Soydaşlarımıza etimadsızlıq...

Gürcüstanda azərbaycandilli məktəbə gürcü direktorun təyin edilməsi doğru deyil



Bu günlərdə azərbaycanlıların kompakt yaşadığı Laqodexi rayonunun Qabal kəndində müəllim və şagird kollektivi etiraza qalxaraq, dərsə girməkdən imtina ediblər. Buna səbəb kənddəki 1 nömrəli orta məktəbə gürcü mənşəli Lamara Tabatadzenin direktor təyin edilməsi olub. Adıçəkilən rayon bələdiyyəsinin deputatı Mirzə Əliyev APA-ya açıqlamasında faktı təsdiqləyib: "Müəllim və şagirdlər yeni direktorun təyinatı ilə bağlı etiraz olaraq dərsə girməyiblər.

Məktəbin Qəyyumlar Şurası yeni direktorun təyinatını qəbul etməyib. Rayon İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslər etiraz aksiyası keçirən məktəb müəllimləri ilə danışıqlar aparıblar. Lakin heç kim yeni direktorun təyinatına dair razılıq verməyib”. M.Əliyev bildirib ki, Gürcüstan Təhsil Nazirliyinə 100 nəfərədək məktəb müəllimləri və valideynlər etiraz olaraq kollektiv ərizə yazıblar: "Hələlik ərizəyə cavab verilməyib. İndi nazirliyin qərarı ilə imtahandan keçən və sertifikat alan hər bir şəxs məktəb direktorluğuna təyin oluna bilər. Azərbaycanlı müəllimlər arasında sertifikat alan müəllim kadrlar yoxdur. Müəllimlərimiz gürcü dilini mükəmməl şəkildə bildiklərinə baxmayaraq, imtahandan keçə bilməyiblər. Laqodexi rayonu üzrə yalnız iki gürcü sertifikat ala bilib”.

Məlumat üçün bildirək ki, adıçəkilən məktəbin direktoru Vahid Süleymanov olub. O, işdən çıxarıldıqdan sonra həmin vəzifəyə Lamara Tabatadze göndərilib. Qabal kəndində 13 min azərbaycanlı yaşayır və kənddə 5 orta məktəb var. 1 nömrəli Qabal kənd orta məktəbində 550 şagirdin təhsili, təlim-tərbiyəsi ilə 50-dən çox müəllim məşğul olur.

Məsələni dəyərləndirən əslən Borçalıdan olan tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov "Şərq”ə açıqlamasında söyləyib ki, azərbaycandilli məktəbə gürcü direktorun təyin olunması doğru deyil: "Gürcü Azərbaycan dilində olan tədris proqramını hansı səviyyədə başa düşür? Problem bundadır. Direktorun təyin olunması daha çox inzibati xüsusiyyət daşıyır. O, tədrisdən çox inzibati işlərlə məşğul olacaq”. Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu, soydaşlarımıza etibarsızlıq və etimadsızlıqdır: "Bir azərbaycanlı ziyalı yoxdurmu ki, onu həmin vəzifəyə qoysunlar? Bunlar sual doğurur”.

Ayyət Əhməd