Sözünü kəsmək, iclasdan çıxarmaq, töhmət...

Deputatları cəzalandırma qaydasında yenilik edilir




Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə daxil olan beş məsələdən üçü vaxtilə bu komitədə hazırlanmış və İşçi qrupu ilə birgə müzakirə edilmiş qanun layihələridir.

Ə.Hüseynli öncə "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim edib. O, qanun layihəsində hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərə dair 10-cu və maraqlar toqquşmasının qarşısının alınmasına dair 11-ci maddələrə təklif olunan dəyişiklikləri ətraflı şərh edib.

Geniş müzakirədə komitə üzvləri rəy və təkliflərini diqqətə çatdırıblar.

Gündəlikdəki ikinci və üçüncü məsələni iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid təqdim edib.
O bildirib ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 9-cu, 16-cı və 17-ci maddələrinə dəyişikliklər edilməsi "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun tətbiqi ilə əlaqədardır. Qeyd olunub ki, bu qanun layihələri Milli Məclisdə üç oxunuşdan keçəcək. Müzakirədə səslənmiş yeni təkliflər İşçi qrupu ilə birgə müzakirə olunaraq ayrıca layihə hazırlanacaq. Qərara alınıb ki, komitədə baxılan hər üç qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına təqdim edilsin.

Sonra "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə məsələyə də baxılıb və plenar iclasa tövsiyə olunub. Deputatlar gömrük və miqrasiya orqanlarında qulluq keçmə, dövlət vergi və daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamələrdə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini də MM-in plenar iclasına tövsiyə ediblər.

Millət vəkillərinə intizam tədbirlərinin tətbiqi qaydası da dəyişdirilir. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 47-ci maddəsinə, parlamentdaxili məsuliyyətə cəlb olunan deputatın intizam tədbirlərinin tətbiqi qaydasına dəyişiklik təklif edilir. Dəyişikliyə görə, Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən əsas olduqda, parlamentin, yaxud onun komitə və ya komissiyasının iclaslarına sədrlik edən tərəfindən MM-in deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir. Yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam Komissiyasına təqdimatla müraciət edilir. İntizam Komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edir. Hazırkı qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:

Bu qanunun 45-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, MM-in, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən MM-in deputatına xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər. Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan deputatlara tətbiq edilir. Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan deputatın məsələsi MM-in sədrinin, yaxud komitə və ya komissiyanın sədrinin təqdimatı ilə baxılmaq üçün İntizam komissiyasına göndərilir. İntizam komissiyası bu məsələyə həsr olunmuş iclası beş gün müddətində keçirə və məsələyə baxarkən MM-in iclaslarının stenoqramlarından və videoyazısından istifadə edə bilər. İntizam komissiyasının qərarı ilə intizamı pozan deputata töhmət verilə bilər.

Anar