"Televiziyaya əxlaq müəllimi kimi baxmamalıyıq" - Nəmənd Rüstəmov

“Əvvəl elə bilirdim dünyada Azərbaycan tamaşaçısından tənbəl tamaşaçı tapmaq olmaz”
"Məşhur media-maqnat Rupert Merdok media sektorundan milyardlar qazanıb və bilirsinizmi onun qənaəti nədir? O deyir: tamaşaçını 3 şey maraqlandırır: seks, qalmaqal və idman"

Dünyada mövcud olan hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. 

Bu gün teleməkanın da birmənalı şəkildə missiyası mövcud olduğu cəmiyyətə informasiya çatdırmaq, maarifləndirmək, düşündürməkdən ibarətdi. Bəs bu gün Azərbaycan taleviziyaları bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ bilir? "Şərq”in budəfəki suallarına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, Azərbaycan teleməkanında kifayət qədər tanınan, bir çox telelayihələrin redaktoru, müəllif verilişlərinin rəhbəri olan Nəmənd Rüstəmov cavab verdi.

- Nəmənd müəllim, bu gün Azərbaycan teleməkanı necə görünür?

- Qısa-konkret desək, bir az yorğun, bir az tənbəl, aqressiv görünməmək naminə, "qorxaq” deməyək deyə, elə bir az yumşaldıb, bir qədər tədbirli və ehtiyatlı deyək... Eynən cəmiyyətimiz kimi - yəni əslində olduğu kimi. Amma həm də gerçəkləri inkar edə bilmərik. Teleməkanda seyrəlməkdə olan duman arasından bir tərpəniş meyilləri sezilir. Mənimçün ən diqqətçəkən məqam differensiallaşma meyillərinin sürətlənməsidir. Yəni tematik kanalların yaranma tendensiyası kifayət qədər sürətlənib. Məhz bu xüsusiyyəti ilə Azərbaycan telekanalları dünya teleməkanında baş verən proseslərə adaptasiya olunur. Universal televiziya modeli bu coğrafiyada da sanki özünü tam doğrultmur. Məsələn, çalışdığım "Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının törəmə strukturu olan "ATV Plyus” televiziya operatorunun müştərilərinə təqdim etdiyi paketdə seyrçilərimiz məmnuniyyətlə tərəfimizdən təqdim edilən "ATV Cinema” vasitəsi ilə ən populyar və reytinqli filmləri 3 dildə - Azərbaycan dili, rus və ingiliscə izləyir. Yaxud, onlara təqdim etdiyimiz, Qafqazda ilk klassik musiqi kanalı olan "ATV Vivace”də isə klassik musiqidən zövq ala bilir. Bundan başqa, ARB teleşirkətinin seyrçilərə təqdim etdiyi kanallar arasında ayrıca uşaq proqramları yayımlayan ARB "Günəş”i, günboyu xəbər verən, "ARB 24”-ü yaxud pop-musiqi yayımıyla məşğul olan ARB "Ulduz”u, yeni açılan "CBC idman”ı da nəzərə alsaq, deyə bilərik ki, "qonşudan qalma dala” prinsipi ilə telekanalların hədəf auditoriyaları konkretləşir. Burda maraqlı bir məqam da var ki, bu tendensiya tamaşaçıların sürətlə dəyişən marağı ilə yanaşı, həm də dövlət büdcəmizdən maliyyələşən AzTV-nin nəzdində yaradılmış "İdman” və "Mədəniyyət” kanallarının bu tələbatı tam ödəməməsi ilə bağlıdır. Yeni yarananlar bu tələbatı necə ödəyir məsələsi başqa sualın mövzusudur. Amma görünən budur ki, axtarışlar var, meyillər var, hərəkət var...

- Televiziya müasir tamaşaçının suallarına cavab verə bilirmi?

