Sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq

Artıq Azərbaycan vətəndaşları xarici ölkələrdə rahat maşından istifadə edə biləcəklər



Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilir. Məlumata görə, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.

Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - "ə”, "ğ”, "ö”, "ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Qanun layihəsi parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Yeni dəyişikliklərlə bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov yeni qaydaları müsbət qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, Azərbaycana məxsus sürücülük vəsiqələrinin bəzi ölkələrdə tanınmasına baxmayaraq, böyük dövlətlərdə bu mümkün deyildi: 

"Həmin dövlətlərdə sürücülərimiz və nəqliyyat vasitələri üçün ümumi tələblər var. Eyni zamanda sürücülərin sənədlərinə qoyulan xüsusi tələblər də mövcuddur. Onlardan da biri bizim sürücülük vəsiqələrinin xarici ölkələrdə tanınmasıdır. 

Bu, böyük çətinliklər törədirdi. Əlbəttə, qanunvericiliyimizdə edilən dəyişiklik təqdir olunmalıdır. Təbii ki, bu yenilik birdən-birə və tam tətbiq olunmasa da, məsələnin üzərində çalışırlar. Bu məqam hər zaman mübahisəli bir məsələ idi və qanunvericilikdə əksini tapmamışdı. 

Yeni dəyişikliklərin tətbiq olunması sürücülərin həm başqa ölkələrdə rahat və sərbəst maşından istifadə etməsinə, həm də ölkəmizdə ümumi yol hərəkətinə aid olan sənədlər toplusunun beynəlxalq standartlara uyğun gəlməsinə imkan yaradacaq. 

Çünki gələcəkdə ölkəmizdə yol nişanlarından başqa, bütün göstəricilərin özünün də beynəlxalq standarta uyğunlaşması baş verəcək. "2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinin təmin olunması” ilə bağlı sərəncamda da bunlar öz əksini tapıb. Yeniliklərin üzərinə işləmək lazımdır. Düşünürəm ki, yeni dəyişikliklər ölkəmizin nəqliyyat sahəsindəki üstünlüyünə şərait yaradacaq”.

Yeganə Bayramova