"Onların ağrısını bəzən öz canımda hiss edirəm"
"Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar erməni girovluğunda olan günahsız azərbaycanlıları düşməndən alıb, bizə qaytara bilməyəcək"
Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətindən narazıdır. Haqsız da sayılmaz. Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə yenilik yoxdur. Beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin "qanunları" ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir. Təəssüf ki, bununla bağlı hələ ki, irəliləyiş yoxdur.
Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşdüyünü vurğulayan Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, deputatlar sessiyanın gündəliyində olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini səsləndirəcəklər. Təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır.
Bununla belə B.Muradova deyib ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq. Təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların da öz doğma yurdlarına qayıdışının təmin edilməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır.
Millət vəkili Tahir Kərimlinin dediyinə görə, hər bir Azərbaycan vətəndaşı girovlar məsələsinə görə özündə məsuliyyət hiss edir:
"Bəzən də özümüzü günahkar kimi hiss edirik. Populizm deyil, doğrudan da mən onların başına gətirilən faciələrə çox üzülürəm. Onların ağrısını bəzən öz canımda hiss edirəm. Düşünürəm ki, bu acizlik ağrısıdır. Məgər biz bu qədərmi çarəsizik? Əslində bütün problemlərin kökündə Dağlıq Qarabağ məsələsi dayanır. Biz bu münaqişənin həllinə nail olmalıyıq ki, girovlarımız məsələsi birdəfəlik həll olunsun”.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə girovlarımızın azad olunması məsələsinə gəldikdə isə millət vəkili deyib ki, Ermənistan təəssübkeşliyi onları lazımi məlumatları Azərbaycana çatdırmalarına mane olur: "Sözsüz ki, bu məsələnin əsas ağırlığı onların üzərində deyil.
Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar erməni girovluğunda olan günahsız azərbaycanlıları düşməndən alıb, bizə qaytara bilməyəcək. Beynəlxalq təşkilatların gücü ilə girovlarımızın azad olunacağına ümid etmək sadəlövhlük olardı. Dağlıq Qarabağ münaqişəsi elə bir düyünə düşüb ki, beynəlxalq təşkilatlar ucu ora söykənən hər hansı məsələnin həllinə nail ola bilmirlər”.
T.Kərimlinin sözlərinə görə, Azərbaycan aktiv müstəviyə keçərək beynəlxalq məhkəmələrə müraciət etməli və Dilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığına nail olmalıyıq:
"Azərbaycan dövləti həmişə öz vətəndaşına sahib çıxıb, bundan sonra da çıxacaq. Doğmaları bilsin ki, Dilqəmin, Şahbazın taleyi Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir, onların azad edilməsi ilə bağlı beynəlxalq səviyyədə daim ciddi iş aparılır. Azərbaycan dövləti öz vətəndaşlarını heç vaxt taleyin ümidinə buraxmır. Dilqəm də, Şahbaz da girovluqdan azad ediləcək”.
Şəymən