“Test bankı naqisdir”

“Qəbul imtahanlarından yüksək nəticə gözləmək olmaz”
Nabatəli Qulamoğlu: “Toxunulmaz” tapşırıqlar, suallar var ki, onlara toxunmağa icazə verilmir”


Mayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlandı və bununla da, necə deyərlər, dairə qapandı.

Bu mənada ki, ötən illərin məzunlarının nəyə qadirliyi üzə çıxdı.

Mayın 15-i ötənilki abituriyentlər üçün II və III qruplar, mayın 22-si isə I və IV qruplar üzrə qəbul imtahanları keçirildi. Nəticələr də əslində, gözlənildiyi kimi oldu.

II və III ixtisas qrupları üzrə 8 nəfər 600-dən yuxarı, təxminən 75 faiz isə ən aşağı göstərici - 199 bal topladı. I və Iİ ixtisas qruplarında isə hətta keçid balını da toplaya bilməyənlərin sayı daha çox - 86 faiz oldu.

Məlumdur ki, əvvəlki illərin məzunları ötən illər ərzində keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar.

Təhsil ekspertləri onsuz da bunu hər zaman proqnozlaşdırır. Lakin bəzən bu göstəricilər Təhsil Nazirliyinə "arxadan zərbə” üçün kimlərəsə fürsət vermiş olur. Qəbul imtahanlarının göstəriciləri açıqlanar-açıqlanmaz Təhsil Nazirliyinə ittihamlar yağdırılmağa başlanır. Kimsə Təhsil Nazirliyinin "əlini-üzünü yumaq” fikrində deyil. Ölkədə təhsilin durumu zatən bəllidir. Amma bir həqiqət var ki, nazirlik "hər bir şagird əlaçı olmalıdır” tezisinin həyata keçirilməsi kimi bir məqsəd qarşısına qoymayıb. Bu, heç mümkün də deyil. Bu mənada, nazirliyin reallığın gözünün içinə düz baxması, bizcə, alqışlanmalıdır. Nazirlik, məsələn, "əlaçı şagirdlərin sayının artırılması” kimi bir qayə daşıya bilər. Amma belə bir qayənin də olub-olmaması sual altındadır. Yəni, belə bir durumda qəbul imtahanlarında həm yüksək, həm də aşağı, hətta ən aşağı göstəricinin ortaya çıxmasına ümumiyyətlə, heç kim təəccüblənməməlidir. Hamı və hər kəs əla, ya da yaxşı oxuya bilməz, şagirdin zəifi də var, güclüsü də. Kərbəlayi İsmayıl demişkən, "beş barmağın beşi də bir ola bilməz”.

Və ötənilki məzunlar üçün keçirilən qəbul imtahanları bir daha təsdiq etdi ki, öz çağında orta göstəriciyə nail olmayanlardan növbəti ildə yüksək faiz gözləməyə dəyməz. Ələnən ələnib, "yağ ayrandan ayrılıb”. Yenə də fövqəladə bir hadisə baş vermədi. "2” alan yenə "2” aldı. Bəlkə

"3”lüklər azacıq irəli getdi. Hətta 600-dən yuxarı bal toplayanlar da oldu. Amma təbii ki, bunlar dəryada bir damladır.

Təhsil ekspertləri də ötən illərin məzunları üçün təşkil edilən qəbul imtahanlarının bu qədər müzakirə edilməsinin tərəfdarı deyillər. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında qeyd etdi ki, bütün məzunlar yüksək göstərici sərgiləyə bilməz və bu, mümkün deyil:

