Sosial yardım əvəzinə sosial mənzil...

Ramil Osmanlı: “Sosial evlərin inşası Azərbaycanda mənzil qiymətlərinin aşağı düşməsinə gətirib çıxara bilər”
Vüqar Bayramov: “Sosial evlər layihəsi heç də mənzilə sahib olan hansısa ailənin ikinci bir evə sahib olması demək deyil”


Musa Quliyev: "Ünvanlı sosial yardımın ödənilməsi xeyirdən çox zərər verməyə başlayıb”

"Bu il sosial mənzillərin inşasına başlamaq fikrindəyik”. Bunu iyunun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı deyib ki, Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb və onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir:

"Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaq”. Prezident bildirib ki, uzun illərdir, insanlara ünvanlı sosial yardım verilir və bu da çox ciddi sosial təşəbbüsdür: "Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıb. Lazım olarsa, daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”. İqtisadçı-ekspertlərə görə, sosial evlər layihəsi xarici ölkələrdə müxtəlif cür tətbiq olunan ən uğurlu layihələrdəndir. Bu layihə əhalinin, xüsusilə aztəminatlı ailələrin mənzilə olan tələbatını qısa müddətdə təmin edir. Belə mənzillərin tikilməsi təkcə əhalinin mənzilə olan tələbatını ödəməklə kifayətlənmir, eyni zamanda iqtisadiyyatın 20-yə yaxın sahəsində canlanmaya səbəb olur.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib ki, əsas məsələ bu işin hansı formada görülməsindən ibarət olacaq: "Sosial evlər vacib məsələdir. Amma biz bu işin hansı formada icra olunacağını gözləməliyik. Sosial evlər kifayət qədər aktual mövzudur. Azərbaycanda buna tələbat həddindən artıq böyükdür. İstənilən halda bu işə başlanılması əhalinin orta və aztəminatlı təbəqəsinin mənzil təminatının yaxşılaşdırılması baxımından zəruridir”. R.Osmanlı deyib ki, Azərbaycan qanunvericiliyində, Mənzil Məcəlləsində sosial mənzil fondunun yaradılması, idarə olunması, digər istiqamətləri ilə bağlı müvafiq bəndlər mövcuddur: "Qanunvericiliyin o istiqamətinin işlək vəziyyətə gətirilməsi istiqamətində addımlar atılmalıdır”. Ekspertin sözlərinə görə, sosial evlər layihəsinin əsasında böyük mənzil fondunun yaradılması, onlarla yaşayış binalarının mənzillərinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bu, tikinti materiallarının topdan və ya pərakəndə satışı ilə məşğul olanlar üçün bir növ yeni bir mərhələnin başlanğıcı ola, bu sahəni xeyli aktivləşdirə bilər. Layihənin icrası həm alış-satış, həm də kirayə qiymətlərində ucuzlaşmaya səbəb olacaq. Sosial evlərin inşası Azərbaycanda mənzil qiymətlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Çünki bir tərəfdən mənzilə olan tələb aşağı düşəcək, digər tərəfdən isə kirayə bazarında qiymətləri azaldacaq. Qiymətlər baxımından da bazara töhfəsi ola bilər”.

İqtisadçı alim Vüqar Bayramov da bildirib ki, sosial evlərin tikintisi və sosial mənzil fondunun formalaşması Azərbaycanda mənzil problemini həll edəcək. İqtisadçının sözlərinə görə, sosial evlər layihəsi heç də mənzilə sahib olan hansısa ailənin ikinci bir evə sahib olması demək deyil. Bu, mənzilə tələbatı olan, amma mənzil almaq üçün imkanı olmayan və orta əmək haqqı mənzil üçün yetərli olmayan ailələrin mənzillə təmin edilməsi deməkdir: "Sosial mənzil fondunun

yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılsın. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır ki, fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilərlər. Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanları qonşu ölkələrə baxanda daha yüksəkdir”.

Prezidentin çıxışına münasibət bildirən millət vəkili Musa Quliyev dövlət başçısının sosial yardımla bağlı təklifini dəstəkləyib. Deputat deyib ki, ünvanlı yardım bütün dünya ölkələrində sosial yardımın keçid mərhələsi olub: "Heç bir ölkədə kasıb əhaliyə daimi yardım edilmir. Aztəminatlı əhaliyə şərait yaradılır ki, onlar dövlətin, ictimaiyyətin dəstəyi ilə bu vəziyyətdən çıxsınlar. Bu mənada ünvanlı sosial yardım ölkəmizdə keçid mərhələsi üçün nəzərdə tutulmuşdu. Artıq Azərbaycanda yoxsulluq minimum həddə düşüb və ünvanlı sosial yardımın ödənilməsi xeyirdən çox zərər verməyə başlayıb. Prezidentin vurğuladığı kimi, insanlar ələbaxımlığa öyrəşir. Bundan başqa müəyyən insanlar müəyyən yollarla ünvanlı sosial yardım almağa çalışırlar”. Deputat, həmçinin vurğulayıb ki, yavaş-yavaş ünvanlı sosial yardım prinsipindən ailələrin sosial reabilitasiya prinsipinə keçmək lazımdır: "Ailənin yaşadığı regionun şəraitinə uyğun olaraq ona birdəfəlik yardımlar edilir ki, öz işini qursun və ya müəyyən kiçik biznes üçün lazım olan avadanlıqlar onlara alınıb verilir. Bununla da vətəndaşın öz əməyi ilə şəraitini yaxşılaşdırmaq, öz çörəyini qazanmaq imkanı yaradılır. Biz də yavaş-yavaş bu prinsiplə gedəcəyik. Amma dövlət yardımının başqa formalarını da seçmək lazımdır. Təkcə ünvanlı sosial yardımdan imtina edib, sosial reabilitasiya proqramına keçmək problemi həll etməz. Elə ailələr var ki, orada ailə başçıları əmək qabiliyyətinə malik deyillər, ailədə uşaqları çoxdur və ya xəstə insanlar var. Belə ailələrə konkret yardım formalarını fikirləşib tapmaq laızmdır. Bütünlükdə ünvanlı sosial yardımdan yavaş-yavaş imtina etməliyik”.

İsmayıl