Sürücülərin qayda pozuntusu haqqında məlumat verən sərnişinlər mükafatlandırıla bilərmi?

Tanınmış ekspertdən Moderator.az-ın təklifinə dəstək...





Məlum olduğu kimi, bəlli bir müddətdir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə sükan arxasında olarkən siqaret çəkən sürücülərin fotoqrafının çəkilməsi və adıçəkilən quruma göndərilməsi ilə bağlı müraciət edib.

Müraciətdə vurğulanır ki, qayda pozuntusu fotofakt əsasında isbatlanan sürücülər buna görə 40-50 manat məbləğində cərimə ediləcək.

Maraqlıdır, qayda pozan sürücü haqqında məlumat verən sərnişinə bu cərimədən müəyyən qədər mükafatın ayrılması mümkündürmü? Belə bir addım sərnişinlərin qayda pozuntusuna yol verən sürücülərə qarşı daha effektiv mübarizəsinə səbəb ola, onlar üçün stimula çevrilə bilərmi?

Moderator.az-a aşıqlama verən nəqliyyat məsələləri üzrə tanınmış ekspert Azər Allahverənov bu təklifin qayda pozuntularına qarşı mübarizə baxımından faydalı ola biləcəyini vurğulayıb. Ekspert hesab edir ki, belə bir addımın atılması sərnişinləri bu kimi qayda pozuntusuna qarşı mübarizəyə daha da həvəsləndirə bilər:



"Şübhəsiz ki, belə bir addım sərnişinlərin bu məsələdə aktivliyinin artmasına səbəb ola bilər. Hesab edirəm ki, kəsilən cərimələrdən müəyyən faizin ödənilməsi sərnişinlərin bu kimi qayda pozuntuların qarşısını ala biləcək çəkilişlər etməsi, bu fotoların BNA-ya göndərilməsi prosesini bir növ stimullaşdırmış olar.

Əslində müxtəlif ölkələrdə belə praktika mövcuddur. Bu və ya digər formada qayda pozuntusu varsa, bu qayda pozuntusu haqqında məlumat verən şəxsə kəsilən cərimədən müəyyən faiz ödənilir. Yəni bu, həmin şəxsə qonorar şəklində verilir.

Ancaq bunun icra mexanizmini müəyyənləşdirmək, işləyib hazırlamaq lazımdır. Bu, ilk baxışdan sadə görsənən bir prosesdir. Kimsə düşünə bilər ki, kiməsə yazılan 100 manatlıq cərimənin 10-12%-nin qeyri-qanuni hərəkəti qeydə alan şəxsə ödsənilməsi adi bir məsələdir. Lakin burada digər amillər də var. Bu, qonorardısa, bundan vergi tutmaq prosesi də işə salınmalıdır. Bu vəsaitlərin həmin şəxsə hansı şəkildə köçürülməsi və s. kimi məsələlər də mövcuddur ki, bütün bu məsələlər normativ sənədlərdə də öz əksini tapmalıdır.

Stimullaşdırıcı amil kimi bu təklif nəzərdən keçirilə bilər. Bunun tətbiqi ilə bağlı müəyyən qərarlar olsarsa, o zaman şübhəsiz ki, sərnişinlərin sürücülər tərəfindən yol verilən qayda pozuntusuna qarşı daha aktiv mübarizəsini bu yolla stimullaşdırmaq olar.

Bu, sərnişinlərin bu kimi xətaların qeydə alınması prosesində daha da fəal şəkildə iştirakına səbəb olar. Bu baxımdan hesab edirəm ki, məlum təklifin reallaşması mümkündür. Lakin qeyd etdiyim kimi, bütün məsələlər normativ bazada öz əksini tapmalı, sənədlərlə tənzimlənməlidir. Maliyyənin köçürülməsi, ondan vergi tutulması və digər məsələlər də öz həllini tapmalıdır. Bundan sonra həmin təklifin tətbiqi mümkün olar”.