Qulu Məhərrəmli: “Yeni texnologiyalarda çatışmayan cəhət odur ki, burada tənzimləmə ilə bağlı ciddi problemlər var”
“Texnologiyanın sürətli inkişafı informasiya agentlikləri üçün ciddi problemlər yaradıb”
Elçin Şıxlı: “Məni maraqlandıran informasiyalar sosial medialarda yoxdur. Ciddi informasiya almaq istəyirəmsə, öz bildiyim mənbələrə baxıram”
Qulu Məhərrəmli: “Yeni texnologiyalarda çatışmayan cəhət odur ki, burada tənzimləmə ilə bağlı ciddi problemlər var”
Qulu Məhərrəmli: “Yeni texnologiyalarda çatışmayan cəhət odur ki, burada tənzimləmə ilə bağlı ciddi problemlər var”
"Müasir dövrdə innovasiyalı texnologiyanın sürətli inkişafı informasiya agentlikləri üçün ciddi problemlər yaradıb”. Bu sözləri mayın 23-də Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi (NACO) Şurasının növbəti iclası ilə bağlı jurnalistlərə müsahibəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib. Baş direktorun sözlərinə görə, insanlar özləri sosial medianın imkanlarından istifadə edərək daha asan, daha sürətlə xəbərləşirlər və bu da ənənəvi media qarşısında ciddi çətinliklər törədir: "Bu problemlərdən çıxış yollarının tapılması Dünya Xəbər Agentliklərinin (DXA) Bakıda keçiriləcək V Konqresinin müzakirə mövzusu olacaq”.Baş direktor onu da diqqətə çatdırıb ki, DXA-nın Bakı Konqresində əsasən informasiya sahəsində dünya mediasını düşündürən qlobal məsələlər müzakirəyə çıxarılacaq: "Bu müzakirələrin əsasını ilk növbədə sosial media ilə ənənəvi media arasındakı münasibətlər məsələsi təşkil edəcək. Konqresdə iştirak edəcək dünya mediasının görkəmli nümayəndələri qarşıda duran problemlərdən çıxış yollarını araşdıracaqlar”.
Məsələni dəyərləndirn fəaliyyəti dayandırılmış "Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı "Şərq”ə söyləyib ki, Azərbaycan mediasının problemi sosial medianın olmağında deyil. Problemimiz dərc olunan materialların məzmun və peşəkarlıq məsələsidir: "Sosial şəbəkə sadəcə olaraq yeni növ xəbər daşıyıcısıdır. Çünki istənilən qəzet, sayt və informasiya agentliyi sosial medianın özündə səhifələrini açırlar. Məsələn, "Şərq” qəzetinin öz feysbuk səhifəsi var. Başqa agentliklər və ya qəzetlər də sosial şəbəkələrdə bu cür səhifələr yaradıblar. Sosial media sadəcə olaraq daşıyıcıdır, ötürücüdür. Daha rahat, ödənişsiz, liberal və demokratik olduğu üçün insanlar ona çox üstünlük verir. Son 3 aydır ki, feysbuk istifadəçisiyəm. Bir məsələni qeyd etməliyəm ki, mənim üçün sosial media informasiya almaq baxımından bir o qədər cəlbedici deyil. Bəlkə hələ düzgün istifadə etmirəm deyə, belə düşünürəm. Amma insanlar sosial mediada ancaq biri-biri ilə xəbərləşmək, hal-əhval tutmaq və hansısa məsələ ilə bağlı bir-iki cümlə ilə öz fikrini yazmaq məqsədilə istifadə edir. Bir peşəkar jurnalist kimi deyə bilərəm ki, məni maraqlandıran informasiyalar sosial medialarda yoxdur. Sosial şəbəkələrə hal-əhval tutmaq üçün girirəm. Ciddi informasiya almaq istəyirəmsə, öz bildiyim mənbələrə baxıram”.
