Nikaha daxil olmağa hazırlaşan cütlüklər mütləq hepatit V və hepatit C-yə qarşı məcburi tibbi müayinədən keçməlidir
Nikaha daxil olmaq istəyənlər üçün müayinəsi zəruri sayılan xəstəliklərin siyahısının artırılması təklif olunur. Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə nikaha daxil olmaq istəyən şəxslər hemoqlobinopatiya, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS və sifilis xəstəlikləri üzrə icbari tibbi müayinədən keçməlidirlər.
Millət vəkili Musa Quliyev isə Milli Məclisin Səhiyyə komitəsinin iclasında məcburi tibbi müayinə tələb olunan xəstəliklərin siyahısına hepatit B və hepatit C-nin də əlavə edilmə təklifini irəli sürüb. Millət vəkili bunun üçün Ailə Məcəlləsinə dəyişiklik edilməsinin zəruri olduğunu da deyib.
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı "Şərq”ə açıqlamasında təklifin böyük əhəmiyyət daşıdığını dedi:
- Hepatit B və hepatit C məcburi tibbi müayinəsi tələb olunan xəstəliklər sırasına mütləq daxil edilməlidir. Çünki bu xəstəliklər ən təhlükəli infeksion xəstəliklər siyahısındadır. Nikaha daxil olmağa hazırlaşan cütlüklərdən hansısa birinin Hepatit B və ya hepatit C virusuna yoluxmuş olması, onların gələcək ailə həyatı üçün də, doğulacaq körpə üçün də böyük fəsadlar yaradacaq.
Hepatit virusları məlum məsələdir ki, qan vasitəsilə keçir. Dəfələrlə biz həkimlər əhaliyə xəbərdarlıq edirik ki, vaxtaşırı müayinə olunsunlar. Çünki bəzən viruslar orqanizmə düşür, yaxud anadangəlmə orqanizmdə olur, lakin illərlə insan bundan xəbərsiz qalır.
Viruslar bəzən heç bir fəsad törətmir. Amma bəzən gözlənilmədən özünü büruzə verir. Bərbərxanalarda, stomotoloji kabinetlərdə, həmçinin əməliyyat otaqlarında alətlər daim steril olmalıdır. Həkimlər, cərrahlar, tibb bacıları pasiyentin viruslara yoluxmasının qarşısını almaq üçün hədsiz diqqətli olmalı və sanitar-gigiyenik normalara ciddi riayət etməlidirlər. Eləcə də vətəndaşlarımız da şəxsi təmizliklərinə, sanitar vəziyyətə diqqət etməlidirlər. Hepatit virusları qanköçürmə zamanı da orqanizmə düşə bilir. Steril olmayan iynələrdən istifadə də müxtəlif viruslarla yoluxmaya səbəb olur.
Hepatit virusları qara ciyəri sıradan çıxarır. Hepatit xəstəliyi kliniki dinamik inkişaf baxımından SPİD qədər təhlükəlidir. Bu virusa yoluxmaq cütlüklər üçün böyük təhlükə mənbəyidir. Dölə keçdikdə isə bu, doğulacaq körpənin bir ömür boyu əziyyət çəkəcəyi deməkdir. Ona görə də, mən Hepatit xəstəliyinin də evlənməyə hazırlaşan cütlüklər üçün məcburi tibbi müayinə tələb edən xəstəliklər sırasına daxil edilməsini zəruri sayıram.
Məlahət Rzayeva