Təhlükə sovuşmayıb...

Metroda da missionerlər at oynadır
Bakı metropoliteninə missionerlər ayaq açıb. Təbii, buna görə, metropoliten rəhbərliyini qınamaq fikrində deyilik. Missionerlik fəaliyyəti ilə məşğul olanın alnında kimliyi yazılmayıb. Onlar da digər sərnişinlər kimi, gediş haqqı ödəyib metroya enir, sonra isə yerin altında fəaliyyətə keçirlər. Bu halın şəxsən şahidi oldum.
Ötən gün işdən evə qayıdarkən metronun "İnşaatçılar” stansiyasının platformasında dayanıb qatarı gözləyirdim ki, iki qadın mənə yaxınlaşdı. Aramızdakı qısa dialoqu təqdim edirəm:
- Salaməleyküm.
- Salam.
(Salam verən qadına diqqətlə baxdım. "Bu kimdir? Bəlkə tanışdır?” düşündüm. Amma yox, tanıdığıma oxşamırdı).
Qadın davam etdi:
- Biz hamıya Allahın adıyla yaxınlaşırıq.
- Çox gözəl...
- Sizinlə söhbət etmək istəyirik.
(Bir ara ağlıma gəldi ki, bəlkə yardım istəyirlər, son vaxtlar müalicə üçün pul xahiş edənlər, dərman pulu istəyənlər çoxalıb axı. Amma zənnimdə yanılmışdım)
- Buyurun. Nə barədə söhbət etmək istəyirsiniz?
(Yenə əvvəlki sözlər)
- Biz hamıya Allahın adıyla yaxınlaşırıq.
- Buyurun, sözünüzü deyin.
- Siz hansı müqəddəs kitabları oxuyursunuz?
Hələ də sadəlövhcəsinə cavab verməkdəyəm:
- Mən bir müqəddəs kitab tanıyıram, o da "Qurani-Kərim”dir. Onu oxuyuram.
Bu dəfə ikinci qadın dilləndi:
- Bəs, "İncil”i, "Tövrat”ı oxumursunuz?
(Burda artıq məsələnin məğzi aydın oldu; missionerlərdir)
Tərs kimi də qatar platformaya artıq daxil olmuşdu. Evə tələsdiyimdən qatarı qaçırmaq istəmirdim. Tələsik cavablarını verdim:
- Xanım, "İncil” də, "Tövrat” da hamısı Quranda cəmlənib. "Qurani-Kərim” sonuncu səmavi kitabdır və orada bütün dinlər haqqında məlumat verilir.
Qadınlar əl çəkmək istəmirdi və "arqumentləri” işə saldılar:
- Necə ola bilər ki, uşaq birinci sinfə getməmiş 7-ci sinfə getsin?
- Xanım, qarışdırmayın, bunlar fərqli məsələdir... dedim və qatara mindim. Amma nahaq. Gərək o qadınları bir az danışdıraydım və hara, kimlərə xidmət etdiklərini öyrənməyə çalışaydım. Ancaq elə bu qısa söhbətdən də məlum idi ki, onlar missionerlərdir və təbliğatla məşğuldurlar. Həm də azərbaycanlı qadınlardır, təxminən 40-45 yaş arasında.
Demək missionerlik fəaliyyəti hələ də real təhlükədir. Onlar o qədər əl-qol açıblar ki, sərbəst şəkildə insanlara yaxınlaşır və təbliğat aparırlar. Bu həm də bir həqiqəti də ortaya qoyur; əhalisinin 90 faizi müsəlman olan bir ölkədə qeyri-islami dini cərəyanlar insanları ələ alıb, yolundan sapdırır. Demək ki, dinimizin təbliği, ümumiyyətlə, düzgün dini təbliğat işi aparılmır.
Məlum hadisəyə münasibət bildirən "Mənəvi Dünya” İctimai Birliyinin sədri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli qeyd etdi ki, bəzi missioner qruplar Azərbaycandakı tolerantlıq mühitindən məqsədli şəkildə yararlanırlar:
- Azərbaycanda dini etiqad və vicdan azadlığı var. Tolerant mühit hökm sürür. Bəzi qeyri-ənənəvi dini cərəyan nümayəndələri də bundan sui-istifadə edir, öz zərərli fikirlərini yayırlar. Hər bir insanın dini görüşlərini sərbəst ifadə etmək hüququ var. Amma bu əsas vermir ki, başqasının etiqadını aşağılayasan, onu öz dinindən döndərməyə səy edəsən, zərərli fikirlər yayasan, qanunla qadağan olunmuş fəaliyyətlə məşğul olasan. Baxın, bəzi beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycanda guya dini etiqad azadlığının olmadığını qeyd edir, guya, inanclı insanlara basqı olduğunu iddia edirlər. Amma təsəvvür edin ki, Avropada fəaliyyəti qadağan olunmuş bir sıra dini cərəyanlar Azərbaycanda fəaliyyət göstərirlər. İndi bizmi tolerantıq, yoxsa Qərb?
