Supermarketlərdə vaxtı ötmüş məhsullar satılır

“Bu tarixlərin yazılmasında da ən əsas diqqət yetirilməli bir məqam var ki, istehlakçılar yazının şriftinə fikir verməlidirlər”
Sahibkarların yeni hoqqası üzə çıxıb. Vaxtı keçmiş məhsulun üzərindəki tarixi dəyişib yenidən satışa buraxırlar. Malını israf edib ziyana düşmək istəməyən bəzi sahibkarlar bunun yolunu yazılan rəqəmləri silib yeni tarixlə əvəzləməkdə və ya ümumiyyətlə, son istifadə tarixini göstərməməkdə tapıb.
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən mini-marketlərin birindən xama alan əməkdaşımız məhsulu istifadə edərkən barlanmış olduğunu görüb. Halbuki xamanın üzərində istifadə müddətinin bitmədiyi əks olunub. Qeyd edək ki, bu hal birinci dəfə deyil. Digər əməkdaşlarımız da bir müddət əvvəl supermarketlərdən aldıqları xamanın və dondurmanın köhnə olduğunu deyib.
Malların buraxılma tarixi, saxlanma müddəti və saxlanma şəraiti ilə bağlı ölkədə çox ciddi problemlər olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əsasən süd-qatıq məhsulları istehsal edən sahibkarların bəzi fırıldaqlara yol verdiyini açıqlayıb. Onun sözlərinə görə, ağartı məhsullarının istehsal, yararlılıq və son istifadə müddətləri qapaqların üzərində yazılır ki, bunu da dəyişib yeniləmək çox asandır:
"Lazım olanda həmin yapışqan kağız yenilənib yenidən marketlərə qaytarılır. Bəzən də elə həmin kağızı qopardıqda altında köhnə tarixin saxlandığı hallarla da rastlaşmaq mümkündür. Biz tələb etmişik ki, tarix elə bir yerdə vurulmalıdır ki, məhsulun qapağı açılanda "plomb” kimi qırılıb düşməlidir. Ölkədə elə sosiska istehsalçıları var ki, hər 10 sosiskadan bir istehsal və saxlanma tarixi qeyd olunur. Lakin bunu etməyən sahibkarlar da var. Bu baxımdan alıcılar özləri belə məhsullara diqqət yetirməlidir”.
AİB sədri çox ciddi pozuntulara rast gəlinən sahələrdən birinin də spirtli içkilər bazarı olduğunu deyib. Onun dediyinə əsasən, hazırda satışda olan əksər spirtli içkilərin üzərində istifadə müddəti göstərilmir, şərabların 85 faizində son istifadə tarixi "müddətsiz” olaraq yazılır ki, bu da yanlış göstəricidir. Çünki belə məhsullar qaldıqca, onların tərkibindəki metal birləşmələri ağırlaşdığından, insan orqanizmi üçün təhlükəli olur: "Hər bir məhsulun saxlanma müddəti konkret texniki şərtlərlə müəyyən olunur. İstehsalçılar daim iş aparırlar ki, malların ən sonuncusunu da istehlakçının boğazına tıxasınlar. Tütün və tütün məmulatları haqda qanun qəbul edildikdə biz təklif etdik ki, siqaret qutularının üzərində istehsal tarixi yazılsın. Lakin bu təklif qəbul edilmədi, halbuki, müəyyən saxlanma şəraiti şərtləri gözlənilməklə siqaret 1 ildən artıq saxlanıla bilməz”.
Satışda olan məhsulların istifadəyə yararlı olub-olmadığını İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin yoxladığını vurğulayan ekspert deyib ki, bu komitə məhsulların üzərində qeyd olunan saxlanma müddətinin bitib-bitmədiyini yoxlayır. Lakin həmin məhsulların üzərinə istehsal və saxlanma tarixinin vurulmasına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir. Bu tarixlər istehsal yerində vurulur, lakin "QosStandart” həmin tarixin düzgün olub-olmadığına qərar verir.
E.Hüseynovun sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün istehsal tarixi vurulan hissənin sonradan yapışdırılan kağız olub-olmadığına baxsın. İstehlakçının hüququ var ki, satış şəbəkəsindən malın qaimə sənədini tələb etsin və malın dükana nə vaxt gəldiyini, istehsal və saxlanma tarixini öyrənsin: "Lakin Azərbaycanda satılan malların 80 faizinin heç bir sənədi yoxdur. Nazirlər Kabinetinin qərarı var ki, hər bir ədədinin üzərində tarix olmayan məhsulların açıq satışı qadağandır. Lakin bu gün bütün marketlərdə konfetlər açıq satılır. Bu sahədə də kütləvi surətdə aldatma var. Həmin qərarda göstərilir ki, ət məhsulları paket formasında satılmalıdır və hər paketin üzərində istehsal tarixi vurulmalıdır. Amma supermarketlərdə ət açıq formada satılır. Yalnız paketlənmiş və buraxılma tarixi olan ət almaq lazımdır. Bu tarixlərin yazılmasında da ən əsas diqqət yetirilməli bir məqam var ki, istehlakçılar yazının şriftinə fikir verməlidirlər. Orijinal tarixlər avtomatik formada nazik tuşla yazılır. Qalın şriftlə yazılanlar isə sonradan əlavə edilənlərdir”.
Şəymən