Türkiyə və Azərbaycan bu məsələni növbəti dəfə dünyaya bəyan etdi
Yanvarın 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və bir çox önəmli məsələlər müzakirə olunub.
Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusilə qeyd olunub. Söhbət zamanı Türkiyənin "Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb və Prezident İlham Əliyev həmin tədbirə dəvət edilib. Görüşdə həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi də vurğulanıb. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyini
əminliklə bildiriblər.
Prezidentlərin görüşü ilə bağlı "Şərq”ə danışan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli iki qardaş ölkənin bir-biriylə sıx əməkdaşlıq etməsinin olduqca zəruri və faydalı olduğunu deyib.
Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakterinə malikdir: "2010-cu ildə iki dövlət arasında "tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə imzalanıb. Eyni zamanda həmin ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında birgə bəyannamə imzalanıb. Həmin vaxtdan bəri üç dəfə, yəni 2011-ci ildə İzmirdə, 2012-ci ildə Qəbələdə və 2013-cü ildə Ankarada Şuranın iclasları keçirilib. Dördüncü iclas da yenidən Türkiyənin paytaxtında baş tutdu. Cənab İlham Əliyevin budəfəki Türkiyə səfəri bir sıra mühüm bəyanatların verilməsi baxımından çox önəmlidir. Belə ki, hər iki dövlət strateji məsələlərdə ortaq mövqedən çıxış etdiklərini növbəti dəfə bütün dünyaya bəyan etdilər. Xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə Türkiyə və Azərbaycan prezidentləri dəyişməz mövqelərini ortaya qoydular. Münaqişənin həlli prosesində Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı bütün dünyaya nümayiş etdirildi”. Siyasi ekspert danışıqların gedişində qondarma erməni soyqırımının da müzakirə olunduğunu diqqətə çatdırıb: "Bu barədə çox ciddi fikir mübadiləsi oldu və Ərdoğan bu ilin aprel ayının 24-də Çanaqqala zəfər yürüşünün keçirilməsi ilə bağlı qərar qəbul etdiyini açıqladı. Azərbaycan Prezidentini də həmin tədbirə dəvət etdi. Zəfər mərasiminin qondarma soyqırım gününə təsadüf etməsinin çox böyük siyasi əhəmiyyət kəsb etdiyini bəyan edən dövlət başçımız məmuniyyətlə Türkiyə Prezidentinin dəvətini qəbul etdi”. E.Nəsirli görüşdə iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyi ilə bağlı ciddi fikir mübadiləsi aparıldığını bildirib: "Hazırda 5 milyard dollar olan ikitərəfli iqtisadi əlaqələrin səviyyəsinin gələn illərdə 15 milyard dollara çatdırmaq haqqında razılaşmalar əldə edilib. Həmçinin, iki dövlət arasında birgə silah-sursat istehsalı ilə bağlı da yeni anlaşmalar
gündəmə gətirilib və birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılıb. Bütün bunların hamısı səfərin çox uğurlu olduğunun göstəricisidir. Hər iki dövlət başçısının ikitərəfli münasibətlərinin fundamental məsələləri ilə, xüsusilə də ermənilərin təcavüzü ilə bağlı çox ciddi mesajlar verməsi Ermənistana havadarlıq edən dairələrə ciddi siqnal kimi qəbul olunmalıdır”.
İsmayıl