Təlimlər insanlara ruh verdi

Daha əsgərimizin taleyindən narahat deyilik



Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıda çıxış edən müdafiə naziri döyüş şəraitinə maksimal uyğun, praktiki atışlarla icra olunan təlimləri təhlil edərək şəxsi heyətin döyüş hazırlığını, peşəkarlığını yüksək qiymətləndirib. Belə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyulub.

Azərbaycan Silahlı Qüvvələrində keçirilən irimiqyaslı təlimlərin əhəmiyyəti ilə bağlı danışan Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Orucun fikrincə, son zamanlar Azərbaycan Silahlı Qüvvələrində çox böyük quruculuq tədbirləri həyata keçirilməkdədir: "Milli ordunun hərbi taktiki təlimlər vasitəsilə möhkəmləndirilməsi, yenidən formalaşdırılması və real döyüş əməliyyatlarına bərabər hazırlıqlarının gücləndirilməsi təhlükəsizliyimizin ayrılmaz hissəsini təşkil edir. Nəzərə alaq ki, istənilən silah, texnika yalnız işlək halda özünü doğruldur. Ordu birləşmələri də hərbi manevrlər vasitəsilə müxtəlif vəzifələrə yiyələnirlər. Uzun müddətdir ki, birbaşa müdafiə naziri və qərargah rəisi səviyyəsində cəbhə boyu yoxlamaların keçirilməsi, hərbi hissələrdə real vəziyyətin müəyyənləşdirilməsi ermənilərə vurulan zərbənin əsasını təşkil edir. Real kəşfiyyat məlumatları olmadan belə deyə bilərik ki, Azərbaycan heç vaxt indiki kimi güclü, ermənilər də bu qədər zəif olmayıb. Ordumuzun bu uğurunda isə Zakir Həsənovun rolu birmənalıdır. Səfər Əbiyev kimi kabinet naziri deyil. Müdafiə nazirinin digər hərbi vəzifəlilərlə birlikdə cəbhə boyu səfərlər etməsi, əsgərlərlə səngərdə söhbətlər aparması sözsüz ki, ordumuzun döyüş ruhuna təsir edir. Həmçinin Ali Baş Komandanın tapşırıqlarının icrasına nəzarəti normal səviyyədə həyata keçirmək imkanı verir. Əsgərlə bir səngəri paylaşmaq, istənilən təhlükə qarşısında onunla çiyin-çiyinə dayanmaq və əsgərlə bir masa arxasında çörək kəsmək ordunun mənəvi-psixoloji durumuna da, əsgərlərdə hərbi-vətənpərvərlik hissinin güclənməsinə də daha güclü təsir göstərir. Qarşı tərəf haqqında isə bunları demək mümkünsüzdür. Ermənilər bütün parametrləri üzrə Azərbaycan ordusundan geri qalırlar”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində genişmiqyaslı hərbi təlimlərin keçirilməsi və bu təlimlərə ehtiyatda olan çağırışçıların da cəlb olunması bir çoxları tərəfindən müharibə anonsu kimi dəyərləndirilir. Amma unutmayaq ki, ən güclü ordu döyüşmədən qalib gələndir: "Azərbaycanın keçirdiyi bütün hərbi təlimlər düşmən ölkədə xof yaradır. Azərbaycan ordusunun gücünü nümayiş etdirmək və düşməni səksəkədə saxlaması baxımından keçirilən hərbi təlimləri yüksək qiymətləndirir və son dərəcə əhəmiyyətli hesab edirəm”.

Cari ildən hərbi təlimlərin daha da intensivləşməsinin əhəmiyyətinə gəldikdə isə millət vəkili bildirib ki, faktiki olaraq 2014-cü ildə bütün hərbi hissələrin dislokasiyasının, təyinatı üzrə formalaşmasının, silahlı qüvvələrin müxtəlif hərbi birləşmələrində kadr korpusunn yenilənməsi baxımdan keçid dövrü adlandırmaq olar: "Artıq Azərbaycan ordusunda mühüm baza formalaşıb. Bundan sonra qardaş Türkiyə, qonşu Gürcüstan, həmçinin Pakistan ordusunun əhəmiyyətli dəstəyi ilə Azərbaycan ordu birləşmələri daha müasir və daha qabaqcıl təlimlər həyata keçirmək üçün səfərbər olunacaqlar. Hərbi təlimlərin intensiv keçirilməsi ona görə əhəmiyyətlidir ki, təlimatlar yenilənir. Dünənə qədər milli ordumuz sovet dövründən qalma normativlər vasitəsilə idarə olunurdu. Bu günün reallığı isə tamam fərqlidir. Güman edirəm ki, 2015-ci il təkcə hərbi təlimlərlə deyil, ordu birləşmələrimizin öz mövqelərini daha da möhkəmləndirməsi baxımından da əlamətdar olacaq.

Bəzən ordumuzun savaşa hazır olub-olmadığına dair fikirlər səslənir. Məgər, ordumuz hər gün düşmən əsgərləri ilə döyüşmürmü? Ordumuzun ard-arda düşmən mövqelərinə endirdiyi zərbələr də Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərir”.

Z.Orucun sözlərinə görə, keçirilən uğurlu tədbirlər nəticəsində ordumuzun güclənməsi Azərbaycanın siyasi imkanlarını da genişləndirəcək: "Ordu ilə bağlı bizi narahat edən problemlər artıq öz həllini tapıb. İndi biz cəbhə bölgəsində xidmət edən əsgərin taleyindən nigaran deyilik. Çünki ordumuz etibarlı əllərdədir. Artıq valideynlərin əllərində "pasılka” ilə hərbi birləşmələrin qarşısında dayanma ənənəsinə son qoyulub. Çünki Azərbaycan əsgəri toxdur. Onu da deyim ki, Azərbaycan ordusunun yenidən formalaşması paralel olaraq Qarabağ cəbhəsindəki mövqelərimizi də gücləndirmiş olur. Bütün bunlar da avtomatik olaraq siyasi-diplomatik imkanlarımızın genişlənməsinə təsir edir”.

Şəymən