Tikinti “bum”u əvvəl-axır partlamalı idi

Ekspertlər tikinti sektorundakı süstlüyün işsizlik ordusu yaratdığını deyir



Azərbaycanda tikinti bumu səngiyib. Son aylar daşınmaz əmlak bazarındakı durğunluq paralel olaraq tikinti sektoruna da öz təsirini göstərib. Bir zamanlar irimiqyaslı tikinti layihələri ilə "göz oxşayan” Bakıda indi demək olar ki, barmaqla sayılacaq qədər ərazidə tikinti aparılır.

"MBA Consaltinq” şirkətinin direktoru Nüsrət İbrahimovun sözlərinə görə, ötən ildən başlayan azalmalar, iş yerlərinin bağlanması, əmək haqqındakı gecikmələr və s. əhalinin gəlirlərinin azalmasına və ehtimal indeksinin pisləşməsinə əsas səbəblərdəndir: "Bu isə mənzil bazarında satışın həcmini azaldır və maliyyə dayanıqlığı olmayan tikinti obyektlərinin dondurulmasına səbəb olur. Azərbaycanın mənzil bazarı Rusiya bazarı və neft qiymətləri ilə düz- mütənasib olduğundan nəticə göz qabağındadır”.

Tikinti sektorundakı durğunluğun ən azı 3-5 il çəkəcəyini deyən ekspert hesab edir ki, Azərbaycanda son illər formalaşan tikintinin maya dəyəri region ölkələrdəki tikintinin maya dəyərini üstələyir: "Təbii ki, tikintinin həcmi də maya dəyəri və potensial alıcıların ödəmə qabiliyyəti ilə əlaqəlidir. Əgər bunlar uyğunlaşmazlarsa, bazarın balansı pozulur. Yaxın illərdə əhalinin gəlirlərində sıçrayışlı artım gözlənilmir. Tikintidə satış qiymətləri, kredit şərtləri və potensial müştərilərin ödəmə imkanları tamam fərqli göstəricilərə malikdirlər. Bu fərq aradan qalxana qədər bazarda sükut qaçılmazdır. Yəni, bir tərəfdən tikintidə maya dəyəri aşağı düşməlidir, digər tərəfdən isə kredit şərtləri mövcud ödəmə imkanlarına uyğunlaşdırılmalıdır.

Əsas əhalidə gəlirlərinin artacağına davamlı inam olmalıdır. Bu halda tikintidə də canlanma olacaq. Digər tərəfdən bazar sistemli yanaşmanı sevir, bazara atılan əlavə vəsait müvəqqəti xarakter daşıyır və qısa müddətdən sonra tikinti yenidən dayanır”.

Tikinti materialları bazarındakı qiymətlərə də toxunan N.İbrahimov hazırda qiymətlərdə azalma olduğunu deyir: "Son aylarda tikinti materialları bazarında aktivlik xeyli azalıb. Bütün tikinti materiallarında, xüsusən də taxta, dəmir və daş materiallarının qiymətlərində azalmalar var. Ən pis odur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarın tutumu azalıb və bu tendensiya bu gün də davam edir”.

Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, Azərbaycanda özünü göstərən tikinti "bum”u axır-əvvəl partlamalı idi: "Bu partlayışın nəticəsidir ki, tikinti sahəsində vəziyyət xeyli gərginləşib və inkişafda enmə müşahidə olunur. Təbii ki, bunun da müxtəlif səbəbləri var. Azərbaycanın tikinti sektorunda böhran yaranmasının əsas səbəbləri qlobal krizis, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyaya uğraması və əhalinin gəlirlərinin aşağı düşməsi ilə bağlıdır. Təbii ki, son nəticədə bu problemlərin hamısı bir-birilə bağlı olduğu üçün əhalinin mənzilə olan tələbatı azalır, dövlət sifarişli tikintilər, böyük infrastruktur layihələrinin həcmi məhdudlaşır və iş yerləri getdikcə azalmağa başlayır”.

Tikinti sektorundakı vəziyyətin rəsmi statistikada yer almadığını vurğulayan S.Məmmədov deyib ki, bunun səbəbi əsas itkinin qeyri-formal əmək bazarında müşahidə olunması ilə bağlıdır: "Əmək bazarını tərk eləyən işçi kütləsinin əmək müqavilələri yoxdur. Bu səbəbdən də rəsmi statistikada iş yerlərinin azalması ilə bağlı böyük göstəricilər yoxdur”.

Liqa rəhbərinin sözlərinə görə, tikinti sektorunda yaranmış böhranlı vəziyyətlə bağlı işsizlər ordusunun qarşısını almağın yeganə yolu dövlət tərəfindən daimi iş yerlərinin açılmasıdır: "Hökumət mümkün qədər zavod, fabriklər açmalı, kənd təsərrüfatının inkişafına nail olmalıdır. Çünki neft dəyərdən düşdükcə, bu sahədə böhranlı vəziyyətin davam edəcəyi gözləniləndir.

Həm də ki, tikinti sahəsi, investisiya layihələri, əlavə körpülərin salınması, stadionların tikilməsi müvəqqəti xarakterlidir. İnfrastruktur layihəsi başa çatdıqdan sonra bu sahəyə ehtiyac qalmır. Amma zavod, fabrik, aqrar sektor kimi iş yerləri daimi xarakterlidir. Həmçinin də, əsas diqqəti təhsil və ixtisaslı fəhlə peşələrinin artırılmasına yönəltmək lazımdır. Bir sözlə, strateji hədəf olmalıdır”.

S.Məmmədovun sözlərinə görə, yenidən dünya bazarında neftin qiyməti bahalaşsa və Azərbaycanın gəlirləri artsa belə, ölkədə növbəti tikinti "bum”u gözlənilən deyil: "Ölkə prezidentinin də qeyd etdiyi kimi, Azərbaycanda artıq bir sıra infrastruktur layihələri başa çatıb. Dövlətin pulu çox olsa belə, artıq elə layihələr var ki, onların davam etməsinə ehtiyac yoxdur. Ölkədə tikintinin inkişafı "Bakı- 2015” ilk Avropa Oyunlarına hazırlıq mərhələsində pik həddə çatmışdı. İndi isə artıq yüksək standartlara cavab verən stadionlarımız, idman qurğularımız var deyə, bu sahəyə yeni layihələrin ayrılmasına ehtiyac yoxdur. Həmçinin də yaşayış binalarına tələbat aşağı düşdükcə, tikinti şirkətlərinin pulu olsa belə, hündürmərtəbəli binaların tikintisində maraqlı olmayacaqlar. Doğrudur, dünya bazarında neftin qiyməti qalxsa, bu, müəyyən mənada tikinti sektorunda canlanma yaradacaq, amma bu, davamlı olmayacaq. Tələbat azaldıqca, tikinti də azalacaq”.

Şəymən