- Gəlin əvvəlcə bir az cığallıq edim... Əminsinizmi tamaşaçımızın sualı var və ya onlar sual verməkdə israrlıdır? Sanki çox dərin sükut varmış kimi görünür. Amma əslində belə deyil. Mənim marağım böyük olduğu üçün 1998-ci ildən televiziyalarla əməkdaşlıq edirəm. Müxtəlif vaxtlarda ABA televiziyasında, "Space”də, Lider TV-də, hətta AzTV-də də çalışmışam... Hələ tələbə vaxtımdan hər kursun sonunda təcrübə yeri təklif olunanda əsasən televiziyanı seçmişəm. Bu məkanda baş verənləri anlamağa çalışanda əvvəl elə bilirdim dünyada Azərbaycan tamaşaçısından rahat, üzüyola və tənbəl tamaşaçı tapmaq olmaz... Sanki elə görünürdü ki, nə göstərsən baxacaqlar. Amma sonra anladım ki, yanaşmam kökündən yanlışdır. Peyk vasitəsi ilə yayımlanan Türkiyə, Rusiya və başqa ölkələrin kanallarına marağın böyüklüyünü, eyni zamanda son illər yaradılan, çoxsaylı kanal seçmək imkanı verən kabel televiziyalarına olan yerli marağı görüncə, dərk etdim ki, bizim tamaşaçı nə əfəldir, nə də sakit. Sadəcə onlar dinc boykot üsulunu seçib. Biz televiziya işçiləri yaxşı - yəni onları maraqlandıran, əyləndirən, məlumatlandıran, hətta maarifləndirən teleməhsul təqdim edə bilməyincə, onlar nə küçələrə çıxıb etiraz aksiyası keçirdi, nə də bizə yalvarıb, "nə olar, bizi verilişsiz qoymayın” dedilər. Onlar daha optimal və ağıllı davrandı. Özünü əvəzolunmaz, alternativsiz kimi aparan bizləri çox asanlıqla əvəzlədi. Dilini anlaya bildikləri əcnəbi telekanallara üz tütdular. Yarısı Türkiyə, yarısı Rusiya kanallarını seçdi. Bir də ayıldıq ki, sən demə, biz elə də əvəzolunmaz deyilmişik. Bizim televiziyaçıların tez-tez xatırlatdıqları "bizə baxmağa məcbur deyilsiniz, bəyənmirsiniz, kanalı dəyişin!” tövsiyəsinə canfəşanlıqla əməl etdi bu qaradinməz auditoriya. Nəhayət, bu "xəyanət”in fəsadları reklam bazarında hiss olununca, televiziya istehsalçıları və rəhbərləri anladılar ki, bu tamaşaçı ilə zarafat və ona biganəlik məhz öz ziyanlarınadır.

Həm də unutmayaq ki, texnoloji yeniliklər, məsələn, ağıllı telefonlar, planşetlər televiziyaya münasibəti gözləndiyi kimi kökündən dəyişdi. Bu gün televiziyanın internet və mobil əlavələr kimi cazibədar rəqibləri var. Xoşuma gələn bir misal var: "ağıllı müsahib deyilməyən sözləri də eşitməlidir” ona görə də telekanallar həmişə deyilməyən sözləri, verilməyən sualları eşitməyə məhkumdur. Yox, o hədəf auditoriyasına biganə qalacaqsa, cibləri boşalacaq, nəticədə bazar onu "udacaq”, yoxa çıxaracaq...

- Televiziyanın qayəsi, missiyası əslində nədi? Bizim teleməkan nəyi təbliğ edir?

