Tarixçi deputatın təklifini DƏSTƏKLƏDİ: "Cümhuriyyət Xiyabanının salınması..."





"2018-ci ilin "Cümhuriyyət ili” elan olunmasından gözləntilərimizdən biri də məhz Bakı şəhərinin mərkəzində Cümhuriyyət Xiyabanının salınması idi”.

Bunu "Sherg.az”a Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Rafael Hüseynovun Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkının salınması barədə təklifinə münasibət bildirərkən Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova söyləyib. 

O qeyd edib ki, ayrı-ayrı şəxslər tərəfindən səsləndirilən bu fikirlərin ümumiləşdirilməsi təqdirəlayiq haldır:

"Bu işə tez başlamaq lazımdır. Çünki həmin c Cümhuriyyətin quruculuğunda xidmətləri olan şəxslərə aid ümumi xatirə kompleksinin yaradılması da önəmlidir. Mühacir cümhuriyyətçilərin ehtiramla qorunmayan, unudulan məzarlarının ölkəmizə gətirib, həmin xiyabanda dəfn olunması da tədbirlər planına daxil edilə bilər.

Gürcüstanda 1-ci Cümhuriyyət adlanan park salınıb. Ölkəmizdə də belə parkın olması vacibdir. Çünki Azərbaycanda qurulmuş Cümhuriyyət müsəlman şərqində ilk demokratik Cümhuriyyətdir. Bu baxımdan parkın məkanı elə yerdə seçilməlidir ki, ölkəmizə gələn qonaqların gəzinti qrafikinə daxil edilən məkanlara yaxın olsun. 

Bu baxımdan Mərkəzi Cümhuriyyət Bağının salınmasına böyük dəstək veriləcək, Cümhuriyyətin 100 illiyi ilə bağlı müəyyən olunan vəsaitdən parkın salınmasına da pul ayrılması lazımdır.

Tədqiqatçıların və tarixçilərin üzərinə bu proqramın icrası üçün məsuliyyət düşür. Onlar öz tədqiqatları, əllərində olan tarixi faktlar və araşdırmalarla parkın salınmasına dəstək göstərməlidirlər. Ümumilikdə, Cümhuriyyət bağının salınması önəmli tədbirlərdən olacaq”.

Qeyd edək ki, R.Hüseynovun sözlərinə görə, parkda Cümhuriyyət tarixində rolu olanların abidəsi, tarixi salnamələr və s. ucaldıla bilər ki, yeni nəsillər mütəmadi bununla canlı tanış olsun.
SSRİ dövründə 26 Bakı Komissarı bağını və onun təbliğatda rolunu xatırladan komitə sədri bildirib ki, milli cümhuriyyət parkının olması təqdirəlayiqdir.

Ayyət Əhməd