Azərbaycanlılar Suriyaya Gürcüstan vasitəsi ilə gedirlər
Din, "cihad” uğruna azərbaycanlıların Suriyaya getməsi, İŞİD-ə qoşulması artıq bir neçə ildir ki, ölkəmiz üçün baş ağrısına çevrilib. Gənclərimizin gizli yollarla İŞİD-ə qoşulması, Suriyaya keçmək istəyərkən azərbaycanlıların Türkiyə sərhəddində hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, yaxud da, gənclərimizin öldürülməsi ilə bağlı hər gün müxtəlif xəbərlər almaqdayıq.
Bu dəfəki xəbər isə olduqca ilgincdir. Belə ki, Şəkidə üç uşağını götürüb Suriyaya gedən gəlin axtarışdadır. Rayonun Daşüz kənd sakini Elnurə Məmmədova ilə bağlı Azərbaycan və Türkiyənin hüquq-mühafizə orqanları araşdırma aparır. E.Məmmədovanın Yaxın Şərqdə gedən döyüşlərdə iştirak üçün qardaşlarının olduğu şəhərə getdiyi ehtimal edilir. Gəlin anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə gedib. Üç uşaq anasının qardaşları bir neçə ildir Suriyada Əsəd rejiminə qarşı savaşır.
Gəlinin qayınanası, 84 yaşlı Humay Məmmədova deyib ki, onların harada olduğu bilinmir.
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə şübhə etmir ki, Azərbaycan vətəndaşı hər hansı vasitə ilə Suriyaya keçib, İŞİD dəstələrinə qoşulmaq istəyənlərdir: "Vəhhabi təriqətinə üzv olan insanların böyük əksəriyyəti İŞİD üzvləri və ya tərəfdarlarıdır. Əvvəlcə onlar asanlıqla Suriyaya keçə bilirdilər. Artıq məsələ Azərbaycanda problem səviyyəsinə qalxdıqdan sonra onların Suriyaya keçməsi çətinləşdi. Suriyaya "cihad” üçün gedənlər də iz itirmək üçün birinci olaraq Türkiyəyə gedirlər. Türkiyədən isə qaçaq yolu ilə Suriyaya keçirlər. Hesab edirəm ki, Gürcüstana gedən vəhhabilər də nəzarətə götürülməlidir. Çünki gözdən pərdə asmaq üçün Tbilisiyə keçənlər də var. Artıq Türkiyədə də bu məsələ diqqət mərkəzində olduğu üçün Türkiyənin xüsusi xidmət orqanları tərəfindən yaxalanaraq Azərbaycana ekstradisiya olunurlar”. Hüquq müdafiəçisinin sözlərinə görə, Suriyaya keçən zaman Türkiyə də bundan sonra sərhədi keçən insanlarla bağlı diqqətli olmalı və şübhələndikləri şəxsləri nəzarətə götürməlidir. Azərbaycan tərəfi də ciddi araşdırmalar aparmalıdır: "Bu məsələ Cinayət Məcəlləsinin müvafiq maddəsində də öz əksini tapıb. Qanunsuz silahlı birləşmələrə qoşulan hər bir Azərbaycan vətəndaşı cinayət məsuliyyəti daşıyır”.
Şəymən