- Bilirsiniz, şəxsi qənaətim budur ki, "televiziyanın hansısa missiyası var, onun hansısa qayəsi olmalıdır” kimi yanaşmalar kökündən əfsanədir, mifdir. İzah etməyə çalışım: bir qayda var ki, bir problemi həll etmək istəyirsənsə, onun kökünə baxmalı, ordan başlamalısan. Və ya, psixoanalizə əsaslansaq, bir adamı tanımaq istəyirsənsə, onun davranışı, sözləri ilə yanaşı, əsl-nəcabətinə, ailəsinə, keçmişinə və s. baxmalısan. Televiziya bizim ölkəyə ideoloji alət kimi, SSRİ vasitəsi ilə gəlib, uzun zaman bu vəzifəni uğurla icra etsə də, unutmamalıyıq ki, əslində televiziya kapitalist Qərbin oyuncağıdır. O bizi maraqlandırıb ekran başına toplamaq, sonra da ekran vasitəsi ilə ən müxtəlif əmtəələri, bahalı maşınları, müxtəlif xidmətləri, ucuz və keyfiyyətsiz şampunları, bir sözlə, alına və satıla bilən hər şeyi tamaşaçıya sırımaq üçün yaradılıb. Kapitalizmə keçidlə "Vəhşi Qərb” dediyimiz o bədheybətin ağır nəfəsini şəxsən öz üzərimizdə duymağa başlamışıq... Yəni maska cırılıb, televiziyanın daha bir məziyyəti ortaya çıxıb. Dünənə kimi tərbiyəçi dediyimiz televiziyanın əslində elə də yüksək əxlaqi-mədəni keyfiyyətə malik olduğunu deməklə yanıldığımızı görürük. Bəlkə də "oyuncaq” deyib onu çox kiçildirik, amma yenə şəxsi və bəlkə subyektiv fikrimdir ki, əslində televiziya təkgözlü şeytandır. Biz isə onu aləmə əstəğfürullah, xilaskar kimi təqdim etməyə çalışırıq. Təbii ki, bu, kökündən yanlış yanaşma, hətta günahdır. Televiziya alətdir. Deyək ki, mikrofon, kamera və televizor triosu vasitəsi ilə bizdən pul qoparmaq üçün yaradılmış mükəmməl pulqazanma aləti, hətta tələdir. Televiziya peşəkar illüzionistdir. O nə müəllimdir, nə ata, nə də ana ki, bizə düzgün tərbiyə versin. Dində bir misal var, şeytan istəyəndə sağdan, lazım gəldikdə soldan yanaşar. Yəni birini xəbərlə, birini əyləncəylə, birini maarif pərdəsi, o birini din adıyla "ovalayar”.

- Niyə Azərbaycan tamaşaçısı Azərbaycan teleməkanını maraqla izləyə bilmir? Nə çatmır?

- Bilirsiz, bu sualın çox bəsit və göz önündə olan səbəbi var və əslində bir qədər əvvəl bu səbəbin bəzi detallarını vurğuladıq. Yəni alternativlər. Azərbaycan seyrçisini yalnız Azərbaycan telekanallarına baxmağa qoymayan, onlardan daha yaxşı məhsul təqdim edən Türkiyə, Rusiya, bir sözlə, əcnəbi televiziya oldu. Adam Acunun TV8-ində bahalı "O səs Türkiyə”, maraqlı "3 adam” və ya "Survivor”u qoyub, niyə bizim daha primitiv verilişə baxsın? Və ya adam İngiltərə Premyer liqasını qoyub niyə daha aşağı səviyyəli oyun göstərən çempionatlara baxsın ki? İnformasiyaya, xəbərə ehtiyacı olan bu tələbatını "Euronews”, CNN, BBC, Əl-Cəzirə, yaxud, Türkiyənin NTV-si, Rusiyanın Rossiya 24-ü vasitəsi ilə ödəyə bilirsə, nə üçün xəbəri bapbalaca kanallardan gözləsin ki?

XXI əsr informasiya əsri olmaqla bərabər çağırışlar, düzənlərin dəyişdiyi çağdır. Cəngəllik qanunları şiddətlə işləyir... Təəssüf ki, çox şiddətlə. Güclü yaşayır, gücsüzlər yem olur. Bu, humanist seçim deyil. Amma gerçək budur. Qloballaşma və informasiya ekspansiyası deyilən terminlərin nəticələri tədricən ortaya çıxır. Dolayısı ilə tədricən beyinlərin yuyulması kimi bir cərəyan reallaşır. Məncə, nə qədər zidiyyətli səslənsə də, bu, yetərincə planlı olduğu qədər həm də olduqca xaotik bir prosesdir.
Biz özümüz də, televiziyamız da, elə millətimiz də sağ qalmaq, assimilyasiya olunmamaq istəyiriksə, ayıq olmalı, tədbirli davranmalıyıq. Veriliş, televiziya deyib keçməyək. XXI əsrdə millətlərin müqəddəratı təkcə döyüşlərdə, yenidən başlamaqda olan "xalqların böyük köçü” ilə həll olunmayacaq, intellekt meydanında, dünya mədəniyyətinə verdiyimiz töhfələrin də bu savaşda həlledici rolu olacaq.

