Spikerin deputatlara iradı dəstəkləndi :"...Bacardıqları elə telefonla oynamaqdır"

Azər Həsrət:" Milli Məclis sədrinə sadəcə təmkin arzulayıram və ümid edirəm ki, növbəti seçkidə parlamentə belə “oyunçular” seçilməyəcək”Zaur İbrahimli: ". Bu, yalnız etik məsələ deyil, eyni zamanda millət vəkillərinin müzakirələrə, parlamentə və seçicilərə münasibətdə məsuliyyətli davranış problemidir"
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin iclasında spiker Oqtay Əsədov deputatları mobil telefonla oynadıqlarına görə tənqid edib. Parlament sədri iclas zamanı mobil telefona başları qarışan deputatlara irad bildirərək deyib ki, o dəfələrlə bu məsələni qaldırmaq istəsə də, son anda özünü saxlayıb: "Bəsdirin! Telefonları gətirirsiniz iclasa, dinmirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət vacib zəngi olan deputatları anlayışla qarşıladığını desə də, boş-boşuna telefonla oynayanları qınayıb:
"Deputatların həqiqətən də vacib zənglərə ehtiyacı ola bilər. Amma telefonla oynayanları, əlbəttə ki, qınayıram. Ümumiyyətlə isə düşünürəm ki, bu adamların telefonla oynaması təsadüfi deyil. Parlamentdə həqiqətən də təsadüfi adamlar var ki, onların bacardığı elə ancaq telefonla oynamaqdır. O baxımdan çox hörmətli Milli Məclis sədrinə sadəcə təmkin arzulayıram və ümid edirəm ki, növbəti seçkidə parlamentə belə "oyunçular” seçilməyəcək”.
"Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli də "Şərq”ə təəssüflə bildirib ki, Milli Məclisdə bu cür halların tez-tez şahidi oluruq:
"Deputatların bu cür davranışı və ciddi müzakirələr zamanı laqyedlik nümayiş etdirməsi bütövlükdə parlament institutunun xarakteri və onların statusu ilə bir araya sığmır. Bu, yalnız etik məsələ deyil, eyni zamanda millət vəkillərinin müzakirələrə, parlamentə və seçicilərə münasibətdə məsuliyyətli davranış problemidir. Deputat statusu çox böyük məsuliyyət, cavabdehlik və buna müvafiq də davranış tələb edir. Deputatların hər biri parlament tərəfindən qəbul edilən qanunlar, qərarların keyfiyyəti ilə əlaqədar fərdi məsuliyyət daşıyır. Bu məsuliyyətin dərk olunmaması, buna uyğun davranış sərgilənməməsi ciddi nöqsandır. Bu baxımdan deputatların tənqid edilməsinin obyektiv əsasları var. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 16-cı maddəsində qeyd olunur ki, "deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı və deputat etikasını gözləməlidir”.
Ekspertin sözlərinə görə, qanunvericilikdə deputatlar üçün çox geniş hüquqlar müəyyən edilib. Eyni zamanda bu hüquqdan gələn vəzifələr də var ki, bunlara riayət olunması həm etik, həm vicdan, həm də reputasiya məsələsidir: 
"Milli Məclisdəki müzakirələr zamanı dövlətin məafelərinin müdafiə olunması, eyni zamanda seçicilərin maraqlarının əsas tutulması da deputatın vəzifələri sırasındadır. Bu vəzifələrə laqeyd yanaşan, hətta reputasiya riskindən çəkinməyən deputatlara münaisbətdə ictimai rəy öz neqativ münasibətini ciddi şəkildə sərgiləməlidir. Eyni zamanda parlamentin müvafiq strukturları öz mövqelərini bildirməlidirlər. Nəzərə alaq ki, parlament institutuna ictimai inam və etimad məhz qanunverici orqanda aparılan müzakirələrin keyfiyyətindən, deputatların kompitensiyasından birbaşa asılıdır. Deputatlar özlərini fikirləşməsələr belə, qanunverici orqanının nüfuzu barədə ciddi düşünməlidirlər”.
İsmayıl