“Söz demək haqqını əldə edə bilmirik”

Zahid Oruc: “Yerdən öz fikrimi bildirmişəm ki, parlament üzvünün də buna ixtiyarı var”



Millət vəkili Zahid Oruc Milli Məclisin dünən keçirilən iclasında spiker Oqtay Əsədovla arasında yaşanan növbəti gərginliyə münasibət bildirib. Parlamentari "Şərq”ə bildirib ki, fikir toqquşmasının yaşanması üçün onun tərəfindən heç bir səbəb yoxdur:

"Qərəzlilik nümayiş etdirmək və kiməsə hörmətsizlik etmək fikrində deyiləm. Parlamentdə nizam-intizama, ədəb-ərkana riayət edən insanlardan biri olmuşam. Bütün dövr ərzində bircə dəfə də olsa, hətta statistika naminə belə, kiminləsə münasibətlərimizdə hansısa təhqiramiz notların olduğunu internet resurslardan belə çıxarıb ortaya qoymaq olmaz. Şəxsimi tanıyanlar bilirlər ki, hər kəsin şərəf və ləyaqətinə hörmətlə yanaşmışam”.
Parlament üzvü diqqətə çatdırıb ki, qanunvericiliyin müzakirəsi zamanı Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma tərəfdar olduğunu və eyni zamanda hər bir ölkənin "tax free” sisteminin fərqli əsaslarla qurulduğunu qeyd etməyə çalışıb: "Mənim yerimdən danışmaq mövqeyim ondan qaynaqlanır ki, biz çıxışa yazılarkən belə, bəzən söz demək haqqını əldə edə bilmirik. Belə olan təqdirdə yerdən öz fikrimi bildirmişəm ki, parlament üzvünün də buna ixtiyarı var. Məclis müzakirə yeridir, fikirlər bölüşəndə, bu, ictimai maraqların xeyrinə işləyir”.
Millət vəkili spikerin göstərişi ilə İntizam Komissiyasına tapşırıq verilməsi və araşdırmaya başlanılmasına da münasibət bildirib: "Burada heç bir qeyri-adilik görmürəm. Hər kəs də şahiddir ki, mən heç kimə qarşı təhqir və ya daxili nizamnaməni pozan addımlara yol verməmişəm”.
Hər iclas parlamentdə eyni ssenarinin təkrarlanmasına gəlincə, Z.Oruc söyləyib ki, bu, parlamentin içərisində danışan şəxslərin taleyidir: "Kimsə fikir bildirmək istəyəcək, fəal diskussiya aparmaq istəyəcəksə, buna məruz qalacaq. Bunun təsadüf və ya məqsədli olması mənim tərəfimdən qaynaqlanmadığı üçün, yalnız parlament üzvü kimi öz mövqeyimi çatdırmaq istədiyimdən, başqa bir məqsədi hədəf etmədiyimdən bu suala cavab vermək mənim üçün çətindir”.

Ayyət Əhməd