"Təqaüdlərin artırılması yaxşıdır, amma miqdarı yetərli deyil"





"Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, döyüşdə, dövlətimizin müdafiəsində sağlamlığını itirən şəxslərin təqaüdləri vaxtaşırı artırılır”.

Bunu "Sherg.az”a ölkə prezidentinin "Şəhid ailəsi və müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”sərəncamından danışarkən "Qarabağ” Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 

O diqqətə çatdırıb ki, artım lazımi səviyyədə deyil:

"Həmin kateqoriyada olan şəxslərin təminatı yüksək səviyyədə olmalıdır. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinət yüksək olmalıdır. Çünki həmin şəxslərin işləmək qabiliyyəti, qazanc mənbəyi yoxdur. Tam şəkildə addımlar atılmalıdır. Hər il təqaüdləri 5-10 faiz artırmaq çıxış yolu deyil. Təqaüdlərin artırılması tendensiyası müsbət addımdır, amma bu artım ciddi məbləğdə olmalıdır”.

Qeyd edək ki, sərəncamla şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq və bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 2,9 milyon manat əlavə vəsaitin ayrılması təmin olunacaq. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncam isə 20744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli Sərəncam isə 12556 şəhid ailəsinə şamil olunacaq.

Aysel Aslan