Sürüşmə halının baş verməsi heç kimdən asılı deyil

“Çox vaxt elə ərazilər olur ki, orada binaların 2-3 mərtəbədən artıq hündürlüyə qaldırılması olduqca təhlükəlidir. Lakin 15-20 mərtəbəyə qədər binalar tikilir”
“Amma tikinti işləri apararkən diqqətsizliyə yol verilir”


Son günlər ölkəmizdə havaların yağışlı keçməsi ilə əlaqədar sürüşmə sahələrində aktivləşmə artıb. Bu hal sakinlər üçün çox risklidir. Zığ bölgəsində vəziyyət gərginliyi ilə seçilir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Zığda vəziyyətin xeyli fəallaşdığını və təhlükəli zona olduğunu söyləyib.

Həmçinin digər bölgələrdə də fəallaşma müşahidə olunur. İsmayıllı-Ağsu-Şamaxı zonasında vəziyyət gərginləşməyə doğru gedir. Evlərin tikiləcəyi torpaq sahələri ciddi şəkildə nəzarətdən keçirilməlidir. Bəzən elə sahələr var ki, orada evlərin tikintisi olduqca təhlükəlidir.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova yaşadığımız yarımadanın tamamilə gil təbəqəsinin üzərində olduğunu deyib. Onun sözlərinə görə, su səviyyəsi qalxdıqca, gil olan yerlərdə sürüşmələr qeydə alınır: "Sürüşmə halının baş verməsi heç kimdən asılı deyil. Bu, sadəcə, təbiətin bir fəlakətidir. Amma tikinti işləri apararkən diqqətsizliyə yol verilir. Çox vaxt elə ərazilər olur ki, orada binaların 2-3 mərtəbədən artıq hündürlüyə qaldırılması olduqca təhlükəlidir. Lakin 15-20 mərtəbəyə qədər binalar tikilir. Tikilən evlərin ərazisində torpağın altına 2-3 metr və ya 5-6 metr suvaylar basdırmaq lazımdır. Suvay isə ana torpağa birləşməlidir. Bu suvaylar torpağın dərinliyinə yerləşdirilsə, sürüşmə halları baş verməz. Yer altında hansı hissədə qaya varsa, suvay gedib o qayalara dirənməlidir ki, su səviyyəsi qalxdıqda bədbəxt hadisələrin qarşısı alınsın. Buna baxmayaraq suvayları cəmi 1 metr edirlər. Bu isə olduqca qorxuludur. Ümumiyyətlə, mən bu məsələ ilə bağlı dəfələrlə fikir bildirmişəm. Düşünürəm ki, belə hallara qarşı biganə yanaşmaq lazım deyil”.

Tikinti işləri aparılarkən əvvəlcə ərazidə ciddi geoloji qazıntıların vacib olduğunu deyən Z.Budaqova məsələyə barmaqarası baxılmasından gileylənir: "16 mərtəbəli bina tikilərkən binanın özündən də 2 dəfə artıq yeraltı qazıntılar aparılmalıdır. Binanın altında dərinliyə suvaylar birləşdirilməlidir. Tikintilərdən öncə geoloqların hərtərəfli araşdırmaları aparılmalıdır”.

Yeganə Bayramova