- Televiziyada sərbəstlik bayağılıqla əvəzlənibsə, günahkar axtarmağa dəyərmi? Ya problemin həlli mümkündü?

- Əslində bayaqdan məsələyə yetərincə qlobal yanaşıb, lokal məqamların üstündən səthi keçməyimiz səbəbsiz deyil. Bilmək istəyirsinizsə, mən yaranmış mənzərənin şərhində nə günah görürəm, nə də günahkar. 15 ildən çox bu sektorda çalışmış adam kimi ən qəribə situasiyalarla üzləşmişəm. Ən hay-küylü televiziya layihələrinin ərsəyə gəlməsində az-çox rolum olub. Məsələn, son iş yerim olan ATV-də "Ümid var” və ya "Gündəlik” layihələrinin hazırlanması zamanı ən həyati situasiya və seçimlərlə üzləşmişik. Bilirsiniz, yıxılmış insanı yerdən qaldırmaq üçün onun yanında olmaq, bəzən onun üçün əyilmək lazımdır. 

Bu asan deyil. Bəzən çox çətin və riskli seçimlərlə qarşı-qarşıya qalmalı olursan. Məsuliyyəti öz üzərinə götürüb bəzən özün "yanmalı” olursan. "Ümid var” verilişi bağlananda hamı deyirdi guya efirə qeyri-etik görüntülər verilib. Amma öz ata-anam, ailə-uşağım bu verilişə baxdığı üçün mental dəyərlərə əsaslanan biri kimi heç vaxt razı olmazdım elə görüntülərin efirə getməsinə...
Yaxud Mətanət Əliverdiyevanın "Gündəlik”də şpaqat açması o zaman az qala ölkənin gündəmini dəyişən hadisəyə çevrilmişdi. Hətta dərs dediyim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrimdən biri dərsdə "müəllim, aparıcısı efirdə şpaqat açan layihənin rəhbəri necə gəlib bizə jurnalistikanın ali dəyərlərindən danışa bilər?!” kimi olduqca ciddi bir irad da bildirmişdi mənə. Bilirsiniz, bu sualın cavabı əvvəlki sualda verilmişdi. 

Tamaşaçımızı öz ekranımızın qarşısına qaytarmaq üçün onların gördükləri, istədikləri verilişi göstərməli, hazırlamalısan. Zamandan güclü heç nə yoxdur. Amma tarixdə iz qoymaq istəyirsənsə, cəsarətli olmalısan. Uğur qazanmaq üçün mütləq risk etmək lazım gəlir. Düzdür, heç bu da hər dəfə özünü doğrultmur, amma risk etmədən zəfər də qazanılmır. Məşhur media-maqnat Rupert Merdok media sektorundan milyardlar qazanıb və bilirsinizmi onun qənaəti nədir? O deyir: tamaşaçını 3 şey maraqlandırır: seks, qalmaqal və idman. Bilmirəm təəssüflənək ya yox, amma bu tendensiya aksioma çevrilməkdədir. Dünyada uğur qazanmış bütün televiziya layihələrini diqqətlə təhlil edin və bu fikrin nə qədər doğru olduğuna əmin olacaqsız.

Razıyam ki, bizim öz milli-mənəvi dəyərlərimiz var, amma pafosla, boğazdan yuxarı vətənşüvənliklə heç nəyə nail olmaq mümkün deyil. Səmimi olmaq lazımdır. Amma təbii ki, etik meyarları və normaları aşmadan. Demokratiya prinsiplərini pozmadan. Tamaşaçı psixologiyasını nəzərə alaraq. Yenə deyirəm, biz televiziyaya əxlaq müəllimi kimi baxmamalıyıq. Televiziya həm də söz azadlığının carçısıdır.

Tahirə Məmmədqızı