" “Suyu bulandıran” Amerikadır” - “Cığallıq” edir

"Nüvə sazişi ilə bağlı əsas "suyu bulandıran” Amerikadır”.
Bu sözləri "Sherg.az”a İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin Moskvaya səfəri ilə bağlı danışarkən politoloq Tofiq Abbasov söyləyib. 
Onun sözlərinə görə, Amerika bu sazişi ləğv etməyə çalışır:
"Rusiya və Çin də sazişin Qüvvəsini itirməməsində maraqlıdır. Bu zaman ölkələr mövqe sərgiləmək məcburiyyətində qalacaq. İran isə bildirib ki, saziş qüvvəsini itirsə, nüvə araşdırmalarına qayıdacaq. ABŞ-ın bu məsələdə hegemon dövlət kimi beynəlxalq qayda qanuna riayət etməməsinin şahidi oluruq, ABŞ "cığallıq” edir.
Zənn edirəm ki, İran XİN rəhbərinin Moskva səfəri ilk olaraq, Suriya məsələsi ilə bağlıdır. Yenidən həmin ərazidə vəziyyət gərginləşir, sabitlik pozulur. Ciddi təhdidlərin qarşısını almaq üçün Türkiyə Astana formatından çıxmayıbsa, İran, Türkiyə və Rusiya əks tədbirlər həyata keçirməlidir.
İrandakı qarışıqlıqdan sonra bu dövlətə qarşı təhdidlər baş qaldırdı. İranın dövlət orqanları tərəfindən nümayişlərin qarşısının alınması, araşdırmaların aparılması xarici ölkələrin rolunun olub-olmadığını gündəmə gətirir. İran rəhbərliyi İsrail və ABŞ-ı günahlandırdı, əks tədbirləri görüləcəyini bildirdi. Düşünürəm ki, yenidən Astana formatının təkmilləşdirilməsi müzakirə olunur”.
Qeyd edək ki, səfər çərçivəsində M.C. Zərifin rusiyalı həmkarı Sergey Lavrovla nüvə sazişi də daxil olmaqla, müxtəlif məsələlər ətrafında siyasi məsləhətləşmələr keçirəcəyi gözlənilir.
Yanvarın 11-də isə M.C. Zərifin Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin dəvəti ilə Brüsselə səfəri nəzərdə tutulub. Səfər zamanı M.C. Zərifin almaniyalı, fransalı və britaniyalı həmkarları ilə nüvə sazişi ətrafında son vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, 2015-ci ilin 14 iyulunda İranla "altılıq ölkələri” arasında İranın nüvə proqramı üzrə yekun Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb.
Tehran höküməti sazişə əsasən öz silah plutoniumunu istehsal etməmək, 15 il ərzində özündə 3,67 faizədək zənginləşdirilmiş urana 300 kq-dan artıq malik olmamaq, öz nüvə obyektlərini yenidən təchiz etmək və ondan yalnız dinc məqsədlərlə istifadə etmək barədə öhdəlik götürüb. Bununla yanaşı, BMT TŞ-nin İrana qarşı tətbiq etdiyi silah embarqosu 5 il ərzində, İrana ballistik raket texnologiyaları üzrə texnologiyanın satılmasına qadağanı 8 il ərzində saxlanılacaq, MAQATE ekspertləri 25 il ərzində İranın nüvə obyektlərinin monitorinqini aparacaq. Sazişin şərtləri pozulduqda isə Qərbin sankiyaları bərpa oluna bilər.
Aysel Aslan