E.Şıxlı hesab edir ki, sosial şəbəkələr insanları qəzet alıb, oxumaq vərdişindən daşındırır: "Doğrudur, bunlar var. Müasir texnologiyalar inkişaf edir. Yeni asan platformalar meydana çıxır. Həmin platformalar bizdə hələ ki, pulsuzdur. Amma bir müddət sonra onlar pullu olacaq. Məsələn, "Nework Times” qəzetinin onlayn versiyasını oxumaq istəyən ona abunə olmalıdır. Heç olmasa, 1 dollar verməsəniz, o səhifəni açmayacaq. Səhifədə yalnız anonslar verilir. Amma yazını açıb oxumaq üçün abunə olub, pul köçürmək lazımdır. Rusiyanın populyar olan bəzi KİV-nin yazılarına baxmaq üçün abunə olmaq gərəkdir. Çünki onlar əziyyət çəkib, hazırladığı materiallardan gəlir əldə edə bilirlər. Yaxşı material verirlər, yaxşı da qazanc götürürlər. Amma bizdə insanlar sosial şəbəkələrə onun pulsuzluğu və çox asanlıqla əldə etmək mümkün olduğuna görə müraciət edir. Düşünürəm ki, əsas məqsədimiz peşəkarcasına xəbər vermək olmalıdır. Sadəcə indi xəbərin ötürülməsi platforması dəyişib”.
Müsahibimiz diqqətə çatdırıb ki, xəbər dünyada ən qiymətli əmtəədir: "Xəbəri boş-boşuna ötürmək olmaz. O işi görənlər, yəni məlumatı axtarıb tapanlar, onu yazıb, hazırlayanlar öz zəhmətlərinin müqabilində bütün peşə nümayəndələri kimi məvacib almalıdırlar. O məvacibi əldə etmək üçün media strukturlarından biznes kimi istifadə olunmalıdır. Əks halda, kiminsə əlinə baxacaqsan və sənə pul verən adam da öz istəyini yeritməyə çalışacaq. Bu da çox hallarda jurnalistika prinsiplərinə uyğun gəlmir. Problemlər də bundan irəli gəlir”.
E.Şıxlı onu da əlavə edib ki, media doğru-dürüst və peşəkarcasına informasiya vermək lazımdır: "İnsanlar sosial mediaya ona görə müraciət edirlər ki, onlar həyatda üzləşdikləri problemləri qəzetlərdə və saytlarda görə bilmirlər. Daha doğrusu, vətəndaş küçədə gördüyü ilə qəzetdə yazılan arasında xeyli fərqin olduğunu müşahidə edir. Biz də vətəndaşın gördüyü ilə yazdığımız arasındakı fərqi ortadan qaldırmalıyıq. Bu baş verməyincə, vəziyyət dəyişməyəcək”.
Tanınmış telejurnalist, BDU-nun professoru Qulu Məhərrəmlinin qənaətincə, bu gün bu sahədə və yöndə çox fərqli bir proses gedir, yəni informasiya texnologiyaları meydana çıxdıqca, yenilər köhnələri sıxışdırır: "Çünki yeni maraqlıdır, yeninin üstün imkanları var, yeni daha çatımlıdır və sairə. Amma bununla yanaşı, bir vaxtlar televiziya çıxanda deyirdilər ki, kinoteatrı məhv edəcək. Vaxtilə hətta, fransız sosioloqu Jan Kokto bununla bağlı çox böyük bir araşdırma aparıb. Bəs, nəticə nə olub? Nəticə o olub ki, hər iki blok bir müddət paralel inkişaf edir, amma yeni şəbəkələr, yeni texnologiyaya əsaslanan sistem daha sıçrayışlıdır. Məsələn, indiki halda biz internetin sayəsində çox böyük geniş informasiya resurslarına yiyələnirik. Yeni yaranan şəbəkə bizim üçün həm tezis sistemidir, həm məlumat qaynağıdır, həm də müəyyən dərəcədə saxlanc, anbar rolunu oynayır. Yəni, biz bu imkanlardan bəhrələnə bilirik”.
