Hadı Rəcəbli: “Sadəcə həyətlərdə su qalıb. Bunlar da uzun müddət qalarsa, təsərrüfata ziyan verə bilər”
Güclü yağışlar nəticəsində Lənkəranda fərdi yaşayış evlərini və həyətyanı sahələri su basıb. Rayonun ayrı-ayrı kənd və qəsəbələrində, həmçinin Lənkəran şəhərində 1000-dən çox ev su ilə dolub.
Sel suları evlərin zirzəmilərinə axıb, xeyli sayda ev quşlarının tələf olmasına, ərzaq və kənd təsərrüfatı məhsullarının korlanmasına səbəb olub. Əhali evlərindən çıxa bilmədiyindən iş yerlərinə, uşaqlar isə məktəbə gedə bilməyiblər. Rayonun Havzava kəndində sel elektrik dirəyini yuyub apardığı üçün burada 20-dək ev işıqsız qalıb.
Həmçinin, şəhərdə yerləşən rayon Elektrik Şəbəkəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin binalarını su basdığından həmin təşkilatların iş fəaliyyətini dayandırdığı bildirilirdi.
Əraziyə cəlb olunmuş köməksiz vəziyyətdə qalmış 38 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər. Həmçinin, xilasedicilər Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yağış suları dolmuş mal-qara fermasından 30 baş xırdabuynuzlu və 10 baş iribuynuzlu heyvanları təhlükəsiz əraziyə çıxarıb.
Bölgədəki son vəziyyətlə bağlı "Şərq”ə məlumat verən Lənkərandan seçilmiş millət vəkili Hadı Rəcəbli bununla bağlı iki gün ərzində hadisə yerində olaraq vəziyyətlə maraqlanıb. Onun sözlərinə görə, FHN-in Cənub Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri xeyli işlər görüb: Bununla yanaşı, rayon sakinlərinin ciddi narazılığına səbəb Lənkəranla bir sıra kəndlər arasındakı yolların su basması idi. Sonradan həmin yollar sudan təmizləndi və çınqıl tökülərək bərpa olunub”.
H.Rəcəbli Digah, Girdəni, Veraul, Zil, Şağlasel, Separati kəndləri arasındakı bağlanan yolların dünən (noyabrın 25-də red) açıldığını bildirib: "Həmçinin bir sıra həyətlərdə indi də su qalıb. O həyətlərə yığılan sular Rayon Su Kanal İdarəsinin texnikası vasitəsilə çəkilir. Şəhər İcra Hakimiyyətinin bütün aparatı bu işlərlə məşğuldur. Yerlərdə sakinlərin özləri də yardım edirlər. Əgər yağışlar davam etməsə, iki günə yaranmış fəsadlar tamamilə aradan qaldırılacaq”. Ziyan dəymiş sakinlərə kompensasiyanın ödənilib-ödənilməməsinə gəlincə, deputat ilkin olaraq sakinlərə böyük miqdarda maddi ziyanın dəymədiyini açıqlayıb: "Sadəcə həyətlərdə su qalıb. Bunlar da uzun müddət qalarsa, təsərrüfata ziyan verə bilər. Bununla belə dəymiş ziyan FHN, Lənkəran İH və bələdiyyələrin iştirakı ilə aparılan araşdırmalar nəticəsində öyrəniləcək. Əgər ehtiyac yaranarsa, bu məsələ qaldırıla bilər”.
Millət vəkili Lənkəranın kanalizasiya probleminə də toxunub: "Lənkəranın özündə kanalizasiya sistemləri, suötürücü qurğular olduğuna görə ciddi problemlər yaşanmadı. Lakin bir kənd dəniz səviyyəsindən hündürdə yerləşir. Kəndlərdən dənizə gedən arxlarda dəniz suyu çəkə bilmir. Bunun üçün də motor və texnika qurğuları quraşdırılmalıdır. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik. Məsələ gündəmdədir”.
Qeyd edək ki, Lənkəran Elektrik Şəbəkəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri də fəaliyyətini bərpa edib.
Vüqar Şahinoğlu