Təcili yardım maşınlarında kameraların olması çox vacibdir

Bununla vaxt itkisini aradan qaldırmaq və xəstənin həyatını xilas etmək mümkün olacaq


Ölkəmizdə təcili yardım xidmətinin daha operativ şəkildə işləməsi üçün müəyyən tədbirlər
nəzərdə tutulub. Əksər hallarda " Təcili tibbi yardım” maşınları çağırış ünvanına vaxtında gedib
çata bilmirlər. Bunun da əsas səbəblərindən biri yollarda tıxacların olmasıdır.

Bəzən tıxaclar zamanı təcili tibbi yardım maşınlarına yol verilmir. Bu isə müəyyən ciddi
problemlərin yaranmasına gətirib çıxarır. Artıq insanlarda qeyri-ixtiyari olaraq təcili yardım
maşınlarının sonda gəlməsi fikri formalaşır. Məhz bu problemlərin aradan qalxması üçün tibbi
yardım maşınlarının önünə kamera quraşdırılması nəzərdə tutulur. Bu üsulla da sanitar
avtomobillərə yol verməyənlər daha rahat müəyyənləşdiriləcək və barələrində müvafiq tədbir
görüləcək. Bundan əlavə təcili tibbi yardım maşınlarının salonlarında da kameraların
yerləşdirilməsi planlaşdırılır. Bununla da həm tibb işçilərinin, həm də pasiyentlərin hərəkətlərinə
nəzarət olunacaq. Həmçinin, təcili tibbi yardım maşınlarına yol verməyən nəqliyyat vasitələri
daha rahat cərimələnəcək.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin
sözlərinə görə, bir sıra ölkələrdə bu sistemdən istifadə olunur.
Hazırda müvafiq qurumlara təkliflər göndərilib və layihə üzərində iş gedir.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov layihənin olduqca yaxşı bir
addım olduğunu söyləyib. O bildirib ki, bununla təcili yardım xidmətinin daha da faydalı vəoperativ olmasına nail olmaq olar: 

"Avropada və bir sıra qərb ölkələrində belə bir təcrübə var. Elektron sistemin bizim maşınlara da tətbiq olunması çox vacibdir. Vaxt itkisini aradan qaldırmaq və xəstənin həyatını xilas etmək mümkün olacaq. Bu addımın faydalı tərəfləri çoxdur. Həkimlər xəstə yanına tez çatıb vaxtında müdaxilə edə biləcəklər. Aydındır ki, gecikmə hallarında həkimlər təqsirləndirilir. Belə bir düşüncə yaranır ki, onsuz da təcili tibbi yardım gec gəlir, xəstəni özümüz aparaq. Güman edirəm ki, bu təklif öz faydalarını gətirər və
vətəndaşlarımız üçün xeyirli olar”.

Yeganə Bayramova