Məlumdur ki, missionerlik fəaliyyəti ilə məşğul olanların arxasında konkret dairələr dayanır. Bilirsiz ki, elə dini cərəyanlar var, döyüşməyi qadağan edir. Hətta ərazisinin 20 faizi erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycanda bəzi dini cərəyanlar torpaq uğrunda döyüşməyi haram hesab edir. Deməli, onların fəaliyyətinin arxasında məkrli məqsəd gizlənir. Azərbaycanda ənənəvi dinlər arasında heç vaxt problem olmayıb. Azərbaycanlılarla xristianlar, yəhudilər bir yerdə mehriban yaşayıblar, indi də belədir. Hətta biz dəfələrlə xalqımıza qarşı alçaqlıq etmiş ermənilərlə də sakit ortamda yaşamışıq. Problem qanunlar pozulduğu zaman yaranır.
H.Ş.Həsənli missionerlik fəaliyyəti ilə məşğul olan cərəyan nümayəndələrinin qarşısının alınmalı olduğunu dedi:
- Hesab edirəm ki, zərərli fəaliyyətlə məşğul olanların qarşısı alınmalı, qeydiyyatları ləğv edilməlidir. Görünür ki, bu adamlar heç nədən çəkinmir, öz fikirlərini inadkarcasına başqalarına təlqin etməyə çalışırlar. Onların həqiqi mahiyyətləri təbliğatlarının məzmununda üzə çıxır. Bir halda ki, hamıya Allahın adıyla yanaşdıqlarını deyirlər, onda sual olunur; Allah birdir. Müsəlman üçün də, xristian, yəhudi üçün də. Belə olduğu halda, kiminsə "Qurani-Kərim” və ya "İncil”, "Tövrat” oxuyub-oxumamasının onlar üçün nə fərqi var və niyə məhz bu iki kitabı oxutdurmağa səy göstərirlər?! Deməli, məqsəd başqadır. Məqsəd insanları islamdan uzaqlaşdırmaqdır. Ona görə də hesab edirəm ki, onların fəaliyyəti qanunaziddir və bu cür əməllərlə məşğul olanlara qarşı ciddi ölçü götürülməlidir.
H.Ş.Həsənli missionerlik fəaliyyətinin davam etməsinin səbəbini isə həqiqi dini təbliğatın aşağı səviyyədə olmasında görür:
- Ənənəvi din lazımi şəkildə təbliğ olunmadıqda qeyri-ənənəvilərin ayaq açması gözləniləndir. Etiraf etməliyik ki, bizdə hələ də islam dini lazımi şəkildə, düzgün təbliğ olunmur, izah edilmir. İslam dini düzgün təbliğ olunarsa, bəzi zərərli cərəyanların fəaliyyəti genişlənə bilməz.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini cərəyanlarla bağlı statistik rəqəmlərində ölkədə 588 dini qurumun qeydiyyatdan keçdiyi bildirilir. Onlardan 567-si islam, 21-i isə qeyri-islam təmayüllüdür. Qeyri-islam təmayüllülər arasında 12 xristian, 6 yəhudi, 1 krişna, 2 bəhai dininə mənsub icmalardır. Ötən ilin rəsmi məlumatlarında isə qeyd edilir ki, son 4 il ərzində cəmi 2 icmanın qeydiyyatı ləğv edilib. "Həyatverici lütf” dini icması və hansısa avtomobil qarajında qeydə alınmış bir icmadır. Bu siyahıya ötən il qeydiyyatı ləğv edilmiş "Fatimeyi-Zəhra” dini icmasını da əlavə etməliyik. Baxmayaraq ki, bu dini icma islam təmayüllü idi.
Qeydiyyata alınmış 588 dini icma və qeydiyyatı ləğv edilmiş cəmi 3 icma. 9 milyonluq əhalisi olan ölkə üçün düşündürücü rəqəmlərdir. Onu da xatırladaq ki, bu ilin yanvar ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsində qanunsuz dini təbliğat apardıqlarına görə iki nəfər - bir qadın, bir kişi Qaradağ rayonu polisi tərəfindən saxlanılmışdı. Bu adamların "Yəhova şahidləri” dini təriqətinin üzvü olduqları müəyyən edilmişdi.
Məlahət Rzayeva