- Bir sinifdə əlaçı da olur, yaxşı, orta səviyyəli şagird də, "2” alan da. Tək-tük hallarda bir sinifdə şagirdlərin 90 faizi yaxşı oxuyan, əlaçı olar. O da xüsusi komplektləşdirilmiş siniflər olur, adətən. Amma normal halda şagirdlər arasında yaxşı oxuyanlarla yanaşı, "2” alanlar, bilik səviyyəsi çox aşağı olanlar da var. Bu, hər zaman belədir. Ona görə də ötənilki məzunların aşağı faiz göstəricilərini normal qarşılayıram. Ola bilməz ki, hamı yüksək nəticə göstərsin. Biz də yaxşıları, "qaymaqları” seçməliyik. Onsuz da bəlli idi ki, indi qəbul imtahanında iştirak edənlər ötən il müvəffəqiyyət qazanmayanlardır. Baxmayaraq ki, ötənilki məzunlar üçün tərtib olunmuş test tapşırıqları nisbətən asan, güzəştli idi. Yəqin, bu test tapşırıqları onların bilik səviyyəsi nəzərə alınmaqla tərtib edilib. Ancaq sizə deyim ki, bunun özü qanuna ziddir. Bir qisim abituriyent üçün asan, bir qisim üçünsə çətin suallar tərtib edilməməlidir. Bu, hüquq pozuntusudur. Amma TQDK buna gedir. Belə başa düşürəm ki, bunda məqsəd müsabiqə balı aşağı ixtisaslara tələbə qəbuluna nail olmaqdır. Bu da yanlış yanaşmadır. Əsas problem əmək bazarındakı bərbad vəziyyətlə bağlıdır. Abituriyent müsabiqədə iştirak balı aşağı olan ixtisaslara qəbul edilir, ali məktəbi birtəhər başa vurur, sonra da əyri yollarla özünə iş tapır. Savadlı, bilikli tələbə isə kənarda qalır. Əslində isə tələbatı əmək bazarı müəyyən etməlidir. Bizdə isə vəziyyət fərqlidir. Əmək bazarında özəl sektorun payı 90, dövlət müəssisələrinin payı isə 10 faizdir. Bir nəfər ağıllını işə götürürlər, bütün işi ona tapşırırlar, bu bir nəfərin hesabına 10-larla bisavad əmək haqqı alır, qazanc əldə edir. Əmək bazarı bilikli, savadlı kadrlara açıq olsa, onlara üstünlük verilsə, rüşvət hesabına diplom alanların yolu bağlanar. Daha ali məktəbə daxil olmağa lüzümsuz səy etməzlər. Doğrudur, bu problemin mövcud olmasında, mentalitet də rol oynayır. Məgər qaynaqçı, çilingər işləmək qəbahətdir?! Azərbaycanlı təfəkküründə hələ də diplom önəmlidir. Və bu diplomun biliyə ekvivalent olub-olmaması çoxları üçün heç bir önəm daşımır. Təki əlində diplom olsun. Çünki bəzi insanları məhz bu "diplom”a görə işə qəbul edirlər. Ali məktəbə daxil olmaq məsələnin mahiyyətini dəyişmir. Qoy qəbul olsunlar. Hətta mən bir dəfə demişdim ki, lap orta məktəb attestatı ilə də ali məktəbə qəbul keçirmək olar. Əsas problem əmək bazarını tənzimləməkdir. Ələnmə məhz əmək bazarında aparılmalıdır.

N.Qulamoğlu builki qəbul imtahanlarından da yüksək nəticə gözləmədiyini dedi:

- İndi ötənilki məzunların nəticələri açıqlanıb. Amma builki məzunların da nəticələri yüksək olmayacaq. Reallıq yüksək nəticə gözləməyə əsas vermir. Test bankı da naqisdir. Bu sahə üzrə işləmişəm deyə, bəzi nüansları bilirəm. Bunkerdə çalışan müəllim yoldaşlarım hətta mənə şikayət də ediblər ki, hansısa test tapşırıqlarını redaktə etmək istəyirik, icazə vermirlər. "Toxunulmaz” tapşırıqlar, suallar var ki, onlara toxunmağa icazə verilmir. Hər il qəbul imtahanlarından sonra test tapşırıqlarını araşdırıram. Nə qədər səhvlər ortaya çıxır. Daha çox da dilçiliklə bağlı. Test bankında əməlli-başlı təmizləmə aparmaq, səhv olanları çıxdaş etmək lazımdır. Bunun üçün də gərək böyük bir müəllim heyəti çalışsın. TQDK isə hələ ki, buna getmir.

Məlahət Rzayeva