"Sürət həddi yüksək olan yollarda insanların işləməsi düzgün deyil"

"Yolları təmizləyən işçiləri maşının vurub öldürməsi üzücüdür"
Bu barədə "Sherg.az”a Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.
Ekspertin qənaətincə, texnika çoxaldıqca işsizlərin sayı da artır. Bu baxımdan işlərin texniki vasitələr tərəfindən yox, əl əməyi vasitəsi ilə görülməsinə üstünlük verirəm:
"Lakin bunu paytaxtın bütün yollarına şamil etmirəm. Əsasən sürət həddi yüksək olan yollarda insanların işləməsi düzgün deyil. Burada texnikadan istifadə olunmalıdır. Digər tərəfdən də istənilən yerlərdə təhlükəsizlik tədbirləri həyata keçirilməklə insanlar sağ-salamat işlərini yerinə yetirə bilər. Lakin biz həmin təbdirləri görmürük. 
Məsələn, işçilərə uzaqdan görüləcək geyimlər paylanılmalıdır. Təmizlik işləri gedən əraziyə stop işarəsini bildirən pramidalar qoyulmalıdır. Bu tədbirləri Kommunal Təsərrüfat Departamenti görməli idi. Amma sözügedən qurum bunların heç birini reallaşdırmadı. İşçi qüvvəsinin çox, iş yerlərin az olduğu yerlərdə əl əməyindən istifadə edilməlidir. Sadəcə bir sıra tədbirlər həyata keçirməklə buna nail olmaq olardı. Beləliklə də işsizlər işlə təmin olunardı".
Qeyd edək ki, Bakıda daha bir süpürgəçi qadın yol qəzanın qurbanı olub. Hadisənin Nəsimi rayonu ərazisində baş verdiyi bildirilir. Dünyasını dəyişən qadının təxminən 55-60 yaşlarında olduğu bildirilir.
Xatırladaq ki, məlum hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyəti yolların texnika vasitəsilə təmizlənəcəyinə dair məlumat yayıb. Xəbərdə deyilir ki, məlum vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir. Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər.
Kənan Eynuroğlu