“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər”






Ölkə başçısı İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında olduğu kimi Suraxanı rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub. Suraxanı rayonu tikinti-quruculuq işlərinin ardıcıl getdiyi, iri sənaye potensialının mərkəzləşdiyi məkana çevrilib.

Sürətlə abadlaşan rayon bu gün sanki yenidən qurulur. İlin 1-ci rübünün yekunları ilə bağlı iclasda çıxış edən rayonun icra başçısı İlqar Abbasov vurğulayıb ki, son 15 il ərzində dövlət başçısı İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafını təmin edib. İcra başçısının məlumatına görə, cari ilin birinci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat olub. Əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib. 1154 yeni daimi iş yeri açılıb. Rayonda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kv.m. asfalt örtüyü çəkilib. Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib.

Rayonda sosial müdafiə tədbirlərinə xüsusi əhəmiyyət verilir

Suraxanıda yaşayan iqtisadçı-ekspert Əli Kərimov diqqətə çatdırıb ki, son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi önəm verilir. Onun sözlərinə görə, ötən müddət ərzində aidiyyəti idarələr tərəfindən 8 min 885 nəfərə sosial müavinət verilib, 1013 ailəyə ünvanlı sosial yardım təyin edilib: "Rayon Məşğulluq Mərkəzi tərəfindən 898 nəfər işlə təmin edilib, 158 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsinə də mühüm önəm verilib. Rayonda 1435 yeni iş yerinin açılması, abadlıq, yaşıllaşdırma və çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə 36-sı məcburi köçkün olmaqla cəmi 568 nəfər cəlb olunub. Digər qurumlarda isə 662 nəfər vətəndaş işə cəlb edilib. Rayonda məşğulluq səviyyəsinin artırılmasında yeni iş yerlərinin yaradılması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə sahibkarlığın inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, ötən il dekabr ayında Hövsan qəsəbəsində yaradılan zeytunçuluq təsərrüfatına 3,6 milyon manat güzəştli kredit ayrılıb və 113 yeni iş yerinin yaradılması nəzərdə tutulub”.

Sakinlərin müraciətlərinə həssaslıqla yanaşılır

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu prinsip əsasında quran Suraxanı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdıran Suraxanı rayonu Prezident İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edib, daha da gözəlləşib, müasirləşib. Bütün bunlar rayonun həyatında yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hesabat dövründə əhalinin müraciətlərinə, sosial problemlərinin həllinə həssas münasibət bəslənilib. Rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbullarının təsdiq olunan qrafikə uyğun, habelə növbədənkənar qaydada keçirilməsinə mühüm önəm verilib. İcra başçısı tərəfindən 2017-ci il ərzində 2 min 905 nəfərin iştirakı ilə 51 səyyar görüş-qəbul keçirilməsi, 574 nəfər vətəndaşın qəbul edilməsi də bunun bariz ifadəsidir. Səyyar qəbullarda səslənən məsələlərin əksəriyyəti müsbət həll edilib, bəzi problemlərlə bağlı isə aidiyyəti qurumlara müraciətlər göndərilib.

Məcburi köçkünlər diqqət mərkəzindədir

Ötən il mart ayının 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verilmiş tapşırıqlar Suraxanı Rayon İcra Hakimiyyətində keçirilən iclasda geniş müzakirə olunaraq konkret tədbirlər müəyyənləşdirilib. Suraxanıda məskunlaşmış məcburi köçkün Rafiq Hümbətov deyib ki, rayon ərazisində müxtəlif ünvanlarda 20 mindən artıq məcburi köçkün yaşayır. Onun sözlərinə görə, ötən illər ərzində qaçqınların məişət problemlərinin həlli istiqamətində bir sıra mühüm işlər görülüb: "Məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki "Gilavar” uşaq bağçasının və Bülbülə qəsəbəsindəki "Azərtuneltikinti” şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib. Rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub. Yurd-yuvalarından didərgin düşən insanların bütün ehtiyacları qısa müddət ərzində ödənilir”.

"Bir bələdiyyə - azı bir layihə” proqramı uğurla həyata keçirilir

"Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, 11 şəhidin xatirəsi əbədiləşdirilib. Hövsanda Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılan "1941 - 1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsinin Ə.Mehbalıyev küçəsində "Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb. Küçələr abadlaşdırılıb, həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb. Ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib. "Nümunəvi abad məhəllə”lərin salınması, sakinlərin istirahəti və uşaqların əylənməsi üçün oturacaqlar, söhbətgahlar, idman və oyun elementlərinin quraşdırılması da diqqət mərkəzində saxlanılıb. Sahəsi 1,5 hektar olan 45 gölməçə qurudulub və müxtəlif növ tullantılardan təmizlənib, həmin ərazilərdə qazon və ağaclar əkilib. Ekoloji vəziyyətin yaxşılaşmasına rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi keçirilən iməciliklər də müsbət təsir göstərib. Suraxanıda 16 ümumrayon iməciliyində 7562 ədəd ağac əkilib.

