Elçin Əlibəyli: “Məktəblilər və ya tələbələr yalnız dərslikdən deyil, televiziyadan da öyrənə bilərlər”
“Təhsil” televiziyasından nə gözləyirik?
Şahlar Əsgərov: “Təklif edirəm, 700 bal toplayanların şəkilləri məktəb ləvazimatlarının üz qabığına vurulsun və təbliğ olunsun”
Elçin Əlibəyli: “Məktəblilər və ya tələbələr yalnız dərslikdən deyil, televiziyadan da öyrənə bilərlər”
Elçin Əlibəyli: “Məktəblilər və ya tələbələr yalnız dərslikdən deyil, televiziyadan da öyrənə bilərlər”
Azərbaycanda "Təhsil” adında yeni televiziya yaradılacaq. Kanal uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi, cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi daşıyacaq.
Teleməkanın yaradılmasına dair müddəa prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda öz əksini tapıb. Onun 2015-2016-cı illər ərzində təsis olunacağı və bu işlərin Təhsil Nazirliyi tərəfindən reallaşdırılacağı bildirilir. Layihədə təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunların hazırlanması da nəzərdə tutulub.
Təşəbbüsü dəyərləndirən təhsil eksperti Şahlar Əsgərov "Şərq”ə açıqlamasında qeyd edib ki, adıçəkilən televiziyanın yaradılması ölkənin təhsil həyatına çox müsbət töhfə verəcək. Onun sözlərinə görə, bu, çoxdan təsis edilməli idi: "Sevindirici haldır. İnsanın yaşaması üçün hava və su nə qədər labüddürsə, televiziya da təhsil həyatımız üçün bir o qədər zəruridir. Çünki İnformasiya-Kommunikasiya Texnologiyası əsridir. Hamı müasir texnologiyadan yararlanmağa və məlumatı daha asan şəkildə əldə etməyə çalışır”.
Ekspert söyləyib ki, hazırda təhsil həyatımızda çoxsaylı problemlərə rast gəlinir: "Rusiyada müəllim dövlət siyasətinin subyekti sayılır. Yəni dövlətin siyasətini aparan, ona məhəbbət yaradan zümrə kimi dəyərləndirilir. Amma Azərbaycanda müəllimə birmənalı yanaşma yoxdur. Baxın, bu günlərdə paytaxtda 118 nömrəli məktəbdə faciə baş verib. Həmin qətldə müəllimin də adı hallanır. Müəlllim qatil kimi təqdim olunur. Digər yandan isə müəllimlərə böyük ümid bəslənir. Həmin telekanalda belə məsələlər müzakirəyə çıxarılmalıdır. Təhsilə dair bütün problemlərə aydınlıq gətirilməlidir. Orta və ali təhsil müəssisələrinin fəaliyyətlərini işıqlandıran verilişlər hazırlamaq olar. Baxın, bu gün soruşsaq ki, Azərbaycanın ən öndə gedən orta və ali məktəbi hansıdır və ya hansı orta məktəbdən ildə neçə abituriyent tələbə adını qazanıb, bilən olmayacaq. Mətbuata belə xəbərlər ötürülmür. Əhali də məlumatsız qalır. Televiziya işini məhz bu yöndə qurmalıdır. Belə olan halda məktəblər arasında rəqabət mühiti yaranacaq ki, bu da təhsilin xeyrinədir. Direktorların hamısı bir nömrəli olmağa çalışacaq. Məsələn, Gədəbəydə hansı məktəbin birinci olduğunu bilməyin nəyi pisdir ki? Bu xəbər televiziya vasitəsilə səslənəndə, digər direktorlar çalışacaqlar ki, təhsilin keyfiyyətini artırsınlar və növbəti illərdə birincilər sırasında onun rəhbərlik etdiyi məktəbin adı çəkilsin. Bu çox yaxşı effekt verə bilər”.
Ekspertin qənaətincə, sözügedən kanal ölkənin təhsil həyatında fərqlənənləri üzə çıxarmalıdır: "Sovet quruluşundan fərqli olaraq liberal quruluşda töhmət olmalı deyil. Tərif və təltif olmalıdır. Töhmət sovetlər dönəmində vardı. Əslində müəllimə töhmət vermək olmaz. Yaxşı işləyən müəllimin maaşı artırılmalı, pis işləyənin maaşı isə olduğu kimi saxlanılmalıdır. Belə olan halda rəqabətlilik yaranacaq”.
Ş.Əsgərov təklif edib ki, TQDK-nın qəbul imtahanlarında maksimal 700 bal toplayanların şəkilləri məktəb ləvazimatlarının üz qabığına vurulsun: "Onları təbliğ etmək və örnək kimi göstərmək və efirlərə çıxarmaq lazımdır. İdman yarışlarında qalib olanlar efirə çıxırsa, bu prinsip təhsil həyatına da şamil olunmalıdır. Kitab və ya qələm əhli də efirlərə dəvət olunub, təbliğ olunmalıdırlar”.
Tanınmış teleaparıcı, televiziya üzrə ekspert Elçin Əlibəyli vurğulayıb ki, telekanallar mahiyyət etibarilə həm sosial-pedaqoji, həm də tədris funksiyasını yerinə yetirir: "Təkcə azyaşlı və ali təhsil alan insanlardan söhbət getmir. Ümumiyyətlə, adıçəkilən telekanal əhalinin maariflənməsinə dair proqramlar tərtib etməlidir. Maarifçi, tarixçi, ədəbi və digər humanitar sahələr barədə bildiklərimizi yeniləmək və ya bilmədiklərimizi öyrənmək funksiyası daşımalıdır. Məsələn, sovet dönəmində təhsil almış insanlar cümhuriyyət dövrü və ya Azərbaycan tarixinin müəyyən dövrlərindən xəbərsizdirlər. Onların yenidən tarix dərsliyi oxumağa nə həvəsləri, nə də vaxtları, imkanları var. Bu məlumat onlara verilişlər və ya filmlər vasitəsilə ötürülməlidir. Eyni zamanda televiziyada müxtəlif yaş qrupları müəyyənləşməlidir. Baxın, BBC böyük bir layihə həyata keçirir. O layihədə azyaşlılara etik davranışlar haqda qaydalar aşılanır. Cizgi filmləri təqdim olunur. Yeniyetmələr üçün isə başqa seriallar verilir. Orada yeniyetmələrin həyatlarını necə qurmaları barədə tövsiyələrə yer ayrılır. Məsləhətlər verilir. Bununla yanaşı, teledərslər də mövcuddur. Bu baxımdan zənn edirəm ki, tədris və ya təhsil televiziyası mütləq olmalıdır”.
E.Əlibəyli onu da əlavə edib ki, məktəblilər və ya tələbələr yalnız dərslikdən deyil, televiziyadan da öyrənə bilərlər: "Hər hansı bir məsələni əyani şəkildə görsələr, bu onların yaddaşlarına daha yaxşı həkk olunacaq. Bu mənada təhsil kanalının belə formatlı verilişləri verməsi çox vacibdir. Çoxdan atılmalı addım idi. Dəstəkləyirəm. Nə yaxşı belə televiziya yaradılır”.
Ayyət Əhməd