"Suriyadakı kimsəsiz qeyri-müəyyən duruma düşmüş bir-neçə yüz azərbaycanlının ölkəyə qaytarılması elə də asan məsələ deyil”.
Bunu "Sherg.az”a Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olması haqqında danışarkən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib.
Onun sözlərinə görə, burada problem yaradan bir neçə hüquqi, psixoloji, sosial, tibbi və s. kimi əngəllər var:
"Əvvəla bu qadınların vaxtilə çoxunun oraya girən kimi pasportu alınıb və kimliyi, vətəndaşlığı dəqiq rəsmi müəyyən deyil. Uşaqların çoxunun atasının naməlum olması kimi faktlar onların kimliyini şübhə altında qoyur. İkincisi, bu qadınların oraya necə gedib düşməsi, nə ilə məşğul olması, qanunsuz silahlı dəstələrə qoşulub, cinayət əməli törətməməsi ayırd olunmalıdır. Onların içində qayıdarkən dövlətə və cəmiyyətə qarşı təxribat məqsədli göndəriləni ola bilməsi təhlükəsizlik orqanı tərəfindən yoxlanmalıdır.
Həmçinin, antisanitar və buraxma şəraitdə infeksion epidemik, ağır venerik (SPID ve s.) xəstəliyi ehtimalı yerində müayinə edilib, ayırd olunmalıdır. Qalır adaptasiya məsələsi ki, o cür müharibə qırğın, xaoslu mühitdən sabit ölkəyə gələn dərhal uyğunlaşa bilmir. Bu da psixoloqların öhdəsindədir.
O qadınların çoxunun burada ev eşiyi yoxdur, yaxud bəziləri doğmaları tərəfindən qəbul edilməyəcəklər. Onlar dövlət tərəfindən yaşayış üçün sığınacaqla təmin olunmalıdır. Bütün bu sadalanan ağrılı, çoxsaylı problemlərin həlli üçün düşünürəm ki, xüsusi komissiya təşkil olunub, xüsusi yanaşma ortaya qoyulmalıdır. Ancaq bu halda proses dövlətin öz vətəndaşına sahib çıxması, ölkənin imicinə zərər gəlməməsi ilə bitsin. Digər tərəfdən isə, bu geriyə gətirilmə dövlətə və cəmiyyətə ziyansız ötüşsün”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bir uşağın artıq ölkəyə gətirilib, reabilitasiya prosesinə cəlb olunduğunu deyib. O vurğulayıb ki, 19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaq.
Aysel Aslan