“Terror təşkilatlarının arxasında güclü dövlətlər dayanır”
Vəfa Quluzadə: “Onlar maraqlı olacaqlarsa, bu terror təşkilatları məhv ediləcək”
Bu günlərdə Fransanın "Charlie Hebdo” satirik jurnalının redaksiyasında törədilən qanlı terror dünyanı sarsıdıb. Olayın başvermə səbəbləri sözügedən orqanın Məhəmməd peyğəmbərin və İŞİD liderinin karikaturasını dərc etməsi ilə izah olunur. Buna rəğmən hadisəyə başqa don geyindirənlər də mövcuddur. İddialar yer alıb ki, Fransa bu ssenarini anti-islam hərəkatına başlamaq və müsəlman dünyasını gözdən salmaq məqsədilə hazırlayıb.
Bu baxımdan qətliamın sirr pərdəsini açmaq üçün "Xəzər” Araşdırmalar Fondunun rəhbəri, sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin münasibətini öyrəndik. O, "Şərq”ə müsahibəsində qeyd etdi ki, Fransada baş verən terror hadisəsi arzuolunmaz və dəhşətlidir: "Bunu bütün dünya anlayır. Parisdə yaşayan müsəlmanlar küçələrə çıxaraq, terror aktını pislədilər. Amma eyni zamanda terrorun başvermə səbəbinə də aydınlıq gətirmək lazımdır. Bunu heç kim müzakirə etmək istəmir. Heç kəs anlamaq istəmir ki, baş verənlərin səbəbi məsələnin əsas açarıdır. Bəzi terror hadisələrində səbəb ortaya çıxarılır. Norvçedə Breyvikin günahsız adamları qətlə yetirməsi geniş müzakirə olundu. Səbəblər ortaya çıxdı. Məlum oldu ki, bu, şəxsi terrordur. Breyvik faşizmə, terrora aid məlumatlarla yaşayıb. Hazırda Breyvik Norveçin gözəl təcridxanasında kitab oxumaqla məşğuldur. Amma İŞİD, "Əl-Qaidə”nin nəyə görə terrora əl atdığını aydınlaşdırmaq istəmirlər. Hazırda dünyanın lider ölkələri ABŞ və Avropa dövlətləridir. Terror addımları da əsasən bu dövlətlərə qarşı yönəlib. Amma bir düşünmək lazımdır. Nəyə görə terrorçular həyatlarını məhv edir və günahsız insanları qətlə yetirirlər? Qərb baş verənlərin real səbəbini bilir. Bu istiqamətdə addımlar atılmalıdır. Müsəlman dünyasının zillət içində olması baş verənlərin əsas səbəbidir. Müsəlman aləmində insan şəxsiyyəti, həyatı bir qara qəpiyə dəymir. Hətta maddi baxımdan ən çiçəklənən ölkələrdə belə durum normal deyil. Səudiyyə Ərəbistanını, Ərəb Əmirliklərini götürün. Onlar çiçəklənir və maddi cəhətdən yaxşı yaşayır. Amma mənəvi, insan azadlıqları baxımından onlar necə yaşayır? Fransızlar bəyan edir ki, onlar sona qədər öz dəyərlərini müdafiə edəcəklər. Ona görə Fransız jurnalının redaksiyasındakı çəkilən karikaturaya da müxtəlif yollarla bəraət qazandırılır”.
- Faciənin səbəbi həqiqətənmi karikatura idi?
- Bu istiqamətdə müxtəlif rəylər var. Həmin fikirlər hamısı fərziyyələrə əsaslanır. Hətta belə hesab olunur ki, terror aktını Rusiya kəşfiyyatı törədib. Çünki Rusiya Avropadakı durumu qarışdırmaq istəyir. Çeçen qardaşların ABŞ-da törətdiyi terror aktı da bir sıra suallar doğurur. Onlar ABŞ-da yaşamaq, təhsil almaq haqqı qazanmışdılar. Amma onlar dünya üzrə İraqda, Suriyada, Misirdə, Əfqanıstanda müsəlmanların başına gətirilənlərdən qəzəblənərək terror aktı törədiblər. Amma onu da nəzərə almaq lazımdır ki, nəhəng dövlətlər son zamanlar bir-birinə zərbə vurmaq üçün terror təşkilatlarından istifadə edirlər. Buna misal olaraq PKK-nı göstərmək olar. "Asala” terror təşkilatından da vaxtilə istifadə ediblər. Bu səbəbdən terror aktının əsl səbəbi və arxasında dayanan məqsədlər heç də karikatura ilə bağlı olmaya bilər. Terror aktının günahını müsəlmanın üzərinə yıxmaq hazırda asandır. Çünki belə bir addımı atmağa həm zəmin, həm də bəhanə var. Terrorun qarşısını almaq, onu azaltmaq üçün dünyada bərabərlik, azadlıq, demokratiya olmalıdır. Fransa inqilabının tezisləri uğrunda mübarizə aparılmalıdır. Fransızlar bunu özləri üçün təmin etdilər. Amma sonradan fransızlar Əlcəzairi işğal etdilər. Əlcəzairdə bir milyon insan müstəqillik uğrunda savaşda qırılandan sonra Fransa bu dövlətə müstəqillik verdi.
- Qətliam Avropadakı müsəlmanlara mənfi təsir göstərəcəkmi?
- Xeyr, təsir etməyəcək. Müsəlman dünyası ilə xristian aləmi arasında mübarizə səlib yürüşündən bəri mövcuddur. Bu, böyük tarixi bir prosesdir. Mübarizə davam edirsə, deməli, hələlik hər hansı tərəfin qələbəsindən danışmaq tezdir. Müsəlman dünyası bir vaxtlar böyük dalğa ilə inkişaf edərək, İtaliyanı, İspaniyanı nəzarəti altına aldı. Amma daha sonra səlibçilər müsəlmanları bu ərazilərdən sıxışdırdılar. Daha sonra isə Qərb dünyası çiçəklənməyə başladı. Dünyada iki milyarda yaxın müsəlman var. Müsəlmanların bu kəmiyyəti bir gün keyfiyyətə də keçə bilər. Müsəlmanların öz ölkələrində normal dolanışığı, həyat tərzi olsa, onlar heç zaman başqa ölkələrə üz tutmazlar. Müsəlmanlar Qərb ölkələrinə gələn zaman öz mədəniyyətlərini qoruyub saxlamağa çalışırlar. Qərb dövlətləri isə həmin müsəlmanların almanlaşmasını, fransızlaşmasını istəyir.
- Fransa terrorundan sonra İŞİD və "Əl-Qaidə”yə qarşı sərt addımlar atıla, yeni koalisiyalar yarana bilərmi?
- Bütün bu terror təşkilatlarının arxasında güclü xarici dövlətlər dayanıb. Onlar maraqlı olacaqlarsa, bu terror təşkilatları məhv ediləcək. Yox, belə bir niyyət olmayacaqsa, həmin təşkilatlar mövcudluğunu davam etdirəcəklər.
- Bu terror aktı Fransaya bir xəbərdarlıq ola bilərmi?
- Fransa demokratik bir dövlətdir. Hadisə nəticə çıxarmaq üçün törədilməyib. Fransa insan haqlarını dəstəkləyən dövlətdir. Orada xeyli müsəlman yaşayır və Fransa həmin müsəlmanların bu ölkədə yaşamasında maraqlıdır.
Ayyət Əhməd