“Kənarda məzunların təhlükəsizliyini təmin etmək valideynlərin ixtiyarına düşür”
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyinin tətbiq olunması ilə şagirdlərin 15 gün artıq dərsə getməsinə səbəb oldu. Həmin dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Buna görə də məzunların hər il səbirsizliklə gözlədiyi "Son zəng” tədbirinin vaxtının dəyişdirilməsi də avtomatik irəli çəkildi.
Bütün bunların ictimaiyyətdə səs-küyə səbəb olması digər bir məsələni - "Son zəng”in necə və harda keçirilməsini də gündəmə gətirdi.
Hər il olduğu kimi, bu il də "Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində, müəyyən vaxt məhdudiyyəti ilə təşkil ediləcək. Bu qabaqlayıcı tədbirlərin şagirdlərin təhlükəsizliyini nə qədər təmin edəcəyi və ya ümumən məzunların bu qaydalara əməl edib-etməyəcəyi isə sual altındadır.
Hər kəsə məlumdur ki, şagirdlər məktəbi tərk etdikdən sonra müxtəlif gəzintilər və ya ziyafətlərlə məktəbi bitirməklərini qeyd edirlər. Bəs belə tədbirlərdə məzunların təhlükəsizliyinin təmin olunmasına kim və nə dərəcədə təminat verilir?
Bu sual ətrafında "Şərq”ə danışan təhsil üzrə ekspert, pedaqoq Nabatəli Qulamoğlu şagirdlər üçün "Son zəng” keçirilməsinə yalnız məktəb daxilində qadağalar müəyyən olunduğunu deyir. Məktəbi tərk etdikdən sonra buna nəzarət etmək vəzifəsi isə birbaşa Təhsil Nazirliyinin öhdəliyindən çıxır: "Əslində bu sahədə müəyyən olunan qadağa sui-istifadə hallarının qarşısının alınması üçün tətbiq edilir. Bu, "Son zəng” bəhanəsi ilə məktəb rəhbərliklərinin şagirdlərdən rüşvət toplamasının qarşısını almaq üçün nəzərdə tutulub. Korrupsiyanın azaldılması istiqamətində bu qanunlar ciddiləşdirilir. Artıq məktəbdən sonra nazirlik və ya məktəb buna nəzarət edə bilməz. Təhsil Nazirliyi yalnız məktəb barədə qərarlar verə bilər, şagirdlərə "gedib hər-hansı bir yerdə toplaşmayın”- qadağası qoya bilməz. Bu zaman məzunların təhlükəsizliyini təmin etmək valideynlərin ixtiyarına düşür”. N.Qulamoğlu şagirdlərə ziyafət və ya gəzinti təşkilatçılığı edərkən müəllimlərin nəzarətinə şərait yaratmağı tövsiyə edir. Ekspertin sözlərinə görə, əks şəraitdə bu qərarın indi olduğu kimi gələcəkdə də nəticəsiz qalması qaçılmazdır: "Məzunlar müəllimləri təşkilatçılığa cəlb edərsə, daha rahat şəraitdə öz tədbirlərini həyata keçirə bilərlər. Nəzarəti öz boynuna götürən müəllim məsuliyyət hiss edərək, rəsmi şəkildə özündən yuxarı qurumlara - məktəb direktoruna, idarəçiliyə məlumat ötürəcək. "Yemək-içmək” ziyafətlərində məzunların təhlükəsizliyi baxımından valideynlər hələ çox nigaran qalacaqlar”.
Aysel Aslan