" Teleqüllə "nin ətrafında vəziyyət nə yerdədir? - Son məlumat - Video






Bayıl yamacında teleqüllə yaxınlığındakı sürüşmə sahəsində mövcud problem hələ də qalmaqdadır. Sürüşmənin dinamikasında ciddi aktivlik müşahidə edilməsə də, ərazidə ciddi nəzarət tədbirləri görülür. Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Həmin evlərdən 67 -sinin sakinləri artıq təhlükəsiz yerlərə köçürülüb. Ərazi ilə bağlı yekun rəy isə həftə sonu bəlli olacaq.

Mayaklar yenidən quraşdırılır, torpağın dərinliyindəki suxurlardan nümunələr götürülür.
Bayıl yamacında teleqüllə yaxınlıgındakı sürüşmə sahəsində tədqiqatlar davam etdirilir.Bir neçə gündür ki, xüsusi cihazlarla aparılan hesablamalardan sonra alınan nəticələri dəqiqləşdirmək üçün yamacın dərin qatlarından suxur nümunələri götürmək üçün bu gün buruqlar qazılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, həftənin sonuna kimi sürüşmə ilə bağlı rəyin hazır olacağı gözlənilir. Hazırda isə ərazidə vəziyyət dəyişməz olaraq qalır.

Səbail Rayon İcra Hakimiyyəti Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Rayon icra hakimiyyətindən bildiriblər ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.

Bundan əlavə rayon icra hakimiyyətindən onu da bildiriblər ki, ərazidəki tikililərin torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin apardığı araşdırmalara görə isə sürüşməyə səbəb bir neçə amil ola bilər.

Hazırda isə Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb. Rayon icra hakimiyyətindən onu da bildirdilər ki, buradakı tikililərin gələcək taleyi yekun nəticədən sonra hüquqi müstəvidə həll olunacaq.