Millət vəkillərinin etirazı nəzərə alınmadı, qanun layihəsi qəbul olundu
Təhsil, elm ikinci plana keçirildi
“Müharibə şəraiti bitənə qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər”
Millət vəkillərinin etirazı nəzərə alınmadı, qanun layihəsi qəbul olundu
Millət vəkillərinin etirazı nəzərə alınmadı, qanun layihəsi qəbul olundu
Dünən Milli Məclisdə "Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, magistratura təhsilinin iki istiqamət üzrə aparılması ilə bağlı maddə "Elm haqqında” qanun layihəsindən çıxarılıb. Magistratura təhsilinin iki istiqamət üzrə aparılmasını əhəmiyyətli hesab edən İ.Həbibbəyli əlavə edib ki, II oxunuş üçün yenidən müzakirələr zamanı həmin maddənin layihədən çıxarılmasına qərar verilib: "Bu maddə "Təhsil haqqında” qanun üçün daha əhəmiyyətlidir. Ona görə maddəni "Təhsil haqqında” qanuna əlavə və düzəlişlər kimi etmək fikrindəyik”.
Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər
Millət vəkili bildirib ki, layihənin ən sonuncu variantı Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: "İlk dəfədir ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Həmçinin, ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Elmlər doktoru elmi dərəcə olsa da, AMEA-nın müxbir üzvi, həqiqi üzvlüyü elmi rütbə hesab edilmirdi”. Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də "Elm haqqında” qanun layihəsindən çıxarılıb. İ.Həbibbəyli deyib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər. Komitənin sədri vurğulayıb ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb: "Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər”. Qanun layihəsi əsas kimi qəbul edilib və müzakirələr başlayıb.
"Biz diplom alırıq, yastığımızın altında saxlayırıq”
"Azərbaycanda alimlərin sayı 10 min nəfərə yaxındır. Amma hər 100 min nəfərə düşən göstəriciyə görə Azərbaycan düşmən Ermənistandan geri qalır”. Bunu müzakirələrə qoşulan deputat Zahid Oruc səsləndirib. Millət vəkili qeyd edib ki, alimin maaşı əsas kriteriya olmalıdır: "Elə universitetlər var ki, onların dövlət sifarişində yer alması anlaşılmazdır. Anti-reklam olmaması üçün onların adını çəkmirəm. Azərbaycanda dövlət universitetləri yarışmalıdır və onların reytinqi bununla bilinməlidir. Bu vasitə ilə onlar pul qazana bilərlər. Bu gün hər bir universitet tələbənin durumundan asılı olmayaraq dövlət sifarişi ala bilir. Lakin universitetlər arasında elələri var ki, orada 3-4 tələbədən başqa oxuyan yoxdur. O zaman dövlət sifarişi niyə alır? Bununla yanaşı, təklif edirəm ki, Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi adlandırılsın. Həmçinin narahatedici məqamlardan biri də hər zaman elmlə məşğul olmamağımızdır. Biz diplom alırıq, yastığımızın altında saxlayırıq. 23 yaşından sonra deyirik ki, əmək bazarının dəyişikliyinə uyğun diplomumuzu dəyişməyək. Dövlət onu da stimullaşdırmalıdır ki, əmək bazarına uyğun ikinci və üçüncü təhsil də alaq. Zamanla Azərbaycan universitetləri də reytinq cədvəllərində ön yerdə olacaq.
"Elm üçün vəsait ayrılmasa, onun inkişafından söhbət gedə bilməz”
Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, təhsildə olduğu kimi elmdə də fasiləsizlik təmin olunmalı və magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməlidir: "Dövlətin əsas vəzifələrindən biri də bu olmalıdır ki, təhsildə olduğu kimi elmi fəaliyyətdə də fasiləsizlik təmin olsun. Magistrlərə hərbi xidmətdən möhlət verilməlidir. 700 bal toplamış azərbaycanlı gənc aprel döyüşlərində həlak oldu. Təbii ki, Vətəni qorumaq hər bir azərbaycanlının borcudur. Amma Vətəni təkcə səngərdə deyil, öz sahəsində də müdafiə etmək mümkündür. Düşünürəm ki, o gənc elmi sahədə böyük töhfələr verərdi. Təklif edirəm ki, elmi fəaliyyətin davam etdirilməsi üçün magistratura və doktoranturaya qəbul olmuş şəxslər hərbi vəzifədən azad olunmalı, fəlsəfə doktorları isə ümumiyyətlə orduya çağırılmamalıdır. Ermənilərə üstün gəlməyimizin bir yolu da elmin üstün olmasından gedir”. Deputat elm üçün ayrılmış vəsaitin və elmi işçilərin maaşlarının artırılmasına da toxunub: "İqtisadiyyat kreditləşməsə, iqtisadiyyatın inkişafından söhbət gedə bilmədiyi kimi elm üçün vəsait ayrılmasa, onun inkişafından da söhbət gedə bilməz. Elmi işçilərin əmək haqqı artırılmalıdır. Bununla yanaşı, gənc alimlərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Buna görə ehtiyacı olan işçilərə sosial ipotekanın tətbiq edilməsi yaxşı olardı”.
"Maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”
"Təhsil kreditləri haqqında” qanun təcili olaraq müzakirəyə çıxarılmalıdır”. Bu sözləri isə xanım deputat Qənirə Paşayeva səsləndirib. O deyib ki, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır: "Amma təhsil kreditlərinə dair qanun qəbul olunarsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq, təhsilini başa vurub çalışmağa başlayanda həmin vəsaiti qaytarmağa başlayarlar. Bu, təhsilin də, elmin də inkişafına öz töhfələrini verə bilər.
Kəndlərdən, rayonlardan nə qədər imkansız ailələrin istedadlı uşaqları var. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq, təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilərik. Bu gün bəzi banklar təhsil kreditlərini qısa müddətə verir və yüksək faizlidir. Bu, problemləri həll edə bilməz. İndi dərs ili başa çatır və yeni dərs ilinin başlanmasına qədər ailələr, gənclər bilmək istəyir ki, "təhsil kreditləri qanunu” olacaq, ya yox. Onlar buna ümid edə bilərlər, ya yox?..”. "Hər bir kəs vətən qarşısında hərbi xidmətini yerinə yetirməlidir, amma davamlı təhsil istiqamətində yaxşı olardı ki, gənclər magistraturaya daxil olursa, onlar magistraturanı bitirənə qədər möhlət verilsin və magistratura təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollansınlar” - deyən Q.Paşayeva qeyd edib ki, bu təhsilin keyfiyyəti ilə bərabər, elmin inkişafına dəstək istiqamətində də vacib olardı.
"Biz özümüz qapı-qapı gəzib, öz təkliflərimizi verməliyik”
Millət vəkili Siyavuş Novruzov bildirib ki, elmin ayrı-ayrı sahələri özünün maliyyələşməsini təmin etməlidir: "Təklif edərdim ki, Milli Elmlər Akademiyasının tərkibində olan institutlar hesabat verərkən öz elmi-tədqiqatları nəticəsində büdcədən kənar nə qədər vəsait cəlb etdiklərini qeyd etsinlər. Biz adətən gözləyirik ki, hansısa təşkilat və şirkət sifariş versin və bunun əsasında işlər görülsün. Biz özümüz qapı-qapı gəzib, öz təkliflərimizi verməliyik. Ən azından 3 təklifdən biri keçəcək”.
Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinə gəlincə, deputat bildirib ki, bu məsələ "Hərbi səfərbərlik haqqında” Qanunun predmetidir: "Orada dəyişiklik olmadan burada dəyişiklik edilə bilməz. Hər gün atəşkəs pozulur. Orduya cəlb olunmaq hər bir vətəndaşın borcudur. Aprel döyüşlərində nə qədər gənc könüllü xidmət etmək üçün müraciət etdi. Əgər bu dəyişiklik qəbul olunsa, avtomatik olaraq bu maddə özü-öz əhəmiyyətini itirəcək. Müdafiə Nazirliyindən bildirildi ki, 40 yaşından aşağı insanlar əmək haqqı almaqla ordu sıralarına yazıla bilərlər. Ali baş komandanın tapşırığı sayəsində orduda xidmət sahələrini mülki vətəndaşlar həyata keçirir”.
Deputat eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında işçilərin sayının azaldılmasının da vacibliyini qeyd edib: "İnstitutların tərkibinə baxılmalıdır. Kəmiyyətdən çox keyfiyyətə fikir verilməlidir ki, az insan çox maaş alıb elmə böyük töhfə versin”.
Xanım deputat Aytən Mustafayeva davamlı təhsil, bağçaların Təhsil Nazirliyinə qaytarılması məsələsinə toxunub: "Bağçadan bünövrəsi qoyulan uşaqların təhsili məktəbdə davam etdirilsə, daha yaxşı olardı. Təhsil kreditləri ilə bağlı seçicilərdən müraciətlər alıram. Təhsil haqqına görə gənclər təhsilini yarımçıq qoyurlar.
