Təşəkkürlər, Türkiyə!

Xocalı soyqırımının 26-cı ildönümü qardaş ölkənin gündəminə daşındı
Qardaş ölkədə soyqırımla bağlı silsilə tədbirlər keçirilib, kitablar nəşr olunub, parklar salınıb, küçə adları verilib


Dünən Ermənistanın hazırkı rəhbərliyinin də iştirakı ilə baş vermiş dəhşətli Xocalı soyqırımının 26-cı ildönümü qeyd olundu. Məlumdur ki, Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya qəbul edib. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Xocalı soyqırımının qeyd olunmasında və dünyada tanıdılmasında Azərbaycana hər zaman ən böyük dəstəyi verənlərdən biri də məhz qardaş ölkə Türkiyədir.

Türkiyənin iqtidar və müxalifət daxil bütün siyasi elitası, QHT-lər, media orqanları iki-üç gün əvvəldən etibarən Xocalı soyqırımı barədə çağırışlar etdilər, proqramlar hazırladılar. Qardaş türk toplumu Xocalını öz dərdləri bildilər. Soyqırımın 26-cı ildönümü ilə əlaqədar Türkiyənin bir çox şəhərlərində silsilə tədbirlər keçirildi. Başda cənab prezident Rəcəb Tayyib Ərdoğan olmaqla ölkənin demək olar ki, bütün rəsmiləri Xocalıda baş verənlərin əsl soyqırım olduğunu dilə gətirərək erməni vandalizmi ilə bağlı dünyaya səsləndilər. Hər zaman Azərbaycanın yanında olacaqlarını bəyan etdilər. Qardaş ölkənin səmimi təşəbbüsləri Prezident İlham Əliyev tərəfindən də yüskək qiymətləndirildi. Fevralın 26-da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana telefon edən dövlət başçımız dəstəyə görə, Ərdoğana təşəkkürlərini çatdırıb. Prezident ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə edib.

"Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidir”

Türkiyənin Baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlamasında bildirib ki, Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər. Yıldırım bildirib ki, Xocalı qətliamından 26 il keçməsinə baxmayaraq, bu qanlı faciəni törədənlər hələ də qanun qarşısında cavab verməyiblər: "Ermənistanın işğalçı siyasəti bir milyondan çox dinc insanın öz evlərini tərk etməsinə səbəb olub. Türkiyə olaraq, qardaş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını sərt bir şəkildə qınayırıq və hər zaman Azərbaycanın yanında olduğumuzu bir daha vurğulayırıq”.

"Xocalı faciəsinin bir daha təkrar olunmasına izin verməyəcəyik”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Xocalı faciəsini unutmadıqlarını bəyan edib. Nazir vurğulayıb ki, Türkiyə bu faciənin bir daha təkrar olunmasına izn verməyəcək: "Xocalıda yüzlərlə azərbaycanlı qardaşımız, soydaşımız vəhşicəsinə qətlə yetirilib. Biz bunu unutmayacağıq və unutdurmayacağıq. Ermənilər öz əməllərinə görə cavab verəcək”.

"...Bu ağrını ən səmimi hisslərimizlə bölüşürük”

Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyası da "Xocalı soyqırımı” barədə bəyanat yayıb. Komissiya bildirib ki, bəşəriyyətin adına qara bir ləkə olan bu cür təcavüzkar təşəbbüslərin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurasının, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının bu qətliama layiq olduğu qiyməti verməsi və gərəkən mövqeyi nümayiş etdirməsi lazımdır: "Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın bundan tam 26 il əvvəl "Xocalı”da qarşılaşdıqları vəhşi hücumları və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir, bu ağrını ən səmimi hisslərimizlə bölüşürük. Ermənistanın törətdiyi bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq”. "Xocalı” şahidlərinin hələ də həyatda olduğunun vurğulandığı bəyanatda, Xocalıda baş verənlərin tarixi bir hadisə deyil, müasir dövrün dəhşətli bir həqiqəti olduğu bildirilib: "Azərbaycanlı qardaşlarımızla bu haqlı davalarında həmrəy olduğumuzu ifadə etmək istəyirik. Bu yolla hadisənin günahkarlarının beynəlxalq hüquqa uyğun olaraq mühakimə edilməsi və Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarından dərhal geri çəkilməsi ilə bağlı çağırışımızı yeniləyirik”.

İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub

Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub. Açılış mərasimində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, o cümlədən, diplomatlar və deputatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, QHT və KİV təmsilçiləri iştirak ediblər. Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Daha sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Biz hər zaman Xocalı üçün ədalət istəməyə davam edəcəyik”

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da deyib ki, Xocalı faciəsinə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsində hesab verməsinin vaxtı artıq çoxdan yetişib: "Onlar indi özlərini qəhrəman kimi aparır, amma mütləq hesab verməlidirlər”. Səfir faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

"Xocalı faciəsini əsla unutdurmayacağıq”

Türkiyə Silahlı Qüvvələrinin rəsmi "Twitter” hesabında vurğulanıb ki, türk milləti heç vaxt Xocalı faciəsini unutmayacaq: "Xocalı qətliamı 20-ci əsrin ən qanlı faciələrindən biridir. 1992-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı yad edirik”.

"Azərbaycan cəmiyyəti Türkiyənin dəstəyini heç vaxt yaddan çıxarmayacaq”

Qardaş ölkənin qürurverici dəstəyi ilə bağlı "Şərq”ə danışan millət vəkili Aydın Mirzəzadə bir daha "bir millət, iki dövlət” şüarını xatırladıb. Deputatın sözlərinə görə, iki dövlət həddindən artıq biri-birinə bağlıdır:

"Qardaş ölkə istənilən məsələdə və məqamda daim Azərbaycanın yanında olduğunu dəfələrlə sübut edib. Müstəqillik illərində iki dövlət arasında münasibətlər o qədər yaxınlaşıb ki, hər iki ölkənin cəmiyyəti qarşılıqlı olaraq biri-birinin qayğıları ilə yaşayıb. Xocalı soyqırımı məsələsində də Türkiyə daim Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Türkiyə cəmiyyəti Xocalı ağrısını hər zaman bölüşüb. Türkiyə rəsmiləri vaxtaşırı münasibət bildiriblər. Qardaş ölkədə soyqırımla bağlı silsilə tədbirlər keçirilib, kitablar nəşr olunub, parklar salınıb, küçə adları verilib. Bütün bunların hamısı Türkiyənin ölkənin bizim məsələlərə olan münasibətidir. Türkiyə prezidentinin, TBMM-nin və XİN-in soyqırımla bağlı bəyanatları da türk toplumunun bizimlə həmrəylik nümayiş etdirməsidir. Prezident İlham Əliyevin həmkarı Ərdoğana zəng edərək dəstəyə görə ona təşəkkür etməsi Azərbaycanın Türkiyədən çox-çox razı qalmasının göstəricisidir. Bizim gücümüz birliyimizdə və birgə baxışlarımızdadır. Azərbaycan cəmiyyəti Türkiyənin bu cür davranışını heç vaxt yaddan çıxarmayacaq”.

İsmayıl