“Texniki məsələləri saymasaq, təşəbbüs çox müsbətdir”

Azad İsazadə: “Mənim üçün qaranlıq məqam təlimlərə cəlb olunan psixoloqlar və həkim psixoterapevtlərlə bağlıdır”


Azərbaycan Silahlı Qüvvələrinin təlimlərində daha bir yeniliyin tətbiqinə başlanıb. Təlimlərə cəlb olunan şəxsi heyətin psixoloji reabilitasiyası məqsədilə Təlim Mərkəzində Psixoloji yardım və bərpa məntəqələri yaradılıb.

Məntəqələrdə psixoloqlar və həkim psixoterapevtlər fəaliyyət göstərir. Döyüş təlimləri zamanı psixoloji travma almış şəxsi heyət məntəqələrə qəbul edilir, onlara yardım göstərildikdən sonra yenidən döyüşə qaytarılır. Bununla, ikinci dəfədir Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərində Psixoloji yardım və bərpa məntəqələri qurulur. Tətbiq olunan yeni xidmət müsbət nəticələrini göstərir.

Hərbi ekspert, psixoloq Azad İsazadənin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində təlimlərə cəlb olunan şəxsi heyətin psixoloji reabilitasiyası məqsədilə təlim mərkəzində Psixoloji yardım və bərpa məntəqələrinin yaradılması təqdirəlayiq haldır: "Əslində, bu cür ideyalar çoxdan həyata keçirilməli idi. Çünki bu sahədə orduda kifayət qədər problemlər vardı. Hesab edirəm ki, bu cür yardımların reallaşdırılması həmin problemlərin həllində öz töhfəsini verəcək. Amma mənim üçün qaranlıq məqam təlimlərə cəlb olunan psixoloqlar və həkim psixoterapevtlərlə bağlıdır. Bu sahə ilə məşğul olan elmi-tədqiqat mərkəzləri varmı? Psixoloqlar və həkim psixoterapevtlər hansı meyarlar çərçivəsində orduya cəlb olunur? Çünki mülki psixologiya ilə hərbi psixologiya arasında çox böyük fərqlər var. Mülki psixoterapevtlərin cəlb olunması nə dərəcədə effekt verəcək, deyə bilmərəm. Yəni bu cür texniki məsələləri saymasaq, təşəbbüs kifayət qədər müsbətdir”.

Hərbi psixoloqlarla bağlı Azərbaycanda kifayət qədər çatışmazlıqlar olduğunu deyən A.İsazadənin sözlərinə görə, Milli Orduda, ümumiyyətlə belə ştatlar yoxdur: "Azərbaycan Silahlı Qüvvələrində rəsmi olaraq hərbi psixoloq deyə ştat vahidi yoxdur. Bu ştatlar yalnız hərbi akademiya və məktəblərdə var. Hərbi psixoloqlar olmadığı üçün təlimlərlə mülki psixoloqlardan istifadə olunduğunu güman edirəm. Yəqin ki, nazirlik psixoloji fakültələrlə əməkdaşlıq edir. Amma görülən işin müsbət effekt verməsi üçün hərbi psixoloq və psixoterapevtlərin yetişdirilməsinə çox böyük ehtiyac var”.

Şəymən