Həmçinin elmi işçilərin cavanlaşmasına ehtiyac var. Elmi işçilərin əmək haqları azdır. Onların əmək haqqı artırılmasa, gəncləri elmə cəlb etmək çətin olacaq”.
Komitənin sabiq sədri Şəmsəddin Hacıyev narazılıq etdi
"Birinci oxunuşda qanun layihəsində əksini tapmış bəzi maddələrin ikinci oxunuşa təqdim olunmuş layihədən çıxarılması anlaşılmazdır”. Bunu isə millət vəkili, Elm və təhsil komitəsinin sabiq sədri Şəmsəddin Hacıyev deyib. Deputat bildirib ki, həmin maddələrin bir çoxu onlar tərəfindən müvafiq subyektlərlə razılaşdırılıb, hüquqi və maliyyə ekspertizasından keçirilib: "O cümlədən magistraturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə maddənin qanun layihəsindən çıxarılması mənim üçün anlaşılmazdır. Təhsildə fasiləsizliyin davam etdirilməsi üçün magistraturada təhsil alanlara möhlət hüququnun verilməsi lazımdır”.
Deputat Elman Nəsirov Ali Attestasiya Komissiyasının üzvü kimi plagiat hallarına rast gəlindiyini bildirib: "Ancaq burada bir neçə məqam var. Tutaq ki, 150 səhifəlik dissertasiya tamamilə köçürülübsə, bu, plagiat sayılır və məsələ aydındır. Ancaq 150 səhifəlik dissertasiyanın 5 səhifəsi köçürülübsə, iddiaçı deyir ki, bu, çox azdır və qismən köçürülmə plagiat sayılmamalıdır. Ona görə də qismən köçürülmə məsələsinə də aydınlıq gətirilməlidir”.
"Uşağının paltarının, boğazının fikrini çəkən alimdən, elmi ixtira gözləmək əbəsdir”
Millət vəkili Əli Məsimli sözügedən qanunun xeyli təkmilləşdirildiyini vurğulayıb: "Bu elə bir qanundur ki, mütəmadi təkmilləşməlidir. Hər bir ölkənin inkişafı elmlə bağlıdır. Biz alimlərin, elmi işçilərin maaşlarına diqqət etməliyik. AMEA-da maaşlar bu gün çox aşağıdır. 200 manatdan aşağı əməkhaqqı alan elmi işçi orada qalıb, elmlə məşğul olmayacaq. Bu da təbiidir. Dövlət büdcəsindən vəsait bölünərkən, elmə daha çox pul ayrılmalıdır. Alimlərimiz maddi çətinlik yaşamamalıdırlar. Uşağının paltarının, boğazının fikrini çəkən alimdən, elmi ixtira gözləmək əbəsdir”.
Millət vəkili Fuad Muradov bildirib ki, Prezidentin təhsilə, elmə olan qiyməti son nəticədə qanunvericilik istiqamətində yeniliklərin tətbiq olunması ilə bağlıdır. O qeyd edib ki, gənclərimizin elmə gəlməsi üçün şərait yaratmalıyıq: "Çox təəssüf ki, bu gün elmimiz yaşlaşır, bütün dünyaya əks proses gedir. İsa müəllimdən xahişim var ki, elmi işçilərin vəzifələri maddəsində, kiçik elmi işçidən tutmuş baş elmi işçiyə qədər vəzifələr qeyd olunub. Gənc baş elmi işçiyə gələnə qədər 75 yaşı olacaq. Gəncləri müəyyən qədər stimullaşdırmalıyıq. Amma imkan yaradaq ki, insanın əlində şərait olsun. Bu məsələni dəfələrlə qaldırmışıq, birinci oxunuşda da bildirmişik. Dünya elmində belə bölüm yoxdur. Çox xahiş edirəm, bu, nəzərə alınsın.
Həmçinin elmi işçi elmi müəssisədə çalışır. Reallıqları bilirik ki, bir dənə işlə bağlı elmi işçi, gənc özünü dolandıra bilmir. Burada deyirlər ki, büdcəni qaldıraq. Biz başa düşməliyik ki, elmə qoyulan vəsaitlər nə vaxtsa qayıtmalıdır. Reallıq ondan ibarətdir ki, büdcənin qaldırılması ilə nailiyyətlər əldə olunmalıdır. AMEA-da ciddi islahatlar olmalıdır. Bu gün insitutların sayı elmi işçilərin sayından çoxdur”.
Bununla da "Elm haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başa çatıb. İkinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsi 7 fəsil, 41 maddədən ibarətdir. Qanun layihəsi müzakirələrdən fəsillərlə səsə qoyulub və qəbul edilib.
Anar Bayramoğlu