Suraxanı rayonunun sönməyən odu - Atəşgah

Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş "Atəşgah məbədi”nin də özünəməxsus yeri var. Prezidentin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda abadlaşma işləri həyata keçirilib. 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilib, yeddi ay ərzində başa çatdırılıb. Hazırda Atəşgah məbədi "Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin filialı kimi fəaliyyət göstərir. Lakin onun özünəməxsusluğu, unikallığı və UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi "Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradıb. Elə buna görə də, dövlətimizin səyi nəticəsində "Atəşgah məbədi” UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi- Mədəni İrsin İlkin siyahısına daxil edilib.

"Ölkəmizi tanıyaq” tur-aksiyası, Suraxanıya turist axını...

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyaların keçirilməsi artıq ənənəyə çevrilib. Ötən 4 il ərzində 7 istiqamət üzrə 8 tur-aksiya təşkil edilib. Həmin tur-aksiyalarda iştirak edən məktəblilərin sayı, ümumilikdə, 17 minə çatıb. Onlardan 299 nəfəri Suraxanı məktəbliləridir. Respublikamızın digər rayonlarından Suraxanıya səfər edən tur-aksiya iştirakçıları da buradan zəngin təəssüratla ayrılıblar. Bu da təsadüfi deyil. Çünki son 14 ildə Suraxanıda həyatın bütün sahələrində, o cümlədən, turizm sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Rayonda yaradılan müasir infrastruktur - rahat yollar, istirahət və əyləncə kompleksləri, sağlamlıq mərkəzləri turistlərin diqqətini çəkir. Ötən il ərzində təkcə "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun 30 min 751 nəfər ziyarətçini qəbul etməsi bunun parlaq ifadəsidir. Bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur.

Heydər Əliyev Mərkəzi - ən çox ziyarət edilən ünvan

Mərkəzə ziyarətə gələn rayon sakinləri, yerli və xarici qonaqlar burada əyani vəsaitlərdən istifadə etməklə ulu öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq imkanı qazanırlar. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 80 minə yaxın yerli və xarici ziyarətçi tanış olub, burada elektron kitabxananın xidmətindən 16 mindən artıq istifadəçi faydalanıb. Mərkəzdə 2017-ci il ərzində 22 ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər qurumlar ilə birgə 2009-cu ildən bəri 220-dən artıq tədbir keçirilib. Mərkəzdə ayda bir dəfə tədris olunmaqla "Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir. Dərslərin yüksək səviyyədə tədrisi üçün bütün zəruri təşkilati məsələlər həll edilib. Heydər Əliyev Mərkəzi ilə digər ziyarətçilərlə yanaşı, məktəblilər də davamlı tanış olur, onun imkanlarından səmərəli faydalanırlar. Fəaliyyətə başladığı gündən ümummilli liderimizin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif layihələr reallaşdıran Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən ilin sentyabr ayından daha bir layihəni reallaşdırmağa başlayıb.

Rayonun tarixi şəxsiyyətləri...

Suraxanı bir çox tarixi şəxsiyyətlər yetirib. Azərbaycan ədəbiyyatı və incəsənətinin bir çox görkəmli simaları məhz bu torpağın yetirməsidir. Böyük tarixçi, ədib Abbasqulu ağa Bakıxanov Əmircanda doğulub. Dünya şöhrətli rəssam Səttar Bəhlulzadə, məşhur satirik Səməd Mənsur, şair Tofiq Bayram, tarixçi, akademik Əlisöhbət Sumbatzadə, SSRİ Xalq artisti Mirzağa Əliyev və başqa görkəmli şəxsiyyətlər mədəniyyət tariximizin dəyərli simalarıdır. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun da adı tarixə qovuşub. Qarabağ müharibəsi başlayarkən, Aqarunov cəbhəyə könüllü yazılmışdı. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamasa da, Aqarunov cəbhəyə getməkdən vaz keçməmişdi. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına həlak olub. Onun Əmircan qəsəbəsində yaşadığı binanın üzərində quraşdırılmış xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf sahələr abadlaşdırılıb. Həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb. Eyni zamanda, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib.

İsmayıl Qocayev

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan 
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.