"Azərbaycandan kənarda yaşayan soydaşlarımız ölkəmizə maneəsiz və cəriməsiz gələ bilməlidirlər"
Deputat Əflatun Amaşov "Soydaş haqqında” yeni qanun layihəsinin qəbul edilməsini təklif edib.
O bildirib ki, bu problem, əsasən, Gürcüstan və Rusiyada yaşayan soydaşlarımıza aiddir: "Onların əksəriyyəti burada daşınmaz əmlaka sahibdir. Təklif edirəm ki, Azərbaycandan kənar soydaşlarımıza nəzərdə tutulan güzəşt daha çox olsun. Onlar burada ailələrinə və doğmalarına baş çəkməyə gəlir. Gürcüstanda yaşayan soydaşlarımız üçün güzəşt müddəti 15 gündür. Ona görə də bu məsələnin həlli üçün "Soydaş haqqında” qanunun qəbuluna ehtiyac var”.
Ölkəmizdə "Soydaş haqqında” qanunun qəbul edilməsinə ehtiyac olduğunu vurğulayan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin "Şərq”ə açıqlamasına görə, cəmiyyət sədri olaraq 2012-ci ildə bu qanunu parlamentə təqdim edib:
"Azərbaycan müstəqil dövlətdir. "Soydaş haqqında” qanun dünyada yaşayan azərbaycanlılarla dövlətimizin münasibətini tənzimləyən bir qanunvericilik aktıdır. Hər halda bu qanun dövlətimizin möhkəmlənməsi və vətəndaşlarımızın harda yaşamasından asılı olmayaraq təmərküzləşməsində, milli maraqlar naminə səfərbərliyində əhəmiyyətlidir. Soydaşlarımızın Azərbaycanla münasibətlərini həm "Soydaş haqqında” qanun, həm də digər qanunvericilik aktları tənzimləyə bilər”.
Z.Məmmədli bildirib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımız ölkəmizə maneəsiz və cəriməsiz gələ bilməlidirlər:
"Onlar qürur duymalıdır ki, Azərbaycan adlı dövlətimiz var. Yoxsa əcnəbilərlə soydaşlarımız arasında bir fərq yoxdursa, müəyyən alternativ yollar tapmaq lazımdır. Alternativ yollarda da Azərbaycanın milli maraqları təmsil olunmalıdır. Bütün bunlar dəqiq olaraq nəzərdən keçirilməlidir. Borçalı Cəmiyyəti olaraq qanunun 7 bənddən ibarət formasını 2 il ərzində təqdim etmişik. Qanun vaxtilə bizim tərəfimizdən mediada təqdim olunub və geniş ictimai müzakirələr aparılıb. Hətta zamanında bu qanunun qəbul edilməsi üçün Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Rüstəmxanlı bizə dəstəklərini bildiriblər. İndi həmin dəstək genişlənməlidir ki, qanunvericilik aktı olaraq "Soydaş haqqında” qanun qəbul olunsun. Ölkəmizdə bu qanun mütləq qəbul edilməlidir”.
Yeganə Bayramova