Tomris Azəri Diaspora Komitəsindən narazıdır

59 il ABŞ-da Azərbaycanın bayrağını qoruyan Cəmiyyətin sədri qurultaya çağırılmayıbEsmira Xəlilova: “Qurultay nümayəndələrinin siyahısı diaspor təşkilatları və diplomatik nümayəndəliklərlə məsləhətləşmələr aparıldıqdan sonra müəyyən edilir”
Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi Dünya Azərbaycanlılarının IV Qurultayına çağrılmaması ilə bağlı narazılığını ifadə edib. O bildirib ki, ötən illər ərzində keçirilən qurultayların heç bir nəticəsi olmayıb:
"Amerika Azərbaycanlıları Cəmiyyəti dünyada ilk qurulan cəmiyyətdir, 59 il ABŞ-da Azərbaycan bayrağını uca tutub. Bizi qurultaya çağırmasalar nə olacaq ki. Eks-prezident Heydər Əliyev ilk Qurultayda məni Dünya Azərbaycanlılarının əlaqələndirmə şurasına vitse-prezident seçib. Prezident İlham Əliyev isə mənə şöhrət ordeni verib. Ümumiyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsinin nə etdiyi bəlli deyil”. Xatırladaq ki, iyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edəcək. Tomris Azərinin ittihamı ilə bağlı "Şərq”ə açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova deyib ki, qurultay nümayəndələrinin siyahısı diaspor təşkilatları və diplomatik nümayəndəliklərlə məsləhətləşmələr aparıldıqdan sonra müəyyən edilir: "Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporasında zaman keçdikcə yeni simalar, fəallar, informasiya texnologiyalarının imkanlarından uğurla istifadə edə bilən yaradıcı, intellektual ziyalılar önə çıxmağa başlayır. Bu baxımdan qurultay nümayəndələrinin siyahısı hazırlanarkən Azərbaycan həqiqətlərinin təbliğində xüsusi fəallıq göstərən, vətənpərvər azərbaycanlılara önəm verilir. Həmçinin, nümayəndələrin siyahısı əsasən diaspor təşkilatlarının təklifləri və Azərbaycanın diplomatik nümayəndəlikləri ilə məsləhətləşmələr əsasında müəyyənləşdirilir. Məlumdur ki, xarici ölkələrdə milyonlarla azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti vətənpərvər insanlardır, amma həqiqət budur ki, hər kəsin qurultayda iştirakı fiziki baxımdan mümkün deyil”.
İsmayıl