Eyni zamanda Q.Məhərrəmli qeyd edib ki, iqtisadi cəhətdən yeni texnologiyalar daha uyğundur: "Amma yeni texnologiyalarda çatışmayan cəhəti odur ki, burada tənzimləmə ilə bağlı ciddi problemlər var və bu problemlər olduğuna görə, ənənəvi medianın qaydaları heç də həmişə yeni mediaya, yeni sistemə tətbiq olunmur. Bu isə öz növbəsində internet üçün böyük bir qorxu, təhlükə, inamsızlıq yaradır. Ona görə insanlar psixoloji olaraq yeni mediadan daha çox ənənəvi mediaya meyillənirlər. Düzdür, ənənəvi medianın özünün də içərisində parçalanma var. Belə demək mümkünsə, onun peşəkar, keyfiyyətli tərəfi də, həmçinin keyfiyyətsiz və dəyərlərə çox önəm verməyən tərəfi də - nə bilim, tablo qəzetlərdir, sarı mətbuatdır və sairə - var. Ona görə bu gün nə qədər ki, hamının internetə bağlı kompyuteri, hamının internetə çıxışı yoxdur, hələlik bir müddət bu, bərabər səviyyəli rəqabət gedəcək. Amma təbii ki, dünyanın məntiqi də, texnologiyanın məntiqi də odur ki, gələcək yeni texnologiyanındır”.
Ekspertin fikrincə, yaxşı qəzet, yaxşı çap orqanı odur ki, o, həm oxucunun, auditoriyanın marağını nəzərə ala, həm də özünün prinsiplərini gerçəkləşdirə bilir: "Avropanın ən böyük sosioloqu sayılan Habermasın fikrinə görə, yeni texnologiyaların meydana gəlməsi və vətəndaşlıq jurnalistikasının artması ilə yeni qorxulu tendensiyalar yaranır. Ənənəvi jurnalistika ilə internet jurnalistikanın təməl prinsipləri qarışdırır ki, bunun da sayəsində, ümumiyyətlə, o təməl prinsiplərin təsdiqi situativ yanaşma meydana çıxarır, yəni bu, burada olar, ya olmaz. Bunu o, çox pis əlamət hesab edir. Onun fikrincə, klassik media, ənənəvi media özünün mövqelərindən çəkilə bilər. Amma bununla yanaşı, məsələn, on il bundan əvvəl bütün dünyada sorğu aparıldı, keyfiyyətli və keyfiyyətsiz deyilən mətbuat orqanları müəyyənləşdirildi. Dünyanın on keyfiyyətli mətbuat orqanı müəyyənləşdirildi ki, "Vaşinqton post”, "Nyu-York Tayms”, "Guardian”, BBC kimi KİV orqanları da məhz bura aiddir. Yəni, bunlar o strukturlardır, o qurumlardır ki, auditoriyanın, cəmiyyətin maraqlarını güdüb, hakimiyyət üzərindən ictimai nəzarəti gerçəkləşdirib öz səhifələrində, ekranında, efirində ictimai forum yaradaraq, müxtəlif fikirləri əks etdirən diskussiyaları təşkil edə bilir”.
Tanınmış telejurnalist onu da əlavə edib ki, yeni medianın, o cümlədən telekanalların ənənəvi medianı tamamilə sıradan çıxaracağını düşünmür: "Baxın, qəzetlər həm özlərinin elektron səhifələrini saxlayırlar, həm də onlayn tərzində işləyirlər, məlumatları tez-tez təzələyirlər. Amma eyni zamanda, özlərinin çap variantını, yazılı variantını inkişaf etdirirlər, yeni rubrikalar açırlar, yeni fikir tapırlar, yeni dizayn tapırlar və sairə. Bu, o deməkdir ki, biz gerçəkliyi müxtəlif formalarda ifadə edə bilirik”.
(davamı var)
Ayyət Əhməd