Tofiq Abbasov: “Nəzər Nöqtəsi”ndə bəzi dəyişikliklər edəcəyik”

“Danışıqlarımız olub”




Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri, tanınmış telejurnalist Tofiq Abbasovu bundan sonra ANS-də görəcəyik. O, növbəti həftədən ANS-də yayımlanan "Nəzər Nöqtəsi” verilişinin yeni aparıcısı olacaq. Bu barədə sözügedən teleşirkətin rəhbərliyi tərəfindən T.Abbasova təklif gəlib və razılıq əldə olunub.

T.Abbasov BBMM-dəki vəzifəsini saxlamaqla yanaşı, həm də ANS-in ən uğurlu layihələrindən birində müəllif-aparıcı kimi çalışacaq. Məlumat üçün bildirək ki, T.Abbasov Azərbaycan televiziyasının tanınmış simalarından biridir. O, uzun müddət AzTV-də, "Lider” kanalında analitik verilişlərin layihə rəhbəri və aparıcısı olub. Eyni zamanda siyasi icmalçı kimi də fəaliyyət göstərir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl "Nəzər Nöqtəsi” verilişinin keçmiş aparıcısı İlhamiyyə Rza ANS-dən ayrıldığını açıqlayıb.

Yeni işində edəcəyi müsbət dəyişikliklərlə bağlı "Şərq”ə danışan T.Abbasov qeyd edib ki, indi televiziya mövsümü baxımından hələ aktiv vaxt deyil. Çünki üzü yaya gedirik: "Danışıqlarımız olub. ANS böyük şirkətdir. Bu şirkətin xeyli sayda uğurlu və baxımlı layihələri olub. Yenə də var. Hesab edirəm ki, "Nəzər Nöqtəsi” çox baxımlı, izlənilən və gözlənilən layihədir. Bu baxımdan layihədə bəzi dəyişikliklər etmək fikrindəyik. Amma onu da deyim ki, mövcud formatın özü kifayət qədər cəlbedici və diqqət çəkəndir. Hələlik baxaq. Başlayaq. Hələlik kordinal dəyişikliklər edilməsi məqsədəuyğun deyil. Sağlıq olsun, əməkdaşlığımız uğurlu olarsa, ciddi yeniliklərə çalışacam. Ola bilsin ki, yeni mövsümdə dəyişikliklər etdik. Verilişə yeni elementlər, yeni formatlar də gətirdik. Bu, yaxın perspektivin işidir”.

T.Abbasov diqqətə çatdırıb ki, jurnalist jurnalistikadan soyumayıbsa, özünü peşəsində kifayət qədər aktiv hiss edirsə, demək o, həmişə həmin peşədə olur: "Mən jurnalistəm. Sayt, qəzet və hərdənbir də telelayihələrdə iştirak edirəm. Dəvət edirlər, cəlb olunuram. Jurnalistika ilə əlaqəmi heç zaman kəsməmişəm. ANS-in mənə verdiyi təklif də ürəyimcədir”.

T.Abbasov verilişin əvvəlki aparıcısı İlhamiyyə Rzanın da fəaliyyətinə toxunub: "İ.Rza da peşəkar jurnalistdir. Elə olur ki, müəyyən vaxt ötdükdən sonra görürsən ki, kimsə özünü darısqallıqda hiss edir. Və daha geniş formata keçmək istəyir. Bu artıq başqa söhbətdir. Ancaq düşünürəm ki, "Nəzər Nöqtəsi”ndə iştirak edən insanların hamısının kifayət qədər uğurlu xidmətləri, çıxışları olub. İndi biz də bir dənə belə olsun daşı o divarın üzərinə qoya biləcəyiksə, özümüzü missiyamızın öhdəsindən gəlmiş saya bilərik”.

Həmişə siyasi jurnalistika ilə maraqlandığını deyən T.Abbasov bildirib ki, siyasətşünaslıq həmişə diqqətində olub: "Çox maraqlı proseslər gedir. Azərbaycan çox böyük geosiyasi oyunlarda mövcuddur və bu böyük oyunlarda iştirak edir. Öz maraqlarını qoruya bilir. Digər tərəfdən, qonşu ölkələr, region, Avrasiya məkanı və qlobal siyasət var. Bunların hamısı maraqlarımıza toxunur. Odur ki, bu proseslərin izlənilməsi və təhlili, gedişatla bağlı proqnozların verilməsi bizə çox lazımlıdır. Gərək bir qədər fəal mövqedə olaq”.

Həmkarımız onu da əlavə edib ki, verilişə dəvət olunan qonaqların hansı siyasi düşərgəyə aid olması əsas deyil: "Əsas məqsədimiz odur ki, müzakirə olunan mövzunun görünməyən tərəfləri açıqlansın. İnsanlara təhlil vermək lazımdır. İnsanlar analiz edə bilmədiklərini, görə bilmədiklərini verilişdə görsünlər və həmin məsələlərə dair anlayışlarını artırsınlar”.

Ayyət Əhməd