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysel Aslan