Telekanalların sosial məsuliyyəti olmalıdır
“Surdo-tərcümələrlə bağlı öhdəlikləri kanalların üzərinə qoyuruqsa, ona maliyyə istiqamətləri də göstərilməlidir”
Son vaxtlar ölkədə Kütləvi İnformasiya Vasitələrinin (KİV) müxtəlif sferalarda inkişafını təmin etmək məqsədilə mütərəqqi addımlar atılıb. Bu tədbirlər sırasında ən çox izlənilən KİV vasitəsi olan televiziyalara dair də çoxsaylı tədbirlər yer alıb. Bir sözlə, teleməkanların yol verdiyi bir sıra nöqsanların - telejurnalistlərin dili, milli-mənəvi dəyərlərə zidd, bayağı verilişlərin bağlanması və s. kimi məsələlərin aradan qaldırılması yönündə nəzərəçarpan işlər görülür. Və həmin addımların müsbət effekt doğurduğu da göz önündədir. Buna rəğmən televiziyalarda müəyyən problemlər hələ də qalmaqdadır. Belə çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Halbuki, heç uzağa getməyək, qardaş Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan məlumatları, hətta mahnı klipləri də surdo-tərcümələrlə təqdim edilir.
(əvvəli ötən sayımızda)
Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından yığışdırılması yaxşı hal kimi dəyərləndirilmir. Əskəriyyət bunu lal-karların hüquq pozuntusu adlandırır. Maraqlıdır, görəsən, bizim telekanallar niyə surdo-tərcümələrə yer vermir?
Sualımızı cavablandıran telejurnalist Elçin Əlibəyli qeyd edib ki, hazırda AzTV və "Lider” televiziyalarında surdo-tərcümələrə rast gəlinir: "Telekanalların sosial məsuliyyəti olmalıdır. Kanalların əksəriyyəti sosial məsuliyyətin mahiyyətini anlamır. Əslində, bu da qanunla həllini tapmalıdır. Teleyayımçılar öhdəliklər götürməlidirlər. Bu öhdəliklərə surdo-tərcümələr daxil edilməlidir ki, sonradan ondan nəysə tələb etmək mümkün olsun. Qanun olmayanda, bu, teleməkanların öz vicdanına qalır. Telekanallar isə əlavə pul xərcləmək istəmirlər. Bu səbəbdən düşünürəm ki, televiziyaların sosial məsuliyyəti məsələsi gündəmə gəlib, müzakirə olunmalıdır. Sosial məsuliyyəti içərisində surdo-tərcümə də yer almalıdır”.
Ekspertin qənaətincə, surdo-tərcümələrlə bağlı öhdəlikləri kanalların üzərinə qoyuruqsa, ona maliyyə istiqamətləri də göstərilməlidir: "Çünki özəl telekanalların veriliş quruculuğunda dövlət qurumlarının iştirakı yox səviyyəsindədir. Halbuki dünya təcrübəsindən də bilirik ki, dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun təbliğat xarakterli mövzuların yayımlanması üçün özəl kanallarla işləyirlər və sifarişlər verirlər. Bütün dövlət qurumlarının reklamla bağlı xüsui büdcəsi var. Amma bizdə bu reklam büdcəsi AzTV və İTV arasında bölünür. Özəl kanallar kənarda qalır. Dövlət qurumları bu cür layihələrdə iştirak etsə, məsələ həllini tapa bilər”.
"Subtitrlar surdo-tərcümələri əvəz edə bilərmi” sualına gəlincə, həmsöhbətimiz vurğulayıb ki, bütün xəbər proqramlarında xəbərlərin altında subtitrların getməsi bir reallıqdır: "Bu da yararlıdır. Amma bunun surdo-tərcüməni nə dərəcədə əvəz edib-etmədiyini deyə bilmərəm”.
Əlillərlə bağlı təşkilatların buna dair narazılıqlarına gəlincə, E.Əlibəyli bildirib ki, indiyə qədər bu cür qurumların etiraz və bəyanatlarını müşahidə etməyib: "Gərək onlar da bir az fəal olsunlar. Öz hüquqlarını tələb etsinlər. Tələb etsələr, məsələ daha tez həllini tapar”.
