"Sözümün üstündə bu gün də dururam"

Zahid Oruc: "Bugünkü reallıqda həbsxanalarda fərqli mənzərəni görməli idik. Əvəzində alternativ cəzalar tətbiq edilməli və elektron qolbaqları kimi xarakterizə olunan ev məhbusluğu ilə bağlı olan qərarlar verilməli idi"




Bu günlərdə parlamentdə yeni hakimlərin təyinatı ilə bağlı layihənin müzakirəsi zamanı mübahisə düşüb. Millət vəkili Zahid Oruc sözünə müdaxilə edilməsindən şikayətlənib.
Deputat çıxışında bildirib ki, qanunvericilikdə "həbs-qətimkan” tədbirinə alternativ digər 10 qətimkan tədbiri olsa da, "girov”, "zaminlik” kimi tədbirlərə təcrübədə az rast gəlinir. Z.Oruc həmçinin vurğulayıb ki, məhkəmə hökmlərində cəza növü olaraq daha çox azadlıqdan məhrumetmə cəzasına üstünlük verilir, halbuki, yeni qanunvericiliyə azadlığın məhdudlaşdırılması cəzası daxil edilib.

Z.Oruc həmkarı Yevda Abramovun onun çox danışmasına irad bildirməsinə cavab olaraq deyib: "Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm da var. Bu gün gündəlikdə çox az məsələ durur. Saat 1-də iclası qurtacağıq. Guya çıxıb hara gedəcəksiniz ki?! İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”.

Spiker Oqtay Əsədov isə Zahid Oruca irad bildirərək, çıxışını davam etdirməsini istəyib: "Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil, çıxışına davam et!”.

Baş verənlərlə bağlı "Şərq”ə danışan deputat Zahid Oruc bildirib ki, parlamentdə kiminsə şəxsiyyətinin alçaldılmaması şərti ilə bu cür mübahisələrin olması normal haldır. O qeyd edib ki, dünyada parlamentalizm sərt diskussiyaların sərgiləndiyi bir məkandır: 

"Yəni çox sakit və sanki elmi konfransdakı durumun siyasi meydanda özünü göstərməsi xalq üçün pis qarşılanar. Düzünü desəm, Milli Məclisi insanlarımızın müxtəlif düşüncələrinin və baxışlarının gətirildiyi bir yer kimi görmək istəmişəm. Çalışdığımız ondan ibarət olmalıdır ki, tribuna aktiv olsun, ölkə ilə bağlı ən mühüm məsələlərin ictimailəşməsində rol oynasın. Nəticə etibarı ilə bu parlamentalizmi meydana gətirmiş olur, ənənələr yaradır. Yalnız qanun və hüquq istehsalı deyil, eləcə də dövlət quruculuğunun gərəkən digər sahələri ilə bağlı da mühüm materiallar verilir, örnəklər yaradılır.

Parlamentdə kim daha aktivdirsə, o, müxtəlif müdaxilələrə məruz qalacaq. Bunu qətiyyən pis qarşılamaq lazım deyil. Şəxsi mövqeyim ondan ibarətdir ki, parlament salonunda olan hər hansı bir məsələ insanın şəxsi ləyaqətinə toxunmursa, bu, elə o məkanda da qalmalıdır. 

Ona görə də hakimlərlə bağlı irəli sürdüyüm məsələlərin üzərində bu gün də dururam. Hesab edirəm ki, ölkə rəhbəri tərəfindən irəliyə sürülmüş sərəncamın müddəalarının hər hərfinə və ifadəsinə diqqət yetirilməli, müvafiq hakimiyyət orqanları bu vəzifəni yerinə yetirməyə çalışmalı idi, bugünkü reallıqda həbsxanalarda fərqli mənzərəni görməli idik. 

Əvəzində alternativ cəzalar tətbiq edilməli və elektron qolbaqları kimi xarakterizə olunan ev məhbusl
uğu ilə bağlı olan qərarlar verilməli idi. Bu halda bizim bu gün təyin etdiyimiz hakimlərlə bağlı irəliyə sürdüyümüz tələblər dəyişmiş olacaqdı. Məsələnin kökü bundan ibarət idi. Kimsə həmin müzakirələr zamanı yerdən özünün reaksiyalarını deyirsə, mən də qarşılıq olaraq mövqeyimi ortaya qoydum. Hesab edirəm ki, bu, düzgün yanaşma idi. Hər kəs başa düşməlidir ki, müəllim danışırsa, nələrisə izah edirsə, özünü auditoriyada hiss edir. Jurnalist qələm fəaliyyətini yerinə yetirirsə, klaviatura vasitəsilə öz düşüncələrini bölüşürsə, onda bunu onun media fəaliyyəti sayırlar. 

Yaxud da rəssam tabloda özünün istədiyi mənzərəni canlandırır. Belə olan təqdirdə Milli Məclis üzvü olmaq avtomatik olaraq sənin hansısa bir ideya, siyasi fikir daşıyıcısına çevrilməyin anlamına gəlir. Həmişə parlamentdə azad şəkildə mövqelərimizi söyləmişik. Ona görə də müzakirəni sükutla keçirmək və ya qısa zaman çərçivəsində yalnız düyməni basmaqla lehinə, əleyhinə qərar vermək düzgün olmazdı”.

Yeganə Bayramova