Təhsili yarıda dayandırmaq olmaz

“Magistratura və doktorantura təhsili alanlar böyük bir ordu deyil ki, onlara möhlət verilməsin”
Əjdər Ağayev: “Magistraturanı iki yerə bölüblər. Bu, mənə çatmır”

Milli Məclisdə "Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Magistratura təhsilinin iki istiqamət üzrə aparılmasını əhəmiyyətli hesab edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, II oxunuş üçün yenidən müzakirələr zamanı həmin maddənin layihədən çıxarılmasına qərar verilib: "Bu maddə "Təhsil haqqında” qanun üçün daha əhəmiyyətlidir. Ona görə maddəni "Təhsil haqqında” qanuna əlavə və düzəlişlər kimi etmək fikrindəyik”.

Bundan başqa komitə sədri qeyd edib ki, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də "Elm haqqında” qanun layihəsindən çıxarılıb: "Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər”. Həmçinin İ.Həbibbəyli vurğulayıb ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb: "Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər”.

Komitə sədrinin açıqlamasını dəyərləndirən Azərbaycan Təhsil Şurasının sədri, təhsil üzrə ekspert Əjdər Ağayev "Şərq”ə söyləyib ki, magistratura təhsilinin iki istiqamət üzrə aparılması doğru deyil: 
"Bu, mənə çatmır. Magistraturanı iki yerə bölüblər. Elmə yönəlik magistratura və istehsalata yönəlik magistratura. Düşünürəm ki, magistraturanı yalnız ixtisaslar üzrə dərinləşdirmək olar. İstiqamətindən asılı olmayaraq əsas odur ki, magistranta təhsil verilsin. Onlara həm nəzəri, həm də təcrübi məsələlər dərindən öyrədilsin. Magistr mükəmməl təcrübə keçsin. Hazırda magistrların praktikası səthi aparılır. O iki istiqamətdənsə, magistraturanı bitirdikdən sonra elm arxasınca gedən və getməyən istehsalatda çalışmalıdırlar. Öyrəndiyi nəzəriyyələri istehsalatda tətbiq etsin. İstehsalat tətbiqindən sonra magistraturanı tam bitirmiş hesab oluna bilər. Qazandıqları uğurlarını ortaya qoyandan sonra doktoranturaya gedə bilərlər. Magistraturanın məlum iki istiqamətlər üzrə aparılmasının tərəfdarı deyiləm. Elm arxasınca gedəni və getməyəni öncədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hesab edirəm ki, insanların hüquqlarına hörmətlə yanaşılmalıdır”.

Magistr və doktorlara hərbi xidmətdən möhlət verilməsi məsələsinin layihədən çıxarılmasına diqqət çəkən ekspert bunun tərəfdarı olmadığını deyib: "Ona görə ki, əvvəla, təhsili yarıda dayandırmaq olmaz. Bu, insanın inkişafına maneə olmaq deməkdir. Magistratura və doktorantura təhsili alanlar böyük bir ordu deyil ki, onlara möhlət verilməsin. Barmaqla sayılacaq qədərdirlər. Onlara möhlət verilməlidir ki, oxuya bilsinlər. Həm də bəziləri hərbi xidmət deyəndə 20-30 il bundan öncəki hərbi hissələri göz önünə gətirir. Yəni əsgərin əlində tüfəng olmalıdır. İndi elə deyil. Əsgər texnologiyanı bilməlidir. Onlara savad lazımdır. Biz niyə savadlı adamlardan istifadə etmirik? Onlardan istedadlı və bacarıqlı zabitlər də hazırlaya bilərik. Magistr və doktorları savadlı hərbiçilərə çevirə bilərik. Bu işə baxmaq lazımdır. Müharibə şəraitində olduğumuz üçün bizə belə kadrlar lazımdır. Onun da tərəfdarıyam ki, hər bir ixtisas sahibi orduda öz ixtisasına uyğun yerdə xidmət göstərsin. Yoxsa möhlət verilməsin, onlar da getsin, gələndə də elmdən uzaq düşsün. Belə iş olar? Çox absurd düşüncədir. Müasir yanaşma deyil. Məsələyə texnoloji səviyyədə yanaşılmalıdır. Magistr və doktorlar ixtisasa yiyələndikdən sonra ən böyük gücə çevriləcəklər. Onların içərisində bəlkə elə ixtiraçılar olacaq ki, bir ixtirası ilə min əsgərin işini görəcək. İrəliyə baxmaq lazımdır. Texnologiyanın tələblərini nəzərə almaq gərəkdir. Yanaşmanı reallıqlara uyğunlaşdırmaq lazımdır. Qeyd etdiyim kimi düşünülsə, səmərə verə bilər”.

Magistrların təhsil kreditinə gəlincə, ekspert bildirib ki, bu cür güzəştlərin magistrlara şamil olunmaması düzgün yanaşmadır: "Ali məktəb magistrların təhsil haqqını öhdəsinə götürsə, həmin təhsil müəssisəsi nəylə və necə fəaliyyət göstərəcək? O, magistraturaya girəcəyini bilirsə, əvvəldən pul toplamalıdır. "Ödənişli əsaslarla magistraturaya qəbul olunmuşam, ödəniş edə bilmirəm” problemi artıq magistrın öz işidir. Qanun bu məsələyə düzgün yanaşır. Doktorların isə sayı az olduğundan müəssisə onların kredit haqqını öhdəsinə götürə bilir”.

Ə.Ağayev onu da əlavə edib ki, bütün universitetlərdə hərbi kafedraların yenidən bərpasına ehtiyac var: "Əvvəllər hərbi kafedralar vardı. Son illərdə yığışdırdılar. Amma buna böyük ehtiyac duyulur. Lazımdır ki, universitetlərimizdə hərbi kafedralar da fəaliyyət göstərsin. Tələbələrə hərbi biliklər verilsin. Kadrlar hazırlansın və həmin kadrlar leytenant rütbəsi ilə buraxılsın. Onlar orduya gedəndə də zabitlərin tərkibində olsunlar. Bunu bərpa etmək lazımdır. Ona çalışmaq lazımdır ki, ali məktəblərdə hərbi kafedralar bərpa olunsun. Bu, çox yaxşı olar”.

Ayyət Əhməd