Surdoloq Elman Abbasov da qeyd edib ki, hazırda lal və karların informasiya almaq baxımından çox ciddi problemləri var. Onlar demək olar ki, televiziyalarda gedən proqramlarda nədən söhbət getdiyini anlamır: "Amma son illərə qədər Azərbaycan Televiziyasında bir sıra proqramların nümayişi zamanı lal və kar auditoriyanın anlaması üçün tərcüməçilər olardı. Onlar ağız, əl hərəkətlərilə, mimika və jestlərlə aparıcının, müxbirin, müsahibin nədən danışdığını lal və karlara anladardı. Onlar da heç olmasa ölkədə gedən ictimai-siyasi proseslərdən, sosial vəziyyətdən, mədəniyyət aləmindən xəbər tutardı. Son zamanlar isə Azərbaycan televiziyasında bu tərcüməçilərin xidmətindən istifadə edilmir. Başqa televiziyalar da buna heç maraq göstərmir. Türkiyə, Rusiya və başqa ölkələrin telekanallarında son zamanlar lal və kar auditoriyanın da televiziya verilişlərinə baxmasına xüsusi diqqət yetirilir. Bir çox kanallarda tərcüməçilər işləyir, onlar lal və karları informasiya ilə təmin edir. Məlumatımıza görə, hətta bəzi xarici kanallarda onlar üçün məxsusi proqramlar var, bu proqramda lal və karlar iştirak edir”.
E.Abbasov diqqətə çatdırıb ki, bütün inkişaf etmiş cəmiyyətlərdə fiziki qüsuru olan insanların cəmiyyətə adaptasiyası istiqamətində həm dövlət qurumları, həm ictimai təşkilatlar böyük işlər görür: "Dövlətimiz lal və karların təhsil alması, cəmiyyətə inteqrasiya edilməsi və s. sahələrdə layihələr həyata keçirir. Bunun nəticələri də var. QHT-lər, ictimai təşkilatlar isə bu sahədə nəzərəçarpan işlər görmür. Sovet dövründə isə onlara informasiya almaq şəraiti yaradılırdı.
Bundan əlavə, lal və karlar üçün müxtəlif kombinatlar, fabriklər fəaliyyət göstərirdi. Onların əl əməyi nəticəsində ərsəyə gələn məhsullar nəinki Azərbaycanda, hətta bütün SSRİ məkanında satılırdı. Bu da lal və karların normal səviyyədə təminatı demək idi. Bu gün isə vəziyyət fərqlidir. Lal və karların təhsil alması üçün məktəblər var, iş yerlərinin sayı isə yetərincə deyil”.
Surdoloq bildirib ki, xəbərlər və digər verilişlərdə deyilənləri lal və kar tamaşaçılara anlatmaq üçün tərcüməçilər yoxdur: "Ümumiyyətlə, AzTV-də bu ştat ləğv olunub, o birilər isə bunu yaratmaq istəmir. Loqopedlərin sözlərinə görə, televiziyalar öz verilişlərini yalnız danışan və eşidən auditoriya üçün hesablamalı deyil, onlar fiziki cəhətdən qüsurlu olan auditoriyanı da nəzərə almalıdır. Lallar, karlar televiziyaya maraqla baxır, amma orada baş verənləri başa düşmədikləri üçün kədərlənir”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qeyd edib ki, orta statistikaya görə, ölkədə 8 min nəfərdən artıq eşitmə imkanından məhrum olan şəxs var və onların da hüquqları təmin edilməlidir: "Bundan əlavə, Azərbaycan TV-lərini ətraf dövlətlərdə yaşayan soydaşlarımız da izləyirlər. Onların arasında da eşitmə imkanlarından məhrum olanlar var. Bu rəqəmləri bir yerə toplasaq, onda Azərbaycan TV-lərinin nə qədər böyük bir auditoriyanı itirdiyini, yaxud nə qədər soydaşımızın, vətəndaşımızın informasiya almaq imkanından məhrum olduğunu düşünə bilərik. Bu şəxslər ən mühüm informasiyaları almaqdan məhrumdurlar və ya informasiyanı almaq üçün kiminsə yardımından istifadə etməli olurlar. Bütün bunlar surdo-tərcümə mövzusunun nə qədər aktual olmasından xəbər verir. Təəssüf ki, surdo-tərcümələr məsələsi dövri olaraq aktuallaşır, sonra isə yenə də gündəmdən çıxır. Səhv etmirəmsə, 2012-ci ildə Milli Teleradio Şurası bu məsələyə münasibət bildirmişdi. Qeyd etmişdilər ki, İctimai TV ilə əməkdaşlıq edib surdo-tərcüməçiliyin tətbiqi məsələsini reallaşdırmağa çalışırlar. Amma sonradan bu mövzu gündəmdən çıxdı. Düzdür, bu məsələnin tətbiqi asan deyil. Öncə işçi heyət kimi çalışacaq mütəxəssislərə ehtiyac var, bu sahədə mütəxəssis yetişdirilməlidir. TV-lər isə onların ştat məsələlərini, ödəniş, efirə vermə kimi məsələləri həll etməlidirlər. Buna zaman və maddi imkan lazımdır. Digər tərəfdən, surdo-tərcüməçi məsələsi qanunun tələbi olmadığı üçün bunu kimsədən tələb etmək də asan deyil. Mən burada özəl televiziyaları nəzərdə tuturam. Amma ən azı dövlət büdcəsindən maliyyələşən TV-lər öz imkanlarını səfərbər edib problemi aradan qaldırsalar, yaxşı olar”.
(davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb