Zahid Oruc:"Ümumən bu məsələni təhlükə siqnalı kimi dəyərləndirmək olmaz. Hətta bu kəndlərin adında erməni dilinin motivi varsa, bu düşmənin iddialar irəli sürməsinə imkan vermir”
"Hər hansı inzibati ərazi vahidinin adının erməni, roman-german xalqları, slavyan və s. mənşəyə malik olması ərazinin həmin millətlərə, yaxud orada yaşayan xalqlara məxsus olması demək deyil”.
Bunu "Sherg.az”a sosial şəbəkələrdə səsləndirilən Tərtər rayonun bəzi kənd adlarının dəyişdirilməsi təklifinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.
Deputat vurğulayıb ki, Rusiya kimi ölkədə, Qafqazın digər hissələrində adları türk mənşəli olan ərazilər kifayət qədərdir:
"Hətta Moskvanın özünün içərisində türk etnonimləri var. Dərhal bizim həmin ərazilərdə bayraq sancıb, onları öz torpaqlarımız elan etməyimiz, dövlət qurmağa can atmağımız hüquqi və siyasi qanunlara sığmır.
Qafqaz xalqları sovet çətiri altında yaşayıb. Burada ermənilərin, gürcülərin, rusların və digər toplumların nümayəndələri məskunlaşıb. Tarixən əhali artımı baş verdikdə, təbii şəkildə həmin xalqların dilinə məxsus ərazi adları yaranırdı. Halbuki daha böyük tarixə malik olan ərazi adları – İrəvan daxil bütün Ermənistan ərazisindəki toponimlər türk mənşəlidir. Bu dövlətin hakimiyyəti keçmişin izlərini silmək məqsədilə adların dəyişdirilməsini həyata keçirib”.
Z. Oruc düşünür ki, Tərtər rayonun Agans, Agaps, Armenavan, Godaksar, Goravena, Jraberd Kakhrylyar, Kyrmyzykena, Miqrelalay, Nerkin, Tonaşen, Yegakor və s. kənd adlarının hansı mənşəyə dayandığını müəyyən etmək çətindir:
"Qaydalara görə, ad dəyişdirilməsi bu cür olur: kənd sakinləri bir yerə toplaşır, iclaslarını çağırır və hər hansı səbəbdən kəndin adının dəyişdirilməsini təklif edirlər. Bu halda əhali təklifi sənəd halına salıb, müvafiq icra orqanlarına göndərir. İcra Hakimiyyəti məsələyə rəsmi qaydada baxdıqdan sonra, parlamentin Toponimiya Komissiyasına müraciət edir. Nəhayət regional komitə səviyyəsində müzakirə olunan təklif plenar iclasa çıxarılır. Ümumən bu məsələni təhlükə siqnalı kimi dəyərləndirmək olmaz. Hətta bu kəndlərin adında erməni dilinin motivi varsa, bu düşmənin iddialar irəli sürməsinə imkan vermir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Tərtər rayonun bəzi kənd adlarının- Agans, Agaps, Armenavan, Godaksar, Goravena, Jraberd Kakhrylyar, Kyrmyzykena, Miqrelalay, Nerkin, Tonaşen, Yegakor, Yerek-Mankunk və başqalarının dəyişdirilərək milliləşdirilməsi təklif olunur.
Aysel Aslan