Əjdər Tağızadə: “Həbslərlə millətçiləri nəzarətdə saxlamağa çalışırlar”
Güney azərbaycanlılarına qarşı İran dövlətinin basqı və təzyiqləri davam etməkdədir. Basqılar o həddə çatıb ki, artıq Azərbaycan bayrağı ilə şəkil çəkdirdikləri, "Laçın” qrupuna üzv olduqları üçün həbs olunanlar var.
İranın azərbaycanlıların hüquq və azadlıqlarını pozması məsələsinə toxunan Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə isə bildirib ki, İranda azərbaycanlılara qarşı basqılar hər zaman olub, bu gün də davam edir. Fars rejimi hakimiyyətdə olduğu müddətdə də olacaq. Onun sözlərinə görə, İranda yaşayan ərəblər, kürdlər rejimə qarşı silahlı mübarizə aparırlar. Güney azərbaycanlıları isə rejimə qarşı demokratik, sivil mübarizə aparırlar. Bu gün Azərbaycanın güneyində güclü milli hərəkat mövcuddur: "Orada baş verən daxili basqıya və çətinliklərə baxmayaraq, onlar öz istəklərini dilə gətirməkdən çəkinmirlər. Rejim də bundan qorxur və ona görə də həbslərlə millətçiləri nəzarətdə saxlamağa çalışırlar. Azərbaycan türklərinin həbs edilməsi qərarı onlara yuxarılardan, yəni təhlükəsizlik orqanlarından gəlir. İranda olan siyasət adamları, hakimiyyətdə olanlar başqa məsələlərdə bir-birlərinə əks mövqedə dayansalar da, Azərbaycan məsələsində hər zaman həmfikirdilər. Onlar deyirlər ki, Azərbaycan türkünü hər zaman basqı altında, əsarətdə saxlamaq lazımdır. Azərbaycan Respublikasının öz soydaşlarına, Güney azərbaycanlılarına dəstək olmasından qorxaraq, onlar daima erməniyə tərəf çıxış edirlər. İranda rəhbərlik hesab edir ki, azərbaycanlılar imkan əldə etsələr, onlardan ayrılarlar. Milli istiqlal, qadın haqları, mədəni hüquqlar məsələsi yenidən qabarar. Molla rejimi azadlıqdan, demokratiyadan, modern cəmiyyətdən - cin "Bissimillah”dan qorxan kimi qorxur”. Tehran rejiminə və onun ədalətsiz əməllərinə qarşı mübarizə aparan hər bir hərəkatçının müxtəlif ittihamlarla həbsə alındıqlarını vurğulayan Ə.Tağızadənin sözlərinə görə, bir azərbaycanlının Azərbaycan bayrağı ilə şəkil çəkdirməsində nə var ki, irticaçı rejim o dəqiqə təzyiqlərə, həbslərə başlayır: "Güneyli soydaşlarımıza qarşı təzyiqlərdə, hədələrdə heç bir səngimə yoxdur. Onların əksəriyyəti zindandadır və orada onlarla çox pis davranırlar, məhkum hüquqlarından məhrum ediliblər. Mənim əldə etdiyim məlumatlara görə, bu gün Təbrizdə, Ərdəbildə güneyli soydaşlarımızın vəziyyəti çox ağırdır. 35 milyondan artıq Azərbaycan türkü, Azərbaycanın güneyində əsarətdədir, dili kəsilib, hüquqları pozulub, milli haqları, insan haqları pozulub, qadınların, uşaqların, fəhlə sinfinin, müəllimin haqqı pozulub. Onların bir dənə ümid yeri var, mənəvi dəstəyə ehtiyacı var, o da Azərbaycan Cümhuriyyəti, Azərbaycanın quzeyidir. Bəzən deyirlər ki, Azərbaycan rəsmi Tehranla dostluq əlaqələri qursa, oradakı soydaşlarımızın hüquqları da qorunmuş olar. Amma mən bunu düzgün hesab etmirəm.
Onlarla dostluq eləmək odla oynamaq kimi bir şeydir. Onların işi fitnə-fəsaddan ibarətdir. Bəzi adamlar var ki, İrana gedib gələndən sonra rejimin şanına təriflər yağdırır. Çünki onların pərdə arxasında baş verənlərdən xəbərləri yoxdur. İran rejimi də Sovet hökuməti kimi "üstü bəzək, altı təzəkdir”.
Şəymən