Suriya ərazisində böyük toqquşmalar gözlənilir

ABŞ-Türkiyə gərginliyi bölgədə müharibə ehtimalını artırıb




Suriyada Afrin əməliyyatına hazırlaşan Türkiyə Silahlı Qüvvələri Kilis sərhədindən PKK və PYD mövqelərini Fırtına topları ilə bombalayıb. Türkiyə ordusu PYD-nin 7 mövqeyini vurub. Qardaş ölkənin yaxın günlərdə Suriyada növbəti əməliyyata başlayacağı gözlənilir. Hələlik düyməyə basılmasa da, əməliyyatlara iki-üç günə start veriləcəyi deyilir. Bu məsələni Rusiya ilə müzakirə etmək üçün Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Moskvaya gediblər.

ABŞ-dan Suriya açıqlaması: "Türkiyəyə borcumuz var”

ABŞ-ın Dövlət katibi Reks Tillerson beynəlxalq koalisiyanın Türkiyə sərhədində 30000 nəfərlik ordu qurmaq planından danışıb. Dövlət katibi Türkiyənin sərt etiraz etdiyi plan üçün bunları söyləyib: "ABŞ-ın Suriyanın şimalında sərhəd gücləri formalaşdırmaq kimi bir niyyəti yoxdur. Türkiyənin nədən bu şəkildə etiraz etdiyini anlaya bilirəm. Yerli güclərə təlim keçməyimizin səbəbi orada İŞİD-dən təmizlənən bölgələrdəki təhlükəsizliyi qorumaqdır”.

"Əgər Türkiyə hərbi təyyarələri hücuma keçərsə...”

Suriya hökuməti Türkiyənin ölkənin şimalındakı Afrin bölgəsində hərbi əməliyyata hazırlaşmasına münasibət bildirib. Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad Türkiyənin Afrinə yönəlmiş hər hansı hərbi əməliyyatının ölkəyə hücum kimi qiymətləndiriləcəyini bildirib: "Əgər Türkiyə hərbi təyyarələri hücuma keçərsə, Suriya hava hücumundan müdafiə sistemi türk təyyarələrini yox etməyə hazırdır.

"ABŞ-ın gözü oradakı neft yataqlarındadır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın Afrin şəhərində əməliyyata başlanılacağı ilə bağlı xəbərdarlıqlarının ardından, Amerika mətbuatı Ağ Evin əsl məqsədinin neft olduğunu açıqlayıb. ABŞ-da dərc edilən "The New York Times” qəzeti məlumat yayıb ki, bu layihə baş tutarsa, Suriya ərazisi daha da bölünəcək və ölkə ərazisində olan neft yataqları ABŞ-ın nəzarətindən çıxacaq. Vətəndaş müharibəsinin yaşandığı Suriyaya sülh gətiriləcəyini iddia edən ABŞ bölgəyə girildikdən sonra terror təşkilatlarını dəstəkləmək üçün əhalinin qırğınlarına səbəb olub. Suriyada milyonlarla insanın həyatını itirməsinə səbəb olan Amerika Türkiyədə qanlı hücumlar təşkil edən PKK-nın Suriyadakı uzantılarına da açıq şəkildə dəstək verir. "New York Times” qəzeti YPG terroristlərinə təxminən 5000 TIR silah və döyüş sursatı göndərən Amerikanın əsas iddialarından da yazıb: "Prezident Rəcəb Tayyib Ərdoğanın israrlı şəkildə "Suriyanın Afrin şəhərinə girəcəyik” deməsi ABŞ-da ciddi narahatlığa səbəb olub. Bu narahatlığın əsas səbəbi odur ki, iki il ərzində bölgəyə əhəmiyyətli investisiyalar qoyulub. Hazırda Suriyada ən zəngin neft ehtiyatı olan yataqlar məhz bu ərazidədir”.

"ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir”

Türkiyənin Baş naziri Binəli Yıldırım deyib ki, son üç gün ərzində ABŞ rəsmiləri ard-arda biri-birini təkzib edən fərqli açıqlamalar veriblər: "ABŞ-ın atdığı addımlar müttəfiqliyə yaraşmır. Vaşinqton qərarını dəyişməlidir. Son 3 gündə Birləşmiş Ştatlar rəsmiləri tərəfindən ard-arda fərqli bəyanatlar verilib. ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır”.


"Biz Afrində əlaqəli şəkildə əməliyyat aparacağıq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, ABŞ verdiyi sözə əməl etmədi. Nazirin sözlərinə görə, sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər: "İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan çəkilməklə daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığımız davam edir. Vaşinqton Rakkadan sonra bizə verdiyi sözə əməl etmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”. Çavuşoğlu bildirib ki, ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir: "Bizim burada opponentimiz Amerikadır. Əsədin hakimiyyətdən getməsi məsələsində səmimiyik. Ancaq ABŞ-ın da səmimi olması lazımdır”.

"Amerikanın bu cür açıqlamadan sonra...”

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin prinsipial və qətiyyətli mövqeyi nəticəsində ABŞ geri çəkilir. Ekspert bildirib ki, hələlik Türkiyə ilə ABŞ arasında diplomatik danışıqlar aparılır, çox güman ki, Vaşinqton Türkiyənin Menbiçdə hərbi əməliyyatlara başlamasına imkan verməsin: "Amerikanın bu cür açıqlamadan sonra Ankaranın hərbi əməliyyatlara başlaması real görünmür. Əgər türk ordusu Menbiçə girərsə, ABŞ-Türkiyə hərbi toqquşması və Türkiyənin sanksiyalara məruz qalması qaçılmaz olar. Məncə, ABŞ-ın YPG terrorçularından qurmaq istədiyi Sərhəd Təhlükəsizlik Qüvvələri bir müddət gündəmdə olmayacaq. Amma Vaşinqtonun terrorçuları silahlandırması və Şimali Suriyada hərbi fəaliyyəti davam edəcək.

 Artıq Türkiyə hakimiyyəti Avropa İttifaqı ilə siyasi əlaqələrin yumşaldılması istiqamətində xarici siyasətində korrektələr edir. Ankara üçün həm ABŞ, həm də Avropa ilə iki cəbhədə mübarizə aparmaq Türkiyə üçün çıxılmaz vəziyyət yaradır. Avropa ölkələri ilə siyasi münasibətlərin bərpa edilməsi, Türkiyənin ABŞ qarşısında mövqeyini gücləndirəcək”.

İsmayıl